Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:42

'İdarəetmənin sərhədləri biznesin kandarında bitir'


Ş.Mustafayev İ.Əliyevin qəbulunda
Ş.Mustafayev İ.Əliyevin qəbulunda

Dövlət başçısı İlham Əliyev oktyabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayevi baş nazirin müavini təyin olunması ilə bağlı qəbul edib.

Prezident baş nazirin yeni müaviniylə söhbətində kölgə iqtisadiyyatı, inhisar və haqsız rəqabətlə mübarizədən bəhs edib.

«Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır», - o vurğulayıb.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da AzadlıqRadiosuna deyib ki, prezidentin baş nazirin yeni müavini Şahin Mustafayevə tövsiyələri monopoliyaya, kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi və azad rəqabətin formalaşmasındakı problemlərlə bağlı üç istiqaməti əhatə edir.

İqtisadçı xatırladıb ki, kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi prezidentin ötən il keçirilən müşavirələrdəki çıxışlarında da qeyd olunub:

«İdxal monopoliyası var»

«Elə bu günlərdə apardığımız tədqiqatlar da göstərdi ki, ölkəyə idxal məhsullarının bir qismində monopoliya var. Nəticə etibarilə bəzi məhsullar var ki, onlar nəinki qonşu ölkələrlə, hətta Avropa ölkələri ilə müqayisədə belə Azərbaycanda bahadır. Bunun baha olmasının da səbəbi məhz həmin məhsulların Azərbaycana idxalının liberallaşmaması və müəyyən qrup şəxslərin həmin monopoliyadan gəlir əldə etməsi ilə bağlıdır».

V.Bayramov
V.Bayramov

«Amma 10 ildən çoxdur ki...»

V.Bayramova görə, azad rəqabət azad sahibkarlığın inkişafı baxımından ölkə üçün çox vacibdir. Onun fikrincə, bunun da hüquqi tərəfi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsi ola bilər: «Amma 10 ildən çoxdur ki, Rəqabət Məcəlləsi müzakirə edilir, qəbul olunmur... Ona görə də, düşünürəm ki, son tapşırıqdan sonra Rəqabət Məcəlləsinin qəbulu tezləşməlidir. Xüsusən də, məmurların bizneslə məşğul olması birmənalı şəkildə qadağan edilməli, azad rəqabətə nail olmağa imkan verməlidir».

İqtisadçı vurğulayıb ki, əmək müqavilələrinin bağlanması kölgə iqtisadiyyatının kiçilməsinə təsir göstərir, amma bu istiqamətə fəaliyyət genişləndirilməlidir.

Kölgə iqtisadiyyatının həcminə gəlincə, V.Bayramov bunları deyib: «Dövlət Statistika Komitəsi, adətən, bunun 5-7 faiz civarında olduğunu göstərir. Bizim qiymətləndirmələrə görə, kölgə iqtisadiyyatının həcmi əmək müqavilələri leqallaşdıqdan sonra 8-14 faiz arasında dəyişir».

«...Eldar Mahmudovun vəzifədən çıxarılması ilə başladı»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə «Turan» agentliyinə deyib ki, ötən 4 ildə qeyd edilən məsələlər istiqamətində görülən tədbirlər müəyyən nəticələr verməkdədir. Amma onun fikrincə, prezidentin son açıqlaması sübut edir ki, ümumi nəticələr onu tam qane etmir.

Z.Oruc
Z.Oruc

Z.Oruc hesab edir ki, ölkədə biznesə, azad sahibkarlığa maneələr çox azalıb. Onun vurğulamasına görə, 2015-ci ildən hökumət tərkibində həyata keçirilən köklü dəyişikliklər idarəetmə strukturunda çalışanların iqtisadi fəaliyyət sahəsindən tamam ayrılmasını özündə ehtiva edirdi: «Bu, Eldar Mahmudovunvəzifədən çıxarılması, milli təhlükəsizlik orqanlarının sahibkarlıq subyektləri üzərində kobud və qanunsuz əməliyyatlarının durdurulmasından başladı. Daha sonra vergi orqanlarını əhatə etdi, ardınca bütünlükdə hökumət özü yeniləşdi. Bu üzdən 15 oktyabr müşavirəsində prezident «yeni hökumət» ifadəsindən istifadə etdi. Mən əminəm ki, bu, yalnız baş nazirin dəyişməsi ilə bağlı deyil. Eləcə də, kadr islahatlarının köklü şəkildə «idarəetmənin sərhədləri biznesin kandarında bitir» kimi formulla davranmasıdır».

Z.Oruc «məmur burjuaziyası» kimi ifadələrin də Azərbaycanın ictimai, sosial həyatından çıxacağına inanır.

Mərkəz rəhbərinə görə, Azərbaycan yeni bir mərhələyə daxil olub, prezident bunun konseptoloji istiqamətlərini irəli sürüb. Onun fikrincə, bu, iqtisadi şaxələndirmə hesabına iqtisadi liberallaşmanı dərinləşdirmək, özəlləşdirməni genişləndirmək addımları ilə müşayiət edilib: «Bununla bərabər demək lazımdır ki, kölgə iqtisadiyyatı heç də tam aradan qaldırılmayıb. Amma buna qarşı müxtəlif tədbirlər həyata keçirilir...».

Z. Oruc deyib ki, ölkədə kölgə iqtisadiyyatının həcmini ölçmək o qədər də asan deyil. Amma o inanır ki, Azərbaycanda bu sahədə hüquqi təkmilləşdirmə daha sürətli bir şəkil alacaq və bu, aradan qaldırılacaq.

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmiləri isə, bir qayda olaraq, idxalda monopoliyanın olmasına dair fikirlərlə razılaşmırlar.

XS
SM
MD
LG