Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Facebook Azərbaycanla bağlı təhqiqat aparır – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Sosial şəbəkənin data üzrə alimi Sofi Janqın (Sophie Zhang) 6 min 600 sözlük məqaləsi Azərbaycan və Hondurasda hökumət və siyasi partiya başçılarının ictimai rəyi dəyişdirmək üçün saxta hesablardan istifadəsi, yaxud özlərini yanlış qələmə vermələrinə dair konkret nümunələrlə doludur

Facebook seçkiləri, dünyadakı siyasi məsələləri sarsıtmağı hədəfləyən saxta hesablarla bağlı dəlili ya gözardı edib, ya da ləng tədbir görüb. “BuzzFeed News” portalı bu yaxınlarda Facebook-un işdən çıxardığı bir nəfərin yazdıqlarını əldə etdiyini bildirir.

Sosial şəbəkənin data üzrə alimi Sofi Janqın (Sophie Zhang) 6 min 600 sözlük məqaləsi Azərbaycan və Hondurasda hökumət və siyasi partiya başçılarının ictimai rəyi dəyişdirmək üçün saxta hesablardan istifadəsi, yaxud özlərini yanlış qələmə vermələrinə dair konkret nümunələrlə doludur.

“The New York Times” yazır ki, Facebook Birləşmiş Ştatlarda dezinformasiya ilə mübarizədə irəliləyiş əldə etdiyini deyir, amma dünyada seçkilərə təsir göstərmiş saxta hesablara qarşı ləng tədbir görüb. Rusiya, Çin və İran kimi ölkələr hərtərəfli dezinformasiya əməliyyatlarını davam etdirirlər, Janq isə daha çox ucuz və asan bot şəbəkələrə əl atan kiçik ölkələrə diqqət çəkir.

Azərbaycanla bağlı təhqiqat bir ildən sonra başlanıb

Hindistan, Ukrayna, İspaniya, Braziliya, Boliviya və Ekvador kimi ölkələrdə o, fərqli ölçülərdə koordinasiya olunan kampaniyaların siyasi namizədləri, yaxud prosesləri önləmək, ya da gücləndirməsinə dəlillər tapdığını iddia edir. Amma heç də həmişə bunların arxasında kimin dayandığını müəyyənləşdirə bilməyib.

Janq yazır ki, Honduras Prezidenti Xuan Orlando Hernandezin mövqeyini gücləndirmək üçün minlərlə həqiqi olmayan hesabı əhatələyən koordinasiyalı kampaniyaya qarşı Facebook-un tədbir görməyi, nə az-nə çox, düz doqquz ay çəkib.

Azərbaycanda isə hakim partiya “müxalifətə kütləvi təzyiq üçün minlərlə həqiqi olmayan hesabdan yararlanıb”. Janq iddia edir ki, bu haqda məlumat verəndən bir il sonra Facebook məsələni araşdırmağa başlayıb və təhqiqat indi də davam edir.

Janq və həmkarları “2018-ci il seçkiləri zamanı Braziliya və ABŞ-da yüksək çinli siyasətçilərə məxsus 10,5 milyon saxta reaksiya və azarkeşi siliblər”.

Sosial şəbəkənin keçmiş əməkdaşı bildirir ki, Azərbaycanda o, Prezident İlham Əliyev və onun hakim Yeni Azərbaycan Partiyasının opponentlərinə hücum üçün istifadə olunan böyük bir saxta hesab şəbəkəsi aşkarlayıb. “Facebook hələ də bu təsir kampaniyasını ifşa etməyib”, – Janq vurğulayır.

Bu deyilənlərə Facebook-un mövqeyi, hələlik, bəlli deyil.

Rusiya nümunəsi yada salınır

Sözügedən əməliyyatın Rusiyanın İnternet Araşdırmaları Agentliyini xatırlatdığı vurğulanır. Bu trol fabriki 2016-cı ildə ABŞ-da seçkilərə təsir göstərməyə çalışıb. Azərbaycanda da müxalifət üzvləri və Əliyevə mənfi yanaşan media qurumlarını hədəfə almaq üçün “bazar ertəsindən cümə gününədək səhər 9-dan axşam 6-dək milyonlarla şərh yazan işçilər”dən istifadə olunduğu bildirilir.

Vaşinqton Universitetinin dosenti, Azərbaycanda sosial media və kommunikasiya texnologiyalarını öyrənən Keyti Piers “BuzzFeed News”a deyib ki, Facebook-dakı saxta hesablardan illər boyunca Azərbaycanda müxalifəti və müstəqil medianı sarsıtmaq üçün istifadə olunub.

“Avtoritar rejimlərin ən böyük alətlərindən biri müxalifəti ictimaiyyətin gözündə alçaltmaq, onların etibarlı və legitim alternativ kimi görülməsini önləməkdir”, – o vurğulayıb.

Azərbaycanda xəbər təşkilatlarının sosial media hesablarını idarə edən bir şəxs portal deyib ki, onların səhifələri saxta Facebook hesablarından gələn şərhlərlə dolub daşırdı.

“Onları pozur, ya da bloklayırdıq, çünki səhifəmizə gələnlərin ruhdan düşməsini, onlara reaksiya verərək şərh yazmasını istəmirdik. Ancaq trollar işçilər olduqlarından onların üçün yeni hesab açmaq asan iş idi”, – adının çəkilməsini istəməyən həmin şəxs deyib.

Ən çox ziyan bu ölkələrə dəyib

Janq yazır ki, Facebook hazırda Azərbaycandakı saxta hesablar və troll əməliyyatı ilə bağlı təhqiqat aparır. O, həmin məsələ haqda məlumat verəndən bir ildən də çox keçəndən sonra sosial şəbəkə buna reaksiya göstərib. İşdən çıxdığı gün o, sözügedən ölkədə saxta davranışın dayandırılmamasını “işinin ən böyük tamamlanmamış tərəfi” adlandırıb.

“Çoxları düşünə bilər ki, heç Birləşmiş Ştatlara diqqət ayırmıram, bu kiçik ölkələrlə mübarizə aparıram. Sadə dildə desəm, metodologiyalarım qlobal baxımdan sistematik olub, ancaq ona görə Honduras və Azərbaycanla bağlı mübarizə aparmışam ki, ən çox ziyanın bu ölkələrdə baş verdiyini görürdüm”, – Janq qeyd edib.

“The New York Times” yazır ki, Facebook-un siyasi xadimlərin xeyrinə fəaliyyət göstərən botlar, yaxud avtomatlaşdırılmış hesabların kökünü kəsə bilməməsi şirkətin 2,7 milyard istifadəçisi olan platformaya necə nəzarət etməsilə bağlı suallar yaradır.

Hakimiyyət təmsilçiləri bu məsələyə, hələlik, münasibət açıqlamayıblar. Ancaq müxalifətə, müstəqil mediaya qarşı trol ordusundan istifadə olunduğunu zaman-zamanı yerli və beynəlxalq müşahidəçilər də dilə gətiriblər. 2018-ci ilin prezident seçkisi öncəsi isə hakim YAP-ın sədr müavini Əli Əhmədov gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırmışdı. O, prezident seçkiləri ilində gənclərin qarşısında «mühüm vəzifələr» dayandığını, onların seçkilərin yüksək səviyyədə keçməsi üçün «fədakarlıqlar» etməli olduqlarını deyirdi.

XS
SM
MD
LG