Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Çox işləmək aludəçiliyə çevriləndə


"Bütün aludəçiliklər kimi, burada da insan get-gedə daha çoxunu tələb edir və sonra hər şey ona qarşı işləyir"
"Bütün aludəçiliklər kimi, burada da insan get-gedə daha çoxunu tələb edir və sonra hər şey ona qarşı işləyir"

27-yaşlı Reza Jafery hələ orta məktəb illərindən həddindən çox işləməyə meylli olub. Hər gün dərs bitən kimi kitabxanaya qaçar, evə getmədən ev tapşırığını bitirərmiş. Həm oxuduğu elit məktəb, həm də valideynləri onu çalışqan olmağa həvəsləndirirdi. Ancaq o, bütün bunları öyrənmək həvəsindən deyil, üzərinə düşən öhdəliyi tamamlamaq üçün edirdi.

"Mənə elə gəlirdi ki, müəyyən yaşa qədər xüsusi bir nöqtəyə gəlib çatmasam, uğurlu ola bilmərəm. Özümə deyirdim ki, uğur qazanandan sonra bu qədər çox çalışmalı olmayacağam və xoşbəxt olacağam. Ancaq xoşbəxtliyin nə olduğunu müəyyən etməmişdim və həyatım daimi yarışdan ibarət idi", – Jafery deyir.

Narahatlıq, depressiya, qorxu

Hazırda Los-Ancelesdə yaşayan Jafery iki işdə çalışır. O, bir kriptovalyuta şirkətində blokçeyn rəhbəri, eyni zamanda, bir rəqəmsal agentliyin təsisçisidir. O, əksər günlərdə gecəyarıyadək işləyir. Həftə sonlarını da işdə keçirir. Özü də sutkada cəmi beş saat yatır.

BBC Texas Universitetinin Beyin Sağlamlığı Mərkəzinin direktoru doktor Sandra Chapman-a istinadən yazır ki, beyin produktivliyə narkotik, qumar, yemək və şopinqə öyrəşdiyi kimi aludə ola bilər.

"İnsan işinin ona verdiyi əminlik hissinə, yaxud da maaş artımına öyrəşə bilər. Problem ondadır ki, bütün aludəçiliklər kimi, burada da insan get-gedə daha çoxunu tələb edir və sonra hər şey ona qarşı işləyir. Təzahür edən simptomlar arasında artan narahatlıq, depressiya və qorxu da var", – Chapman deyir.

"Aludəçilik beynin mükafat sisteminə təsir edən beyin xəstəliyidir. Bu xəstəlik bütün zərərli nəticələrə rəğmən, insanı müəyyən davranışlara sövq edir. Produktivlik aludəçiliyini daha da ağırlaşdıran amil cəmiyyətin onu mükafatlandırması, yaxud ən azı müsbət bir şey kimi görməsidir. Bir çoxları boşanma baş verənə və ailələri dağılana, yaxud əqli sağlamlıqları pozulana qədər onun vurduğu ziyanı hiss etmirlər", – mütəxəssis deyir.

İş aludəçiliyi, yoxsa tükənmə?

Britaniyanın Nottingem Trent Universitetinin professoru, davranış aludəçiliyi mütəxəssisi, doktor Mark Griffiths-in sözlərinə görə, işə aludə olan şəxs daha çox pul qazanır, fitnesə aludə olan adam çox sağlam olur. "Ancaq aludəçiliyin problemi ondadır ki, uzunmüddətli perspektivdə onun zərərli təsirləri qısamüddətli faydalarını üstələyir", – o deyir.

Griffiths-in sözlərinə görə, hazırda iş aludəçiliyinin nəticələri başqa səbəblərlə izah edilir. Məsələn, kimsə ürəktutmasından öləndə səbəbin iş aludəçiliyi olduğunu demirlər. Əvəzində bunu "tükənmə" ilə əlaqələndirirlər.

Məqalədə deyilir ki, Jafery-nin məhsuldarlıq aludəçiliyinin kökündə vaxt itirmək qorxusu durur. O, hər şeyi "produktiv", yaxud "qeyri-produktiv" kimi təsnif edir və ikinciləri minimuma endirməyə çalışır. Ərzaq bazarlığı etmək produktivdir, çünki o, həyatda qalmaq üçün yemək yeməlidir. Ancaq məsələn, hobbi qeyri-produktivdir.

Jafery bilir ki, uzunmüddətli partnyoru ilə vaxt keçirmək onun xoşbəxtliyi üçün lazımdır. Ancaq o bunu produktiv zaman sərfi hesab etməyə çətinlik çəkir: "Bu, soyuq səslənə bilər, ancaq mən partnyorumla vaxt keçirməyə yemək və idman etmək kimi yanaşıram. Hətta bunu etmək istəməsəm də, bilirəm ki, xoşbəxt olmaq üçün etməliyəm".

6 ildə itirdiklərinə görə peşmandır

24-yaşlı Matthew Church də əvvəllər məhsuldarlıq aludəçisi olub. Bir kouçinq şirkətində sürətlə irəliləyən Church həftədə 70 saata qədər işləyirmiş. Bu dövrdə o, həyatındakı yeganə uzunmüddətli sevgi münasibətini də itirib.

Church-də paralel olaraq həm də spirtli içki aludəçiliyi formalaşırmış. 2018-ci ildə bu, pik nöqtəsinə çatıb. Ancaq terapevtin köməyi ilə normal həyata qayıda bilib. İndi o, iç aludəçiliyinə məruz qaldığı həmin 6 il ərzində itirdiklərinə görə çox peşmandır: "Həyatımın altı ilini itirdim. Dostlarım, yaxud romantik təcrübələrim olmadı. Ailəmlə əlaqəmi itirdim. Bütün bunlara fikir vermədiyim üçün utanıram".

Church terapevtin köməyi ilə yenidən iş aludəçiliyi burulğanına yuvarlanmaq təhlükəsindən uzaq durmağa çalışır. Gündə yalnız üç layihə üzərində çalışır, gündə üçdən artıq müştəri ilə danışmır və həftədə yalnız 3-5 gün işləyir.

Chapman deyir ki, iş aludəçiliyinin başlanması ilə bağlı xəbərdarlıq işarələrinə diqqət etmək lazımdır. Məsələn, kimsə ailə naharının ortasında tez işə qaçırsa, bu, yaxşı əlamət deyil. O, konkret bir işə sərf olunan vaxtı ən çoxu 45 dəqiqə çərçivəsində saxlamağı, arada fasilələrə yol verməməyi tövsiyə edir. Bu həmin layihə üzərində dərindən düşünməyə, vaxtdan səmərəli istifadə etməyə, yüksək keyfiyyətli nəticə göstərməyə imkan verir. O, həmçinin, həftədə azı beş dəfə beş dəqiqəlik tam fasilə götürməyin faydalı olduğunu deyir: "Cihazlarınızı söndürüb çölə çıxın".

XS
SM
MD
LG