Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:11

Türkiyədə vəkillərin həbsi; Homo sapiens-in təzə qohumu – Qərb mediası


Türkiyədə məhkəmə
Türkiyədə məhkəmə

Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra terrorçuluq ittihamıyla minlərlə adam həbs olunub. Onların sırasında jurnalistlər, insan haqları fəalları, müxalifətçilər var. Vəkillər bu şəxslərin hüquqlarının müdafiəsində vacib rol oynayıb, amma… onlar özləri həbs dalğasından kənarda qalmayıb.

“Human Rights Watch” insan haqları təşkilatının son hesabatında vəkillərə açılmış cinayət işləri təhlil olunur. Qurum bildirir ki, hakimiyyət vəkillərin peşəkar borc olaraq üzərinə götürdüyü işlərlə bağlı onların özünü ittiham edir, müştərilərinin iddia olunan cinayətləri heç bir dəlil olmadan vəkillərlə əlaqələndirir. Bu cinayət təqiblərindən bəzilərinin vəkillərin polis özbaşınalığını, insan haqları pozuntularını sənədləşdirdiklərinə görə onlardan qisas almaq niyyəti güddüyü bildirilir. Hesabatda belə bir nəticəyə gəlinir ki, hakimiyyətin vəkilləri hədəfə alması Türkiyədə ədalətli məhkəmə hüququnun vacib qarantını zərbə altında qoyub.

Türkiyədə hazırda terrorçuluq ittihamları ilə mühakimə olunanların çoxu hökumətin “Fetullahçı Terror Təşkilatı” (FETÖ) adlandırdığı quruma üzvlükdə ittiham olunur. Hakimiyyət ABŞ-da yaşayan vaiz Fethullah Güleni həmin çevriliş cəhdinin arxasında durmaqda suçlayır.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan
Türkiyə Prezidenti Recep Tayyip Erdogan

Təqsirləndirilənlərin ikinci qrupu isə silahlı Kürdüstan İşçi Partiyasının (PKK) üzvləri hesab olunur. Daha bir qrupa qadağan olunmuş solçu partiyalara, ekstremist İslam Dövləti (İŞİD) qruplaşmasına üzvlük ittihamları irəli sürülüb.

“Terrorçuluq ittihamıyla saxlanan vəkillərin çoxu FETÖ üzvlüyündə, nisbətən azı PKK üzvlüyündə, yaxud qadağan olunmuş solçu qruplara üzvlükdə suçlanır. PKK üzvlüyü, yaxud solçu qruplarla əlaqələrdə suçlananlara qarşı çox vaxt onların mediaya verdikləri bəyanatlar, mətbuat konfransları, yaxud nümayişlərdə iştirakı əsas gətirilir. Həbsə atılan Vəkillər Təşəbbüsü adlı vətəndaş qrupu bu ilin aprelində bildirib ki, 1546 vəkil cinayət təqibinə məruz qalıb, onlardan 274-ü ilkin instansiya məhkəməsi tərəfindən terror təşkilatına üzvlükdə təqsirli bilinib, 598 nəfəri müxtəlif müddətlərdə həbsdə saxlanıb”, – hesabatda vurğulanır.

Qırmızı Xaç Venesuela həbsxanalarına girir

Beynəlxalq Qırmızı Xaç Komitəsi Venesuelanın həbsxanalarına çıxış əldə edib. Qurum təmsilçiləri siyasi məhbus hesab olunan onlarla dustağın saxlandığı hərbi həbsxanalara da girə biləcək. Bu haqda “The Associated Press” yazır.

Nicolas Maduro
Nicolas Maduro

Qurum Prezidenti Peter Maurer bu həftə Venesuelanın hakimiyyətini saxlamağa çalışan prezidenti Nicolas Maduro ilə görüşüb.

Tənqidçilərin fikrincə, Maduronun sosialist hökumətilə koordinasiya olunan bu həbsxana ziyarətləri əslində, bu hökuməti legitimləşdirir. Həm də ABŞ və müttəfiqlərinin onun istefasına çağırdığı bir məqamda.

Ancaq başqa bir qrup hesab edir ki, bu səfərlər konfidensial saxlanmasına baxmayaraq, hökuməti az da olsa, monitorinqə məruz qoymuş olur. Üstəgəl, ölkədəki humanitar böhranı da daha yaxından izləmək mümkün olacaq. Böhranın Birləşmiş Ştatların maliyyə sanksiyalarından dolayı daha da pisləşəcəyi gözlənir.

Qırmızı Xaç təmsilçiləri 100-dən artıq ölkədə həbsxanalara hər il baş çəkirlər. Ancaq azından 2012-ci ildən bəri Venesuelada bunu edə bilməyiblər.

Venesuelada həbsxana ziyarətləri martın 11-dən başlanıb. Qırmızı Xaç təmsilçiləri Karakasda nümunəvi bir həbsxanaya baş çəkiblər. Həmin həbsxanada 87 əcnəbinin saxlandığı bildirilir.

Homo sapiens-in təzə qohumu tapılıb

Filippində müasir insanın qohumu sayılacaq məxluqa məxsus sümüklər və dişlər tapılıb. Həmin məxluqun insan növü Afrikadan dünyaya yayıldığı dönəmdə yaşadığı güman edilir.

Arxiv fotosu
Arxiv fotosu

Homo sapiens insan təkamülüünün bu günə salamat çıxmış yeganə növüdür. Ancaq bu tapıntılar onun vaxtilə qohum-əqrəbasının çox olduğunu göstərir.

Bu həm də bizim Asiyada insanın təkamülünə dair anlayışımızı “daha da mürəkkəbləşdirir, eyni zamanda daha maraqlı edir”, – Ontariodakı Lakehead Universitetindən Matthew Tocheri “The Associated Press” agentliyinə deyib.

Dünən – aprelin 10-da “Nature” jurnalında alimlər yazırlar ki, yeddi diş, ayaq, əl və buda məxsus altı sümük azı üç fərdə aiddir. Onlar 2007, 2011 və 2015-ci illərdə Filippinin şimalında, Luzon adasında aşkarlanıblar.

İki nümunə üzərindəki sınaqlar bu sümüklərin 50 min, 67 min il yaşı olduğunu göstərir.

Müasir insan növünün əcdadlarının Afrikadan köçü 60 min il əvvələ təsadüf edir.

Sümükləri təhlil edən alimlər belə bir nəticəyə gəliblər ki, onlar bizim “Homo” novümüzün əvvəl bəlli olmayan üzvünə aiddir. Tədqiqatçıların bildirməsinə görə, əl barmağı sümüklərindən biri, ümumilikdə dişlərin ölçüsü və forması Homo ailəsindən fərqlənir. Onlar bu məxluqa Homo luzonensis adı veriblər.

XS
SM
MD
LG