Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

'Revanşistlər hakimiyyətə gələcəyi halda da Ermənistan 10 noyabr sazişindən çıxmayacaq'


Ermənistan müxalifəti parlamentin qarşısında çadırlar quraraq orada gecələyib. 25 fevral 2021
Ermənistan müxalifəti parlamentin qarşısında çadırlar quraraq orada gecələyib. 25 fevral 2021

Dünən, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib. Baş Qərargah Ermənistan baş naziri Nikol Paşinyanın hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını bildirərək onun istefasını tələb etdi. Öz növbəsində N.Paşinyan da bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandıraraq tərəfdarlarını meydana səslədi. O, xalqa müraciətində bildirdi ki, vəzifədən getmək niyyətində deyil.

Axşam saatlarında Ermənistan müxalifəti parlamentin qarşısında çadırlar quraraq orada gecələyib. Onlar N.Paşinyanın istefasını tələb edirlər.

Ermənistandakı proseslərin gərginləşməsinin Qarabağ münaqişəsinə hər hansi təsiri ola bilərmi? N.Paşinyanın istefası Qarabağda yenidən müharibəyə səbəb olmaz ki?

Prezident İ.Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir. 26 fevral 2021
Prezident İ.Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir. 26 fevral 2021

Azərbaycan prezidenti: "Ermənistanda gedən proseslər..."

Fevralın 26-da keçirdiyi mətbuat konfransında prezident İlham Əliyev bildirib ki, hazırda Ermənistanda gedən proseslər onun daxili işidir və Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır: "Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib, ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq noyabrın 10-da imzalanmış bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək".

Deputat proqnozları sadalayır...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da "Turan" agentliyinə deyib ki, Ermənistandakı vəziyyətin gündən-günə gərginləşməsi və onun mümkün nəticəsi ilə bağlı müxtəlif proqnozlar var.

"Hərbi çevriliş belə olmur". Ermənistanlı ekspertlərin fikirləri
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Deputat qeyd edib ki, proqnozların birinə görə, Ermənistanda yeni inqilabın baş verməsi istisna edilmir və bu inqilab artıq məxməri olmaya bilər: "İkinci versiya o idi ki, Ermənistanda hərbçilər hakimiyyəti zəbt edə bilərlər, dövlət çevrilişi baş verə bilər. Üçüncü proqnoz onunla bağlı idi ki, Paşinyan vəziyyəti qiymətləndirib başa düşəcək ki, o, artıq məğlub vəziyyətindədir və öz toxunulmazlığını təmin edəndən sonra könüllü şəkildə istefa verə bilər. Dördüncüsü isə - Paşinyan müqavimət göstərib, polisin, ordunun gücünə arxalanıb sona qədər mübarizə aparacaq. Çünki Rusiyadan dəstək var və Rusiyanın prezidenti Vladimir Putin söyləmişdi ki, Paşinyan xəyanətkar deyil, o mövcud şəraitdə ən düzgün qərar qəbul edib".

E.Nəsirov bildirib ki, bütün bu proqnozlardan biri reallaşmaq üzrədir: "Yəni, hərbçilər hakimiyyəti zəbt etmək istəyirlər, ordunun bir hissəsi Paşinyana ultimatum göndərib, onun istefasını tələb edir".

Deputatın sözlərinə görə, Ermənistan vətəndaş müharibəsinin astanasına gəlib çıxır: "Paşinyanın da xeyli tərəfdarları var, onlar Respublika Meydanına toplaşıb. Ermənistanda proseslər ən mürəkkəb və ən qara ssenari üzrə inkişaf edə bilər, vətəndaş müharibəsi qaçılmaz ola bilər".

E.Nəsirov
E.Nəsirov

"Rusiyanın nəhəng hərbi-sənaye kompleksini çox qəzəbləndirib"

Komitə üzvü vurğulayıb ki, Paşinyanın Rusiya tərəfindən dəstəyini zəiflədən amillər ortaya çıxıb: "Paşinyanın Ermənistanın Rusiyadan aldığı "İskəndər" raketlərinin partlamaması və ya 10 faizinin partlaması haqqında tənqidi fikirləri Rusiyanın nəhəng hərbi-sənaye kompleksini çox qəzəbləndirib".

Deputatın fikrincə, Ermənistanda hakimiyyətə revanşist qüvvələr gəldiyi halda Qarabağla bağlı vəziyyət dəyişəcək: "Bunlar özlərinin kompromissiz və güzəştsiz siyasi obrazlarını yaratmaq üçün müəyyən hərbi ritorikaya üstünlük verə bilərlər".

E.Nəsirov hesab edir ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq onların silahlı qüvvələri 44 günlük müharibədə tam məğlub olub: "Orada faktiki olaraq ordu yoxdur. Belə olan vəziyyətdə hansı revanşist qüvvə hansı hərbi qüvvəyə arxalanıb Azərbaycana qarşı əməliyyata başlaya bilər? Bu mümkünsüzdür".

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Lakin deputata görə, revanşistlərin özlərini barışmaz göstərmək üçün terror əməliyyatları keçirməyə cəhd göstərəcəkləri istisna edilmir: "Bu isə təbii ki, antiterror əməliyyatlarını zəruri edir. Azərbaycanın bu sahədə təcrübəsi var. Keçən ilin noyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri və xüsusi xidmət orqanları məhz antiterror əməliyyatının nəticəsində 62 nəfər terrorçunu həbs ediblər".

Ermənistan isə həmin şəxsləri terrorçu yox, hərbi əsirlər sayır və geri qaytarılmasıni istəyir.

E.Nəsirov əlavə edib ki, belə olan halda regionda hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Onun fikrincə, böyük dövlətlər, xüsusilə Rusiya bu məsələyə olduqca həssas yanaşmalı və mümkün olan ağır nəticələri indidən hesablamalıdır.

Ə.Oruclu
Ə.Oruclu

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi: "Çünki hazırda Paşinyana qarşı iki qrup mübarizə aparır. Bunlardan biri Putinə söykənən (keçmiş prezident) Koçaryan və onun klanıdır. Digəri isə prosesə bir qədər gec qoşulmuş və Rusiyanın hərbi dairələrinə bağlı (keçmiş prezident) Serj Sarkisyanın klanıdır».

"Paşinyanı xalq gücü ilə devirmək mümkün olmayacaq"

Ekspertin sözlərinə görə, Ermənistanda müxalifətin təşkil etdiyi mitinqlərə az adamın gəlməsi göstərdi ki, N.Paşinyanı xalq gücü ilə devirmək mümkün olmayacaq: "Ona görə də Serj Sarkisyan "İskəndər" raketləri ilə bağlı provikativ sualı ortaya atdı və bununla Paşinyanı hərbçiləri ilə konfliktə çəkdilər. Belə görünür ki, Ermənistan Baş Qərargahı Rusiyanın hərbi dairələrdən tapşırıq alıb və onlar indi Paşinyanı silah gücünə devirmək istəyirlər. Devirə biləcəklərmi, bu, çox böyük sual altındadır".

Ə.Oruclunun fikrincə, revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda da Ermənistan 10 noyabr sazişindən çıxmayacaq: "Onlar, sadəcə olaraq, həmin bəyanatı məğlubiyyət kimi qiymətləndirib günahı Paşinyanın üzərinə qoyacaqlar".

Nikol Paşinyan Qarabağda müharibəyə görə günahkarları açıqlayır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Amma politoloq vurğulayıb ki, Qarabağda müharibənin alovlanması təhlükəsi qalmaqdadır: "Nəzərə alsaq ki, Qarabağ problemi hələ bitməyib, Rusiya Qarabağ müharibəsində özünün istədiyi hədəflərə tam çatmayıb, yəni, Qarabağ üzərindən Yaxın Şərqə çıxışını tam əldə edə bilməyib, Qarabağda müharibə təhlükəsi var. Üstəlik də ki, revanşist qüvvələrini hakimiyyətə gətirənlər onlara müəyyən uğurları qazandırmağa çalışacaqlar".

Ermənistanda proseslər necə gərginləşdi

Ermənistan baş naziri Nikol Paşinyan fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı "İskəndər" raket komplekslərinin "keyfiyyətsizliyindən" söz açmışdı. O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış "İskəndər" raketləri tam gücü ilə partlamayıb.

N.Paşinyan "İskəndər" barədə fikirlərini keçmiş prezident S.Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi. S.Sarkisyan isə demişdi ki, o bu raketlərin niyə müharibənin üçüncü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında, başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılmadığını başa düşmür.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG