Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

Moskva razılaşmasına Bakı yozumları...


Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri, Moskva 9 oktyabr 2020
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri, Moskva 9 oktyabr 2020

Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 9-u və 10-da Moskvada bu ölkə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olub. Uzun sürən görüşün nəticəsində onların birgə bəyanatı qəbul edilib. Bəyanatda yazılana görə, Rusiya prezidenti V.Putinin müraciətinə cavab olaraq, onunla Azərbaycan prezidenti İ.Əliyev və Ermənistan Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

“1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 3. Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; 4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

“...Türkiyənin bu prosesdən kənarda saxlanacağı mesajları idi”

Türkiyə bayrağı, arxiv foto
Türkiyə bayrağı, arxiv foto

Milli Məclisin sədr müavini Fəzail İbrahimli mövzu ilə bağlı “Turan” agentliyinə bildirib ki, Qarabağ probleminin Azərbaycanın ərazi bütpvlüyü çərçivəsində həllinə həmişə beynəlxalq ikili standarlar mane olub. Onun fikrincə, bu dəfə də yenə əsas maneə həmin ikili standratlardır. F.İbrahimli deyib ki, problemi həll etməli olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər birinin ( Rusiya, ABŞ və Fransa) öz Qafqaz marağı var, bu toqquşan maraqlar problemin həllinə imkan vermir. Onun fikrincə, “son hadisələrdə qardaş Türkiyənin fəallığı, Azərbaycana ciddi dəstək verməsi də ATƏT-in Minsk qrupunu qorxutdu və onlar vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hərəkətə keçdilər”:

“Moskvada atəşkəs haqqında qərar verilməsi də, nəticəyə yönəlik substantiv danışıqlar məsələsi də, formatın dəyişməyəcəyinin xüsusi vurğulanması da Türkiyənin bu prosesdən kənarda saxlanacağı mesajları idi”, deyə F.İbrahimli bildirir.

“Baxaq görək dedikləri vədi tutacaqlar, ya yox? ”

Amma sədr müavini hesab edir ki, Azərbaycan bu dəfə masaya üstün tərəf kimi oturub: “Hərbi üstünlük Azərbaycanın tərəfindədir. Məsələni sülh yolu ilə həll etmək istəyirlər. Baxaq görək dedikləri vədi tutacaqlar, ya yox ?”.

“Gözləyirəm ki,...”

Şahin Cəfərli, arxiv foto
Şahin Cəfərli, arxiv foto

Politoloq Şahin Cəfərli isə Azadlıq Radiosuna deyib ki, Moskvadakı razılşamanı bir az gözlənilməz sayır:

“O mənadakı, Rusiya prezidenti Putinin çağırırşında olduğu kimi humanitar məqsədli, yəni əsirlərin dəyişdiriməsi,meyitlərin çıxarılmasının qısa müddətli atəşkəs olacağını gözləyirdim. Danışıqalrın sonrakı mərhələdə başlayacağı düşüncəsində idim”

Bəyanatda danışıqların formatının dəyişməməsinin xüsusi vurğulanmasını politoloq Türkiyəyə ünvanlamış mesaj adlandırır. Onun fikrincə, son hadisələrdə Tükiyənin fəallığı göz önündə idi. Politoloqa görə, hələ ki, atəşkəs mexanimzinin detalları məlum deyil. Amma Ş.Cəfərli hesab edir ki, bundan sonrakı mərhələdə danışıqlar prosesi daha məhsuldar keçəcək:

“Gözləyirəm ki, növbəti danışıqlar mərhələsində ciddi nəticələr əldə edilsin”.

Politoloq vurğulayır ki, Azərbaycan ictimaiyyətində müəyyən məyusluq var. Onun qeyd etməsinə görə, Azərbaycan insanları nəhayət torpaqların azad olunacağını gözləyirdilər və ümid edrilər ki, buna nöqətni Azərbaycan ordusu qoyacaq.

“Cəmi bir həftə əvvəl prezident İlham Əliyev...”

