Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Elif Şafak daha çox qadın müəllifləri oxumağı tövsiyə edir


Elif Şafak
Elif Şafak

Tanınmış türk yazıçısı Elif Şafak «The New York Times» qəzetinə müsahibəsində çarpayısının baş ucunda daim bir bədii və bir publisistik kitab saxladığını deyir: «Mən birindən o birinə keçməyi xoşlayıram. Onların bir-biri ilə danışması xoşuma gəlir. Bir də həmişə əlimin altında Walter Benjamin-in «Pasaj layihəsi»nin (The Archades Project) bir nüsxəsi olur. Bu ecazkar və bitirilməmiş kitabı ardıcıl oxumaya da bilərsiniz. Ortasından başlayıb sonra geriyə getmək, dairələrə ala-ala oxumaq olar. Yatmazdan əvvəl Walter Benjamin-i oxumaq kimi gözəl şey yoxdur. Çox canlı yuxular görəcəksiniz».

Elif Şafak Shoshanna Zuboff-un «Nəzarət kapitalizmi çağı» (The Age of Surveillance Capitalism) kitabını çox bəyəndiyini söyləyir: «Diqqətəlayiq, dərin araşdırmaya dayanan, (…) önəmli kitabdır. (…) Zuboff nəzarət kapitalizminin bizi necə zəiflətdiyini və son nəticədə təkcə azad iradəni deyil, həm də demokratiyanın əsaslarını məhv etdiyini göstərir. Aydındır ki, bu çağda hamımız (…) rəqəmsal texnologiyaların qara özəlliklərindən xəbərdar olmalıyıq. Bizə mütləq nizamlayıcı demokratik institutlar lazımdır. Ancaq biz hər şeydən öncə problemin ağırlığını və mürəkkəbliyini dərk etməliyik. Bu kitab da buna xidmət edir».

««Qadın» deyəndə bütün etnik və mədəni zümrələrdən olan qadınları nəzərdə tuturam»

Elif Şafak öz vətənlərində məşhur olan, ancaq, hələlik, dünya dillərinə çox tərcümə edilməmiş maraqlı yazıçılardan Natalia Ginzburg-un adını çəkir.

Onun fikrincə, Türkiyənin bugünkü halını daha yaxşı anlamaq üçün daha çox qadın yazıçıları, qadın jurnalistləri, qadın şair və alimləri oxumaq məqsədəuyğundur: «Özü də mən «qadın» deyəndə bütün etnik və mədəni zümrələrdən olan qadınları nəzərdə tuturam: türk, kürd, erməni, yəhudi, yunan. Türkiyə kollektiv unutqanlıq ölkəsidir. Sükuta və susdurulanlara şahidlik edən yazıçıları oxuyun».

Şafak Talat Halman-ın, başlanğıc kimi, «Türk ədəbiyyatı minilliyi» kitabını oxumağı məsləhət görür. Nazım Hikmet-i oxumaqsa «təkcə əsarətin necə işlədiyini yox, həm də azadlıq savaşının nə qədər güclü olduğunu anlamağa vacibdir». O, Sabahattin Ali-nin «Xəz paltolu madonna» əsərini çox bəyəndiyini deyir. Kitab bir neçə il əvvəl ingiliscəyə də çevrilərək nəşr edilib.

Çox oxumaq, çox düşünmək lazım?

Elif Şafak bir romanı yazmağa başlamazdan öncə dərin araşdırma apardığını, o mövzuya dair tapa bildiyi hər şeyi oxumağa çalışdığını deyir. Onun sözlərinə görə, akademik sahədə keçirdiyi uzun illər ona nizam-intizamlı olmağa kömək edir. Nə yazmasından asılı olaraq çox oxuduğunu və çox düşündüyünü deyir: «Bu, istənilən bir şey ola bilər: sefardi tarixindən (İbrani dilində «Sefarad», İspaniya anlamına gəlir. İspaniyadan başqa Portuqaliya, İtaliya, Şimali Afrika, Türkiyə, Egey adaları və Balkan yəhudilərinin də böyük bölümü «sefarid» adlandırılır – red.) osmanlı memarlığınadək, nadir quşlardan İstanbulda seks işçilərinin həyatınadək. Romanı yazmağa başlayanda isə roman oxumuram, bir müddət yalnız poeziya oxuyuram. Özəlliklə Walt Whitman, W.B.Yeats, Khalil Gibran, Anna Akhmatova və Rumini. Bir də Maya Angelou-nu sevirəm və deməliyəm ki, Audre Lorde-un mənim qəlbimdə ayrıca yeri var».

Yazıçı Virginia Woolf-un Orlando-sunu ən çox sevdiyi bədii qəhrəman adlandırır. Woolf-un həmin romanı bioqrafiya adlandırmasını da çox sevdiyini vurğulayır. Ən çox bəyəndiyi mənfi qəhrəmansa Jay Gatsby-dir: ««Böyük Getsbi» dönə-dönə yenidən oxunmalı möhtəşəm kitabdır».

Şafak həyatda olan və olmayan yazıçılar arasında düşüncəsini «füsunkar» saydığı Spinoza ilə görüşmək istədiyini deyir. «James Baldwin-lə danışmaq da gözəl olardı. Mən onun işlərini oxuyanda və səsini duyanda çox həyəcanlanıram. Bir də, əlbəttə, Təbrizli Şəms var. Bu üçü çox gözəl olardı!».

XS
SM
MD
LG