Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Nardaran məhbusu: 'Bilin ki, ağzımı tikib aclıq eləyirəm...'


C.Babakişizadə
C.Babakişizadə

Qobustanda ağzını tikib aclıq etdiyi bildirilən Nardaran məhbusu Cahad Babakişizadənin atası və qardaşı Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovla görüşüb. Ailə üzvlərinin AzadlıqRadiosuna dediyinə görə, M.Seyidov C.Babakişizadə ilə bağlı məsələni diqqətdə saxlayacağına söz verib: "Mirsaleh Seyidov hər ikisini qəbul edib, şikayətlərini dinləyib. Elə onların yanında zəng eləyib, maraqlanıb. Söz verib ki, məsələni yerində araşdırmaq üçün elə bu gün öz nümayəndəsini də həbsxanaya göndərəcək. Ümumiyyətlə, Cahadla bağlı məsələni diqqətdə saxlayacağını söyləyib. Onu da deyib ki, həbsxanada Cahadın ağzındakı tikişləri söküblər. Amma bilmirik ki, aclığı da dayandırıb, yoxsa yox".

+++

Beş il öncə Nardaran hadisələrində 18 yaşında həbs olunan Cahad Babakişizadənin Qobustandakı qapalı həbsxanada aclıq aksiyası keçirdiyi və ağzını tikdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib. Yaxınları iddia edir ki, C.Babakişizadə həbsxana rəhbərliyinin ona və digər məhkumlara qarşı alçaldıcı davranışlarına və işgəncələrə etiraz olaraq bu addımı atıb.

Ailə üzvlərinin bildirdiyinə görə, C.Babakişizadə sonuncu dəfə onlarla avqustun 26-da telefonla danışıb. Heç bir əsas olmadan cərimə kamerasına (kars) salındığını deyən Cahad ailəsini xəbərdar edib ki, aclığa başlayacaq, ağzını tikəcək.

"Deyir ki, həbsxana rəhbərliyi məhbuslarla qul kimi davranır"

"Əgər telefon danışığı kəsilsə, bilin ki, ağzımı tikib aclıq eləmişəm. Səbəb də budur ki, həbsxana rəhbərliyinin özbaşınalığı məni cana-boğaza yığıb. Əlimdən də başqa bir şey gəlmir. O qədər özbaşınalıq eləyirlər, artıq pik həddədir. Məni heç nədən karsa salıblar...", - C.Babakişizadə telefonda ailəsinə belə deyib.

Karsa salınması haqda danışanda isə danışığın kəsildiyi deyilir. Yaxınları bildirib ki, bu danışıqdan iki gün sonra həbsxanadakı başqa bir şəxs vaxitəsilə Cahadın aclıq etdiyini, ağzını tikdiyini öyrəniblər: "Deyir ki, həbsxana rəhbərliyi məhbuslarla qul kimi davranır. İstədiyi vaxt cəzalandırır, işgəncə verir. Nə qayda, nə qanun var. Adamların ləyaqətini alçaldırlar, işgəncə verirlər...".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosunun Qobustan həbsxanasında C.Babakişizadənin ağzını tikib aclıq etməsi barədə sualına belə cavab verib: "Əgər həmin məhkumun yaxınları hesab edirsə ki, ona qarşı hansısa qanunazidd hərəkət var, rəsmi şəkildə Penitensiar Xidmətə müraciət etsinlər, onların müraciəti araşdırılsın".

Penitensiar Xidmət tabeliyində olan həbs yerlərində saxlanılan şəxslərə qarşı işgəncə, alçaldıcı davranış barədə iddiaları da rədd edir.

C.Babakişizadənin ailəsindən isə bildirilib ki, avqustun 29-30-u qeyri-iş günləri olduğuna görə atası və qardaşı bu gün (31 avqust-red.) Penitensiar Xidmətin səlahiyyətli şəxslərinin qəbuluna gedib: "Getdilər ki, Mirsaleh Seyidovun (Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi) qəbuluna düşsünlər".

Xatırlatma

C.Babakişizadəyə 14 il 6 ay həbs cəzası kəsilib. O, öncə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. 2018-ci ilin oktyabrında 3 illik Qobustandakı həbsxanaya köçürülüb.

C.Babakişizadə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. əməllərdə təqsirli bilinib məhkum edilsə də, özünü günahkar saymır. Bildirir ki, ittihamlar saxtadır. Məhkəmədə ifadəsində bildirib ki, əməliyyat keçirilən gün evdə günorta namazına hazırlaşdığı vaxt qonşuluqda yaşayan Əbülfəz Bünyadovun evi tərəfdən səs gəlib. Nə baş verdiyi ilə maraqlanmaq üçün küçəyə çıxıb o tərəfə gedib və orada qaramaskalı polislər tərəfindən sinəsindən güllələnib. Əlində qumbara olması barədə etiraf ifadəsinə gəlincə, bildirir ki, xəstəxanada reanimasiyada olarkən ona imzalatdırıblar.

2015-ci ilin dekabrında altı nəfərin ölümüylə nəticələnmiş Nardaran əməliyyatından sonra Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov özü də daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG