Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:32

Evləri sökülənlərdən bəziləri kompensasiyanı az sayır


Söküntü
Söküntü

"Biz yaşadığımız evdən çıxmaq istəmirik, təklif edilən kompensasiya bizi qane etmir".

Bunu AzadlıqRadiosuna Səbail rayonu, Bayıl qəsəbəsi, Arif İsmayılov küçəsində yerləşən 51 nömrəli binanın bəzi sakinləri bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyəti bu və Bakıda yerləşən daha 16 binanı qəzalı elan edərək onların sökülməsi barədə qərar qəbul edib.

Bayıl qəsəbəsindək 51 saylı binadakı sakinlərdən bəziləri bildirib ki, orada əvvəl 29 ailə yaşayıb, çoxusu köçüb. Hazırda binada 4-5 ailə yaşadığı qeyd edilib.

Sakinlərin sözlərinə görə, İcra Hakimiyyəti onlara hər kvadratmetrə görə, 1000 manat kompensasiya təklif edir.

"Mənim evimin sahəsi 38 kvadratdır. 38 minə mən nə ev alacam? “Kupça”m da var, amma ondan xeyir yoxdur. Mən evimdən çıxmaq istəmirəm", - sakinlərdən biri vurğulayıb.

Başqa sakin isə qeyd edib ki, mənzilinin sahəsi 51 kvadratmetr olduğu halda onu səhv ölçərək 37 kvadratmetr yazıblar. O da evi tərk etməkdən imtina etdiyini vurğulayıb.

Sakinlərin bu narazılığına, hələlik, Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) münasibət almaq mümkün olmayıb.

BŞİH-dən bu gün, avqustun 15-də bildirilib ki, paytaxtın 6 rayonunda 17 qəzalı bina söküləcək.

Qurumdan bildirildiyinə görə, söküləcək binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması məqbul sayılmır.

Onlardan biri də Səbail rayonu, Bayıl qəsəbəsi, Arif İsmayılov küçəsində yerləşən 51 nömrəli binadır.

Söküləcəyi gözlənən qalan binaların sakinləri ilə də, hələlik, danışmaq mümkün olmayıb.

Xatırlatma

BŞİH hələ, 2014-cü ildə Bakıda “Sovetski” deyilən ərazidə söküntü işlərə apararkən mənzillərin hər kvadratmetrinə 1500 manat ödənilib.

2015-ci ildə ölkədə iki devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib.Amma Bayıl qəsəbəsindən fərqli olaraq “Sovetski” məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir.

Bakıda bu binalar söküləcək...

Paytaxt Bakıda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul edilib. Hələ, 2019-cu ilin əvvəlində Nazirlər Kabineti bununla bağlı qərar verib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

Verilən məlumata görə, paytaxt rayonlarının 6-sının ərazisində kəskin qəzalı 17 bina var, onlar mərhələlərlə sökülməlidir.

«Həmin binaların sakinlərinə kompensasiyalar ödənilməklə köçürülmələr artıq qərara alınıb», - mətbuat xidmətindən deyiblər.

İcra hakimiyyətindən qeyd edilib ki, kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunların 8-ci mikrorayon, Ağasadıq Gəraybəyli küçəsi-41 və Koroğlu Rəhimov küçəsi-53A ünvanındakı köhnə yaşayış binaları olduğu bildirilir. Digər bir bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi-150 ünvanında yerləşir. Paytaxtın Səbail rayonunda «20-ci sahə», A.İsmayılov küçəsi-51 ünvanındakı binanın sökülməsinə də qərar verildiyi açıqlanıb.

Məlumata görə, Sabunçu rayonunda da bir neçə binanın kəskin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Habelə, Suraxanı rayonunda 4 binanın kəskin qəzalı olması barədə rəy verilib.

Bütün bunlardan başqa, Xətai rayonunda General Şıxlinski küçəsi-42 ünvanında yerləşən bir binanın da sökülməsi gözlənir.

Açıqlamaya görə, həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün sayılmayıb.

Hələlik, bu açıqlamaya söküntüsü gözlənən binaların sakinlərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG