Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:31

Ötən il 1,7 milyon nəfər İİV-ə yoluxub


Ukraynada İİV/QİÇS xəstələrinə dəstək tədbiri, arxiv fotosu
Ukraynada İİV/QİÇS xəstələrinə dəstək tədbiri, arxiv fotosu

2018-ci ildə 1,7 milyon nəfər İİV-ə (insanda immun çatışmazlığı virusu) yoluxub. 2010-cu illə müqayisədə ötən il şərqi və cənubi Afrikada İİV-ə yeni yoluxanların sayı azalıb. Dünyada İİV ən çox bu regionda yayılıb.

UNAIDS 1 dekabr – QİÇS-lə (qanda immun çatışmazlığı sindromu – AIDS)mübarizə günü ərəfəsində hesabat yayıb.

Müalicə genişləndikcə...

Hesabatda deyilir ki, Afrikada 15-24 yaşlı qızlar və gənc qadınlar arasında İİVə yoluxma 2010-cu ildə 0,8 faizdən ötən il 0,5 faizə düşüb ki, bu da ümidverici əlamətdir. Ancaq yeni yoluxanlar da əsasən elə gənc qadınlardır. Saharaaltı Afrikada yeniyetmələr arasında İİV-ə yeni yoluxan hər 5 nəfərdən dördü qızlardır.

Qurum onu da bildirir ki, İİV xəstələrinin olduğu icmalarda əhali qərarvermə, İİV xidmətlərinin çatdırılmasında nə qədər çox fəaldırlarsa, yeni yoluxma halları bir o qədər azalır, İİV-li xəstələr müalicə oluna bilir.

Bu ilin ortasınadək İİV-li 37,9 milyon nəfərin 24,5 milyonu müalicə ala bilib. Müalicə dərinləşdikcə QİÇS-lə bağlı xəstəliklərdən ölənlərin sayı azalır.

Hesabata görə, şərqi və cənubi Afrikadan kənarda İİV-ə yeni yoluxma halları 2010-cu ildən bəri yalnız 4% azalıb.

Yoluxma hallarının artdığı regionlar var

Bəzi regionlarda yeni yoluxma hallarının artması isə narahatlıq doğurur. Şərqi Avropa və Orta Asiyada İİV-ə yeni yoluxma halları bir ilə ortalama 29% yüksəlib. Yaxın Şərqdə və Şimali Afrikada bu göstərici 10%, Latın Amerikasında 7%-dir.

“Qadınlar və qızlar ailələri və icmalarında qayğı və dəstəyin əsas sütunudur, onlar uşaqların, xəstələrin, yaşlı və əngəllilərin qayğısına qalaraq ödənişsiz, çox vaxt dəyərləndirilməyən iş görürlər. Bunu dəyişmək lazımdır. Qadınların iştirakı və icmalarının liderliyi İİV-lə mübarizədə vacibdir”, – sənəddə vurğulanır.

Saharaaltı Afrikada yetkin yaşlı qadınların 40 faizə qədəri, yeniyetmə (15-19 yaşlı) qızların 60 faizinin müasir kontraseptiv vasitələrə ehtiyacı ödənmir, hesabatda vurğulanır.

2018-ci ildə 160 min 0-14 yaşlı uşaq İİV-ə yoluxub, 100 min uşaq QİÇS-ə bağlı xəstəlikdən dünyasını dəyişib. Onların ölümünə ya diaqnoz qoyulmaması, ya da müalicə ala bilməməsi səbəb olub, qurum bildirir.

XS
SM
MD
LG