Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Adamlar virus qadağalarına niyə əməl etmirlər


Monteneqroda kafe
Monteneqroda kafe

Son araşdırma üzə çıxarıb ki, bu məsələ vətəndaş azadlıqları və insan haqlarının cəmiyyətin əsas tərkib hissəsi olan ölkələrdə daha mürəkkəbdir

Koronavirusla bağlı araşdırmaların bir hissəsi insan davranışına, onun ictimai sağlıq tədbirlərinə necə əməl etməsinə fokuslanıb. Son araşdırma üzə çıxarıb ki, bu məsələ vətəndaş azadlıqları və insan haqlarının cəmiyyətin əsas tərkib hissəsi olan ölkələrdə daha mürəkkəbdir. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Ron Synovitz yazır.

Yanvarda Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19-u “beynəlxalq səviyyədə narahatlıq yaradan ictimai sağlıqla bağlı fövqəladə vəziyyət” elan etdi. O zaman qurum rəhbəri Tedros Adhanom Ghebreyesus Çin hökumətinin xəstəliyi nəzarətə almaq cəhdlərini alqışladı – nəhəng karantin tədbirlərinin “kəskin sosial və iqtisadi təsiri”nə baxmayaraq.

Ancaq onda Qərbdəki tənqidçilər sual edirdilər ki, görəsən, Çindəki sərt tədbirləri onları yerinə yetirməməyə görə cəza qorxusu olmayan ölkələrdə gerçəkləşdirmək olardımı.

“Qərbdə, ya başqa yerdə heç bir ölkə Çinin hərəkətlərini təkrarlaya bilməz və bunu etməməlidir”, – Xarici Əlaqələr Şurasında Qlobal Səhiyyə Proqramının direktoru Thomas Bollyky martın ortasında deyirdi.

Hökumət tədbirləri daha effektlidir

Ancaq sonradan İranda, İtaliyada məcburi karantinlər elan olundu. Digər ölkələr qismən karantinlə yanaşı sanitariya, fiziki məsafə, qoruyucu maska taxmaq kimi könüllü qaydalar da açıqladılar.

Dövlət qurumlarına böyük inam olan İsveçdə əhali karantin görmədi, gündəlik olaraq işinə getdi, şirkətlər bağlanmadı, maska taxmaq məcburiyyəti qoyulmadı.

Dallas Federal Ehtiyatlar Bankının iqtisadi siyasət müşaviri və təhlilçisi Alexander Chudik-in başçılıq etdiyi araşdırma isə üzə çıxarıb ki, könüllü sosial məsafə saxlamaq hökumətin tətbiq etdiyi qaydalardan daha az effekt verir.

Davranış üzrə iqtisadçılar Paola Giuliano Imran Rasul müxtəlif ölkələrdən gələn informasiyanı toplayaraq qaydalara əməl etməyin əsas “faktorlar”ını sənədləşdiriblər. Onlar üzə çıxarıblar ki, müxtəlif ölkələrdə siyasi münasibətdən və fərdlərin istifadə etdiyi media mənbələrindən asılı olaraq qadağalara əməl etmə səviyyəsi dəyişir.

“Cəmiyyətin sosial strukturunun, eləcə də qurumlara inamın dərəcəsi individual davranışı müəyyənləşdirən əsas amillərdir”, – iyunun 18-də dərc olunmuş araşdırmada deyilir.

Kollektiv yorğunluq

Bu yaxınlarda isə Avropada səhiyyə ekspertləri xəbərdarlıq etdilər ki, kollektiv yorğunluq hissi hətta qaydalara əməl edənlərin də ehtiyatı əldən verməsi, pandemiyadan qabaqkı vərdişlərə qayıtması ilə sonuclanır. Yəni, görüşəndə öpüşürlər, ya da əl sıxırlar.

Onların fikrincə, avropalılar ümumilikdə karantinə, sosial məsafəyə, maska taxmaq qaydalarına əməl ediblər. Baxmayaraq ki, bu qaydalar daim dəyişib.

Ancaq onlar “maskadan bezginliyin” başlanması ilə bağlı xəbərdarlıq da edirlər, maskanı məcburi, yaxud könüllü taxmaqdan asılı olmayaraq.

Fransadan epidemioloq Isabella Annesi-Maesano iyulun 21-də “The Wall Street Journal” qəzetinə deyib ki, “insanlar əziyyət çəkiblər və bu özünü göstərir”.

Azərbaycanda da mayda yüngülləşdirilən karantin iyunun 21-dən yenidən tətbiq olundu. Qadağalar avqustun 5-dək qüvvədədir. İndiyədək Azərbaycanda ümumilikdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7 min 805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

XS
SM
MD
LG