Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

Siyasi işlərdə hökmlər verən Ənvər Seyidovun müalicə pulu tələbi


Ə.Seyidov
Ə.Seyidov

Azərbaycanın məhkəmə sistemində bir sıra ictimai-siyasi fəallar haqqında hökm çıxarmış Ənvər Seyidov indi özü məhkəmələrə üz tutub, pensiyasının yenidən hesablanmasını istəyir.

41 il hakimlik etmiş Ə.Seyidov keçmiş müdafiə naziri Rəhim Qazıyev haqqında ölüm hökmü, mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazmış Qiyas İbrahimova 10 il, dövlət çevrilişində suçlanan Səid Dadaşbəyliyə 14 il həbs cəzası çıxaran hakimdir.

Ə.Seyidov 70 yaşı tamam olduğuna görə bir il öncə təqaüdə göndərildi. O vaxtdan özü də məhkəmə yollarındadır - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Ali Məhkəmə. Səbəb də budur ki, Ə.Seyidov ona orta aylıq əməkhaqqına uyğun təyin edilmiş təqaüdlə kifayətlənməyib. O, iki aylıq əməkhaqqı qədər əlavə müavinət, elə o qədər də müalicə pulu istəyib. Amma Dövlət Sosial Müdafiə Fondu bu vəsaiti ödəməkdən imtina edib.

25 faizlik əlavə vəsait nəzərə alınmayıb

Ə.Seyidovun sözlərinə görə, pensiyası da hesablananda hakimlərə səlahiyyətlərinin icrasıyla bağlı xərclərə görə vəzifə maaşının 25 faizi qədər əlavə vəsait verilməsi nəzərə alınmayıb. O, həmçinin pensiya hesablanarkən aylıq maaşın Ali Məhkəmə hakimlərinin aldığı əməkhaqqıya uyğun götürülməsini istəyib.

Əsas da gətirib ki, 1990-2000-ci illərdə özü də Ali Məhkəmənin hakimi olub. 2000-ci ildə Azərbaycanda məhkəmə-hüquq sistemində ciddi dəyişikliklər oldu. Ölkədə üçpilləli məhkəmə sistemi yaradıldı, məcəllələr dəyişdi və s. Həmin vaxt ölkə üzrə yaradılan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimlərindən biri də Ə.Seyidov oldu. Bu məhkəmə ağır və xüsusilə ağır cinayətlərdə (sanksiyasında 7 ildən yuxarı cəza nəzərdə tutulan) ittiham edilən şəxslərin işinə baxır.

Məhkəmə sistemində ən yüksək maaş Ali Məhkəmənin sədrinə aiddir. Ötən ilin iyulundan Ali Məhkəmə sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı verilməsi nəzərdə tutulub - 2475 manat. Üstəlik, səlahiyyətlərin yerinə yetirilməsi üçün xərclərə görə vəzifə maaşının 25 faizi qədər aylıq pul təminatı.

Hakimin iddiası qismən təmin olunub

İnzibati-İqtisadi Məhkəmə həm müavinət və müalicə pulu, həm də pensiyanın yenidən hesablanması barədə Ə.Seyidovun iddiasını təmin edib. Sabiq hakim həm də pensiya yenidən hesablanarkən yaranacaq fərqin əvvəlki müddət üzrə də toplanıb, birdəfəlik ona verilməsini istəyirdi. Onun bu istəyinə isə "yox" deyilib. Bakı Apellyasiya Məhkəməsinin də mövqeyi eyni olub.

Dövlət Sosial Müdafiə Fondu bu qərardan narazı qalıb və Ali Məhkəməyə kassasiya şikayəti verib. İyunun 11-də bu məsələyə baxan Ali Məhkəmənin hakimləri keçmiş həmkarlarının xeyrinə qərar verib – Fondun şikayəti təmin edilməyib.

Birinci instansiya məhkəmələrinin sədri Ali Məhkəmə sədrinin maaşının 70 faizi qədər əməkhaqqı alır. Hakimlərin maaşı isə sədrin əməkhaqqısının 80 faizi həcmindədir, yəni, 1400 manat civarındadır.

71-yaşlı Ə.Seyidov 1994-99-cu illərdə Mərkəzi Secki Kommisiyasının təftiş qrupunun rəhbəri olub. O, həmçinin bir sıra romanlar, filmlərə ssenarilər yazıb.

XS
SM
MD
LG