Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:14

Orxan Pamuk: ''Əvvəlkilər daha yaxşı aşiq olurdular' deyiminə inanmıram'


Orxan Pamuk
Orxan Pamuk

Nobel mükafatı laureatı, "Məsumiyyət muzeyi" (Masumiyet Müzesi) kitabının müəllifi və eyniadlı muzeyin yaradıcısı Orxan Pamuk "Anadolu" agentliyinə müsahibəsində 2008-ci ildə çapdan çıxmış kitabındakı Kemal personajı haqda düşüncələrini bölüşüb.

Sevginin gözəl tərəfləri ilə birlikdə pis tərəflərinin də olduğuna işarə edən Pamuk bu mənada özünü fəda etmək istəyi, öz duyğularını dünyanın ən önəmli şeyi sayma hisslərini misal çəkib.

Bilinən hekayə

"Təbii ki, sevgi [xüsusi] günlərdə, ildə bir dəfə düşünüləsi şey deyil. Mənə görə sevginin şəkərli, ideallaşdırılan bir tərəfi var. Mənim "Məsumiyyət muzeyi" romanım və muzeyin özü əslində sevginin bu tərəfi ilə çox da bağlı deyil. Kitabım "ay aman, sevgi ən gözəl şeydir" demir. Təbii ki, onu da deyir. Aşiq olunca bunu hiss edirik. Ancaq aşiq olanda başımıza nə gəlir? "Məsumiyyət muzeyi" romanında sevgini avtomobil qəzası, başımıza gələn qorxunc bir olay kimi, əlimizdə olmayan, qaranlıq, anlaşılmaz bir şey kimi anlatdım", – yazıçı deyir.

O qeyd edir ki, "Məsumiyyət muzeyi" romanındakı hekayə, əslində, bilinən bir hekayədir: "Adam o qədər aşiq olur ki, sevgilisini görmədən yaşaya bilmir, dayana bilmir. …Ona qovuşa bilmədiyi zamanlar, onu xatırladan, onun toxunduğu, yaxud birlikdə xoşbəxtliklərini xatırladan əşyaları bir kənara qoyur. Sonra kənara qoyduğu və ona sevgilisini xatırladan əşyalar bir böyük kolleksiyaya dönür. Axırda onları "Məsumiyyət muzeyi"ndə sərgilədiyi zaman sevgi hekayəsini də kitabı oxuyanlara, yaxud muzeyi gəzənlərə danışır".

Orxan Pamuk xatirələrlə əşyalar arasında bir əlaqə olduğuna diqqət çəkib: "Aşiq olduğumuz dövrdə əldə etdiyimiz, gördüyümüz əşyalar da bizə sevgimizin səhifələrini xatırladır. Əşyaları bir muzeydə yan-yana düzsək, sevgimizin hekayəsi ortaya çıxar. …Bir də aşiqlərin bir-birinə hədiyyə alması və bu əşyalar vasitəsilə danışması da var".

Yazıçı romanın aşiqləri rahatlatmaq üçün yazılmadığını, bu romanı sevgini anlamaq üçün yazdığını vurğulayıb. Onun sözlərinə görə, romanın qəhrəmanı Kemal sevgisinə sayğı duyan və ondan əsla əlini üzməyən ləyaqətli bir insandır. "Romanın əvvəlində eqoist Kemala qəzəblənirik, amma sevgi üzündən çəkdiyi ağrılar sayəsində onu bağışlayırıq. Hamımızın böyük sevgi hekayələrinə ehtiyacı var, istər təsəlli olaraq, istərsə də öz sevgimizi anlamaq üçün", - yazıçı deyir.

Texnologiya sevgini öldürmür...

Pamuk hesab edir ki, inkişaf etməkdə olan texnologiya sevgini öldürmür.

"Sevgi hissinin asanlıqla dəyişəcəyinə inanmıram. Ancaq onu ifadə etməyin yolları dəyişə bilər. "Mənim adım qırmızı" adlı tarixi romanımda boğçaçı qadın Ester evdən-evə məktub daşıyaraq aşiq kişi və qızların qəlbini oynadır. İnternet çağında isə artıq hər an məktub yazıb cavab ala bilərsiniz. Məsələn, poçtalyonu gözləyən aşiq ideyası bitib. Amma poçtalyon yoxdur deyə, sevgi bitməz. Əlaqənin sıxlığı da sevgini azaltmaz, əksinə, məncə görüşmək və yazışmaq sevgini artırar. Hər kəs öz nəslinin əsl aşiq olduğuna inanmaq istəyir. "Əvvəlkilər daha yaxşı aşiq olurdular" deyiminə inanmıram. Önəmli olan duyğularımızın dərinliyi və həqiqiliyidir. Ancaq duyğular dərin və həqiqi olunca, ağrılar da başlayır, çünki həyat sizin xəyallarınıza uymaz.

…Təbii ki, sevgi xatırlatmağa gərək olmayan bir duyğudur. …Aşiq olmasanız da, onun əksikliyini hiss edərsiniz. Sevgililər və aşiqləri, xoşbəxtliklərini sevgiyə bağladıqları üçün onu sevir və ideallaşdırırıq. Biz də xəyal etdiyimiz fədakar aşiqlər, sevgililər kimi olmaq istəyirik. Ancaq bizim hekayəmiz bir az fərqlidir. Öz hekayəmizi anlamaq üçün digər sevgi hekayələrini bilmək, oxumaq istəyirik. Sevgi ədəbiyyatına marağın qaynağı bizim öz həyatımız, suallarımız, həyəcanlarımız və qorxularımızdır", – o deyir.

XS
SM
MD
LG