Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:23

Haker hücumunda Rusiyadan şübhələnirlər


FireEye şirkətinin Kaliforniyada ofisi
FireEye şirkətinin Kaliforniyada ofisi

Kaliforniyada yerləşən FireEye şirkətlər və hökumətləri haker hücumundan qorumaqla məşğuldur

ABŞ-ın tanınmış FireEye kibertəhlükəsizlik şirkəti “dünya səviyyəli bacarıqlara” malik hakerlərin hücumlarına məruz qaldığını, hücumun dövlət tərəfindən dəstəklənməsinə inandığını bildirib.

Şirkətin baş icraçı direktoru Kevin Mandia dekabrın 8-də bloqunda yazıb ki, hakerlər şəbəkəyə girərək müştərilərin təhlükəsizliyini yoxlayan alətləri oğurlayıblar.

“Rusiyaya uyğun gəlir”

“Hücum edən əsasən müəyyən dövlət müştərilərinə bağlı informasiya axtarıb”, – Mandia ad çəkmədən deyib.

Hücumun nə vaxt aşkarlandığı bildirilmir, onun FTB ilə birlikdə araşdırıldığı qeyd olunur.

FTB-nin kiberdepartamentinin direktor köməkçisi Mət Qorham deyib ki, hakerlərin “yüksək səviyyədə işləməsi dövlətin kriteriyalarına uyğun gəlir”.

Kibertəhlükəsizlik ekspertlərinin fikrincə, təcrübəli dövlət hakerləri oğurlanmış alətləri modifikasiya edə, gələcəkdə hökumət və sənaye hədəflərinə qarşı yararlana bilərlər.

Kibertəhlükəsizlik cameəsində çoxları hücumda Rusiyadan şübhələnirlər. “Rendition Infosec” kibertəhlükəsizlik şirkətinin prezidenti Ceyk Uilyams da bu sıradadır.

“İnanıram ki, əməliyyat haqda bildiklərimiz bir oyunçu kimi Rusiyaya uyğun gəlir. Müştəri datasına çıxışın əldə edilməsindən asılı olmayaraq, bu, Rusiya üçün böyük qazancdır”, – Uilyams deyib.

2016-cı ildən bəri ən böyük hücum

Kaliforniyada yerləşən FireEye şirkətlər və hökumətləri haker hücumundan qorumaqla məşğuldur.

Bu şirkət dövlətlərin dəstəklədiyi haker qrupları ilə bağlı təhqiqatların önündə gedib, saysız hücumlarda Rusiyanın rolunun müəyyənləşdirilməsinə köməyi dəyib. 2015-2016-cı illərdə Ukraynanın enerji sisteminə hücumlarda da belə olmuşdu.

Mandia deyib ki, o, hücumun arxasında “yüksək səviyyəli hücum bacarıqları olan dövlətin” durması qənaətinə gəlib.

Bu, 2016-cı ildən bəri ABŞ-ın kibertəhlükəsizlik sektoruna ən böyük zərbə sayılır. Onda hakerlər Milli Təhlükəsizlik Agentliyindən oğurladıqları hakerlik alətlərini yaymışdılar.

Birləşmiş Ştatlar inanır ki, Rusiya və Şimali Koreya qlobal kiberhücumlarda oğurlanmış alətlərdən yararlanıb.

XS
SM
MD
LG