Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:21

Fuad Qəhrəmanlı vəkilindən və apellyasiya şikayətindən imtina edib


Fuad Qəhrəmanlı, arxiv foto
Fuad Qəhrəmanlı, arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlı vəkili Bəhruz Bayramov-dan imtina edib. Bu barədə AzadlıqRadiosu-na danışan vəkil bildirib ki, müdafiə prosesinə qoşulmasından 10 gündən çox keçsə də, avqustun 6-da ilk dəfə F.Qəhrəmanlı ilə görüşüb.

Görüş Bakı İstintaq Təcridxanasında baş tutub. B.Bayramov F.Qəhrəmanlı haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan apellyasiya şikayəti vermişdi.

Şikayətə avqustun 6-da səhər saat 10.40-da baxılmalıydı. Amma məhkəmə prosesi günorta saat 15.00-a təxirə salınıb. Həmin ərəfədə vəkilə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng gəlib və bildirilib ki, müstəntiq onu təcridxanada hüquqlarını müdafiə etdiyi şəxsə təqdim edəcək.

“Təkbətək görüşümüz dəqiqə yarım çəkdi”

Bəhruz Bayramov, arxiv foto
Bəhruz Bayramov, arxiv foto

Lakin Bakı İstintaq Təcridxanasındakı görüşdə F.Qəhrəmanlı ondan imtina edib: "Müstəntiq və dövlət hesabına ona müdafiəçi təyin edilən vəkilin iştirakıyla görüşdük. Bizim Fuad Qəhrəmanlıyla təkbətək görüşümüz isə dəqiqə yarım çəkdi. Bildirdi ki, indiki məqamda dövlət hesabına vəkillə kifayətlənir. Mənə öz təşəkkürünü bildirdi".

F.Qəhrəmanlıya işgəncə verilməsi haqda iddialara gəlincə, B.Bayramov bu haqda qəti fikir söyləyə bilməyəcəyini bildirib:

"Dəqiqə yarımlıq görüşdə bütün bunlar haqda danışmaq imkanı olmadı. Ona görə də dəqiqləşdirə bilmədim. Amma özünü təqsirli bilmədiyini, ittihamları qəbul etmədiyini dedi. Bildirdi ki, etirafedici ifadə də verməyib".

F.Qəhrəmanlının həbs qərarından verilən şikayətə də baxılıb. Hakim Habil Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında müstəntiq elan edib ki, F.Qəhrəmanlı apellyasiya şikayətindən imtina edib. O, imtina ərizəsini də hakimə təqdim edib. Bu səbəbdən apellyasiya baxışına xitam verilib.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG