Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Cahangir Hacıyevin məhkəməsində görmək istədiyi məmurlar: S.Şərifov, E.Rüstəmov...


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev məhkəmədə bir sıra yüksəkvəzifəli şəxslərin dindirilməsini istəyir. Onların arasında maliyyə naziri Samir Şərifov, onun müavini Azər Bayramov, Mərkəzi Bankın sədri Elman Rüstəmov da var. C.Hacıyevin vəkili mayın 13-də onların məhkəməyə çağrılıb ifadəsinin alınması üçün vəsatət qaldırıb.

Vəkil Fəxrəddin Mehdiyev deyir ki, Beynəlxalq Bankda İdarə Heyətinin üzvlərini vəzifəyə təyin etmək və ya azad etmək Səhmdarların Ümumi Yığıncağının səlahiyyətində olan məsələ idi. Bankın illik hesabatlarını da Yığıncaq təsdiqləyirdi. Səhmdarların Ümumi Yığıncağının rəhbəri isə maliyyə naziri Samir Şərifov olub: «Ümumi Yığıncağın razılığıyla Cahangir Hacıyev dörd dəfə bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub».

Müdafiəçi bildirib ki, prezidentin Beynəlxalq Bankla bağlı sağlamlaşdırma tədbirlərinə dair sərəncamında Maliyyə Nazirliyinə də konkret tapşırıqlar verilib, amma onlara əməl olunmayıb: «Əməl olunsaydı, vəziyyət bu yerə gəlib çatmazdı. Beynəlxalq Bank işinin ədalətli araşdırılması üçün maliyyə naziri Samir Şərifovun dindirilməsi vacibdir».

S.Şərifovun müavini A.Bayramovun dindirilməsinə gəlincə, vəkil deyir ki, Beynəlxalq Bankın Müşahidə Şurasına maliyyə nazirinin müavini rəhbərlik edib: «Beynəlxalq Bankın idarə olunmasında bu şəxslərin birbaşa iştirakı olub. İdarə Heyətinə Müşahidə Şurası nəzarət edib. Əgər onlar dindirilməsə, deməli, məhkəmə istintaqı yarımçıq aparılıb».

«Bunlar olmadan siz necə qərar verəcəksiniz?»

Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində adı hallanan əsas fiqurlardan biri də hazırda Lüksemburqda yaşayan Xaqani Bəşirovdur. Beynəlxalq Bank işi üzrə məhkəmədə dindirilənlər də tez-tez onun adını çəkirlər. O, həm də C.Hacıyevə yaxın şəxslərdən biri sayılır.

Beynəlxalq Bankdan çıxarılmış vəsaitlərin bir hissəsi X.Bəşirovun direktor olduğu, Panamada qeydiyyata alınmış «OceanStream Inc.» ofşor şirkətinə köçürülüb. X.Bəşirov həm də Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining PLC» şirkətinin səhmdarlarından biridir.

«Beynəlxalq Bankın xarici layihələrə ayırdığı kreditlərə Xaqani Bəşirov nəzarət edib. Şahidlər də onun adını çəkir. Lüksemburqda ünvanı da bəllidir. Xahiş edirik, onun çağrılıb dindirilməsi üçün bu ölkənin ədliyyə orqanlarına müraciət olunsun», – vəkilin daha bir vəsatəti belə olub.

Müdafiəçi həmçinin, sorğu göndərilib Beynəlxalq Bankın 2014, 2015 və 2016-cı il üzrə illik hesabatlarının alınması barədə vəsatət qaldırıb.

C.Hacıyev özü də vəkilinin vəsatətlərini müdafiə edib. Deyib ki, rəqəmlərə aydınlıq gətirmədən düzgün, ədalətli qərar qəbul etmək absurddur: «Kredit sazişlərini də bura gətirmək lazımdır. Görək ki, ittihamda yazılan rəqəmlərlə uyğun gəlirmi? Kreditlərə görə indi məhkəmə qarşısında dayanan adamlar o rəqəmlərə qol çəkibmi? 2015-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktub göndərmişdim. Orada cədvəl də vardı, kimin nə qədər borcu olduğu rəqəmlərlə görünürdü.

Vəkilimin dediyi prezident fərmanı düzgün, vaxtında verilmiş fərman idi. İcra olunmadı. Bir sıra adamlar var, guya axtarışdadır, ancaq dünyanı gəzirlər. Xarici ölkələrdəki layihələrlə bağlı heç bir qiymətləndirmə aparılmayıb – Rusiya, Qazaxıstan və s. Bunlar olmadan, siz necə qərar verəcəksiniz?».

Prokuror Xaqani Bəşirov məsələsini məhkəmənin mülahizəsinə buraxsa da, məmurların dindirilməsinə etiraz edib: «İndi araşdırılan ittiham prezidentin Beynəlxalq Bankla bağlı sərəncamının icrasına aid deyil».

Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

«Londonda «Bakı gecələri»ndə tanış olmuşduq»

Qazaxıstanda neft yatağının sahibi olan «Eureka Oleum» şirkətinin direktoru Emin Sadiq də məhkəmədə dindirilib. E.Sadiqin də adı C.Hacıyevə yaxın şəxslərdən biri kimi hallanırdı. O, məhkəmədə deyib ki, 1997-2007-ci illərdə BP şirkətində çalışıb: «BP-dən ayrılandan sonra bu işə başladım. Maliyyə problemləri olanda yaxın dostum məni Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla əməkdaşlıq etdik, bizə kredit ayrıldı. 2011-ci ilin sonlarında bizə Qazaxıstandakı dostlarımızdan neft ixracı ilə bağlı yaxşı təklif gəldi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Təklif gəldi ki, şirkətin səhminin 60 faizi bankın olacaq. Səhmlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmiləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı - mənim qayınatamın adına, 15 faizi mənim adıma, qalanı isə başqa bir Qazaxıstan vətəndaşının adına idi».

Beynəlxalq Bankdan bu layihə üçün 62 milyon dollar pul ayrılıb. O vəsaitə Qazaxıstanda neft yatağının ərazisi alınıb, quyular qazılıb. 2014-cü ildə Moskva filialının rəhbəri onlara bankda maliyyə gərginliyi yarandığını söyləyib. Üstəlik, həmin vaxt Xəzərdə ləpələr də yatağa ziyan vurub: «Biz dünya bazarında maliyyə axtarmağa başladıq».

E.Sadiq özü də Beynəlxalq Bankın kreditlərinin qaytarılmamasıyla əlaqədar 2017-ci ilin fevralında həbs edilib və 1 ilə yaxın həbsdə olub.

O, C.Hacıyevlə necə tanış olduqlarını da danışıb: «Londonda «Bakı gecələri» yığıncağı keçirilirdi. Orada bizi Fuad Abdullayev tanış etdi. Sonra Moskvada filialın ildönümü ilə bağlı tədbirdə görüşdük. Sonralar Bakıda da layihəmizlə bağlı görüşlərimiz olmuşdu».

Məhkəmə mayın 20-də davam edəcək.

Xatırlatma

Hazırda «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

Mütəşəkkil qrup şəklində külli miqdarda mənimsəmə ittihamlarının hər biri üzrə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG