Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:01

Azərbaycan silahların 69 faizini İsraildən alır


Azərbaycanda hərbi parad, 10 dekabr, 2020-ci il
Azərbaycanda hərbi parad, 10 dekabr, 2020-ci il

Dünyanın ən böyük silah idxalçısı Səudiyyə Ərəbistanıdır, qlobal idxalın 11 faizi ona məxsusdur. Sonrakı yerləri Hindistan, Misir, Avstraliya və Çin tutur.

2016-2020-ci illərdə Azərbaycan və Ermənistanın silah idxalı dünyada silah transferlərinin uyğun olaraq 0.7 və 0.3 faizini təşkil edib. Amma bu silahların çoxu 2020-ci ilin 44 günlük müharibəsində əsas rolu oynayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) martın 15-də yaydığı hesabatda belə deyilir.

Sənəddə qeyd olunur ki, 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94 faizi Rusiyadan gedib. Buraya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ballistik raketlər və artilleriya daxildir.

Azərbaycanın sözügedən müddətdə silah idxalı Ermənistandan 2.5 faiz çox olub. Bu zaman kəsimində Azərbaycan silahlarını 17 faizini Rusiyadan, 69 faizini İsraildən alıb. İsrailin satdığı silahlar əsasən dronlardan, ballistik raketlərdən, Rusiyadan göndərilənlər isə zirehli texnika və artilleriyadan ibarət olub.

Silah satışı artmasa da...

SIPRI qeyd edir ki, 2016-2020-ci illərdə dünyada silah satışı daha öncəki beş illə müqayisədə çox artmasa da, yenə də Soyuq Müharibə bitəndən bəri ən yüksək həddə yaxındır.

Dünyanın əsas beş silah ixracatçısından üçü – Birləşmiş Ştatlar, Fransa və Almaniya beş illik müddətdə təchizatı artırıb. Amma Rusiya və Çindən ixracın azalması bu artımı kompensasiya edib.

2001-2005-ci illərdən bəri ilk dəfə olaraq ölkələr arasında əsas silah göndərişlərinin həcmi öncəki beş illə müqayisədə artmayıb, SIPRI bildirir.

Birləşmiş Ştatlar dünyada ən böyük silah ixracatçısıdır, qlobal silah transferlərinin 37 faizi ona məxsusdur. Bu transferlərin yarısı Yaxın Şərqə gedib.

İkinci yerdə olan Rusiya qlobal silah transferlərinin 20 faizini tutur. Amma 2011-2015-ci illərlə müqayisədə son beş ildə satışı 22 faizi azalıb. Bu da əsasən Hindistana silah satışında kəskin azalmayla bağlıdır.

BƏƏ ABŞ-la 23 milyard dollarlıq kontrakt imzalayıb

SIPRI-nın aparıcı tədqiqatçısı Pieter Vezeman deyib ki, silah satışında azalmanın qalıcı olacağını demək çətindir.

“COVID-19 pandemiyasının iqtisadi təsiri bəzi ölkələri gələn illər ərzində silah idxalına yenidən baxmağa sövq edə bilər. Amma eyni zamanda, 2020-ci ildə pandemiyanın pik həddində bir sıra ölkələr böyük silah kontraktları imzalayıblar”, – Vezeman vurğulayıb.

Məsələn, Birləşmiş Ərəb Əmirlikləri bu yaxınlarda ABŞ-la 23 milyard dollarlıq paket imzalayıb, buraya 50 F-35 qırıcısı və 18-dək silahlı dron alışı da daxildir.

Yaxın Şərq ölkələri 2016-2020-ci illərdə öncəki beş illə müqayisədə silah idxalını 25 faizədək artırıblar.

Dünyanın ən böyük silah idxalçısı Səudiyyə Ərəbistanıdır, qlobal idxalın 11 faizi ona aiddir. Sonrakı yerləri Hindistan, Misir, Avstraliya və Çin tutur.

8 faizlə dünyada üçüncü silah ixracatçısı olan Fransa isə Hindistan, Misir və Qətərlə silah sazişləri imzalayıb.

XS
SM
MD
LG