Bəxtiyar Hacıyev, arxiv foto
Bəxtiyar Hacıyev, arxiv foto

İctimai fəal Bəxtiyar Hacıyev isə deyib ki, cəmi bir həftə əvvəl prezident İlham Əliyevin atəşkəs üçün irəli sürdüyü şərtlər yerinə yetirilmədi:

“Yəni Azərbaycanın ərazi bütövlüyünü tanımadılar. - Ermənilər qoşunlarını Azərbaycan torpaqlarından çıxarmadılar, çıxarılma cədvəlini də vermədilər. - Ermənistan Baş naziri Paşinyan Azərbaycan xalqından üzr istəmədi.”

B.Hacıyevin fikrincə, İ. Əliyevin səsləndirdiyi şərtlərin heç biri baş vermədiyi halda Azərbaycan tərəfi atəşkəsə razı salındı. Danışıqlar formatının dyişməyəcəyi haqda qeydə diqqət çəkən fəal deyir ki, bu Türkiyənin danışıqlarda olmayacağı deməkdir. B.Hacıyev hesab edir ki, Ermənistan Baş naziri Paşinyanın “telefon diplomatiyası” işlədi. Onun fikrincə, bu görüş Azərbaycana yeni heç nə vermədi.

Hikmət Hacıyev: “Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı”

Hikmət Hacıyev, arxiv foto
Hikmət Hacıyev, arxiv foto

“Münaqişələr yalnız hərbi yolla deyil, eyni zamanda, siyasi-diplomatik vasitələrlə həll edilir. Ermənistan-Azərbaycanın münaqişəsinin Azərbaycanın maraqları əsasında həll edilməsi üçün hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli, düşünülmüş şəkildə aparılmalıdır” Bu sözləri də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib. Prezidentin köməkçisi bildirib ki, siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alınıb: “ Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir. Ermənistan xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak etməsi və humanitar atəşkəs barədə bəyanatı qəbul etməsi Ermənistanın münaqişə tərəfi kimi rolunun bir daha təsbit olunmasıdır. 1994-cü ilin atəşkəs haqqında sənədini Ermənistan həmişə öz bildiyi kimi təhrif edirdi.” Prezidentin köməkçisi qeyd edib ki, Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti atəşkəs elan olunub:

“ Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi vardır. Bu müddət ərzində döyüş meydanında həlak olan hərbi qulluqçuların cənazələri götürülür, yaralılara yardım göstərilir.”

Hikmət Hacıyev vurğulayıb ki, atəşkəs, xüsusilə də humanitar atəşkəs sülh deyil və ola da bilməz. “Humanitar atəşkəsin elan olunmasının ardınca dərhal mahiyyətli danışıqlar başlanmalıdır,o əlavə edib.

Arif Hacılı: “Hakimiyyətin mövqeyində ziddiyət müşahidə olunur”

Arif Hacılı
Arif Hacılı

“Atəşkəsin mahiyyəti barədə aydın açıqlama yoxdur”. Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. «Baxmayaraq ki, Moskvada qəbul olunmuş sənəddə müəyyən olunmuş saatdan artıq 4-5 saat keçib, atəşkəs mövcud deyil. Ona görə mən Azərbaycan hakimiyyətindən bu məsələ ilə əlaqədar izahat verməsini tələb etmişəm”, deyə o vurğulayıb. Onun deməsinə görə, bu gün,oktyabrın 10-da Xarici İşlər Nazirliyində keçirilən brifinqdə də suallara əslində aydın cavab verilməyib:

“Türkiyənin bu prosesdən kənarda qalması, razılaşmada onun iştirak etməməsi, eyni zamanda danışıq formatının və vasitəçilərinin əvvəlki kimi saxlanması, yəni Fransanın vasitəçi kimi qalmasına razılıq verməsi, humanitar atəşkəsin müddətin müəyyənləşdirilməməsi ciddi suallar yaradır. İndiki məqamda atəşkəsə razı olmağımız faktiki olaraq qarşı tərəfin yenidən ciddi silahlanmasına, öz qoşunların mövqelərinin möhkəmləndirməsinə şərait yaradır».

A.Hacılı hesab edir ki, hakimiyyətin mövqeyində ziddiyət müşahidə olunur: «Sentyabrın 27-dən oktyabrın 9-dək istər İlham Əliyevin, istərsə də onun köməkçisi Hikmət Hacıyevin açıqlamaları Moskvada imzalanan sənədlə nəticələnməli deyildi. Burada çox ciddi ziddiyyət var və o aradan qaldırılmalıdır. Sentyabrın 27-dən sonrakı dövründə Azərbaycan ordusunun, Azərbaycan cəmiyyətinin ərazi bütövlüyü uğrunda mübarizədə əldə etdiyi nəticələri diplomatik danışıqlar masasının arxasında itirilməsinə yol verilməməlidir».

Əli Kərimli: “Rusiya Ermənistanda laxlamış mövqelərini bərkitdi, Azərbaycan üzərində ...”

Əli Kərimli, arxiv foto
Əli Kərimli, arxiv foto

“Rusiyada bu ölkənin təşəbbüsü və təkidi ilə əldə edilən atəşkəs razılaşması atəşkəslə bağlı Azərbaycanın maraqlarını və şərtlərini nəzərə almadan imzalanıb” Bunu isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərkmli bildirib. Onun fikrincə, xalq bu razılaşmadan narazıdır:

"Xalqımızın bu razılaşmadan narazı qaldığı faktdır və təbiidir.”

Ə.Kərimlinin vurğulamasına görə, cəmi 5 gün öncə prezident İlham Əliyev atəşkəslə bağlı aşağıdakı şərtlər irəli sürüb:

“Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdır; Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır; Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağın cədvəlini təqdim etməlidir; Paşinyan Azərbaycan xalqından üzr istəməlidir və s.” AXCP sədrinin fikrincə, Moskvada imzalanmış atəşkəs razılaşmasında bu şərtlərin heç biri nəzərə alınmayıb. Ə. Kərimli habelə qeyd edib ki, Moskvada Rusiyanın təkidi və təzyiqi ilə əldə olunan yeni atəşkəs razılaşması onun regiondakı mövqeyini daha da gücləndirib:

"Savaş günlərində müxalifət olaraq, birmənalı şəkildə dövlətimizin, ordumuzun yanında olduq. Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələri yumruq kimi birləşdi. Əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirdi” AXCP sədrinin deməsinə görə, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi hər gün hiss edilib.Üstəlik, o əlavə edib ki, cəbhədə həlak olanların valideynləri və doğmaları mətinlik, fədakarlıq nümayiş etdirib:

“ Bütün bunlar qələbə üçün edilirdi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, ən azı torpaqlarımızın işgaldan azad edilməsi cədvəlinin təqdim olunması üçün edilirdi. Təəssüf ki, bunlar əldə olunmayıb. Moskvada Rusiyanın təkidi və təzyiqi ilə əldə olunan yeni atəşkəs razılaşması onun regiondakı mövqeyini daha da gücləndirdi. Rusiya Ermənistanda laxlamış mövqelərini bərkitdi, Azərbaycan üzərində nüfuzunu daha da artırdı, dünyaya açıq mesaj verdi ki, Cənubi Qafqazda müharibə və sülh mövzusunda son söz ona aiddir”.

Ə.Kərimli vurğulayıb ki, xalqı eşitmək və xalqa arxalanmaq lazımdır. "Azərbaycan hakimiyyəti xalqımızın həssasiyətini nəzərə almalıdır. Başa düşməlidir ki, 13 günlük savaş dönəmində hiss etdiyi ümumxalq dəstəyi şərtli dəstək idi. Xalqımız konkret siyasi qüvvəyə deyil, torpaqların azad edilməsinə dəstək verib. Azərbaycanın maraqlarını nəzərə almayan, torpaqlarımızin işgalının davam etməsinə zəmin yaradan, Azərbaycanı konkret bir xarici dövlətdən asılı vəziyyətə salan siyasətə isə xalq dəstəyindən heç bir söhbət gedə bilməz.".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırmışdı.

XS
SM
MD
LG