Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Prezident 'İskəndər' raketi ilə bağlı Rusiyanın cavabını açıqlayıb


Prezident İlham Əliyev Azərbaycan ərazisinə “İskəndər-M” raketinin atılması ilə bağlı dövlət televiziyasının sualını cavablandırıb.

“Cənab Prezident Hərbi Qənimətlər Parkının açılışında Siz Azərbaycan ərazisinə atılan “İskəndər-M” raketi barədə danışdınız və dediniz ki, bununla bağlı Rusiyadan cavab gözləyirsiniz. Bununla bağlı bir cavab verildimi” sualına o belə cavab verib:

“Bu sözləri deyəndən sonra ertəsi gün (aprelin 13-də) Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.”

“Yəni, Ermənistan ordusunda “İskəndər-M” raketləri ola bilməzdi”

Prezident qeyd edib ki, “bu, əslində, bizim məktubumuza tam cavab deyil”:

“Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İskəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İskəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İskəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İskəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İskəndər-M” raketləri ola bilməzdi”

“Bu suallara cavab yoxdur”

Prezidentin deməsinə görə, bunun başqa yolu ola bilməz:

“Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”.

Dövlət başçının qeyd etməsinə görə, bu, xoşagələn vəziyyət deyil:

“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İskəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır”.

“Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır”

Prezident deyib ki, strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır:

“Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib. Biz ümid edirik ki, “İskəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik.”

“Bu, bizə qarşı açıq ittihamdır”

Prezident sonra da deyib:

“Bir halda ki, Rusiya mətbuatında “İskəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İskəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır.”

Prezident əlavə edib ki, “Biz bölgədə sülhün əbədi olmasını istəyirik” :

“Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim.”

Dövlət başçısı daha sonra deyib:

“O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır...”

Prezident: 'Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Vladimir Putinlə...'

"Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya prezidenti Vladimir Putinlə "İskəndər-M" raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq".

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 13-də prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Rəsmi Yerevanın raketlər barədə bəyanatını qəribə adlandıran İ.Əliyev deyib: "Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik".

İlham Əliyev: 'Biz rəsmi açıqlama gözləyirik'

"Şuşanı, bax, bu "İskəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi". Bunu aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, artıq bu, əyani sübutdur: "Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün".

Dövlət başçısı sonra da qeyd edib: "Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İskəndər-M" raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik".

Gənc müsavatçılar Rusiyaya etiraz edir

Bu gün, aprelin 9-da Müsavat Partiyasinin bir qrup gənc fəalı Bakıda Rusiya səfirliyin önündə etiraz aksiyasi keçiriblər.

Onlar səfirliyin önündə Rusiya əleyhinə şüarlar səsləndiriblər. Aksiya iştirakçılarına polis müdaxiləsi olmayıb. Partiyanin Gənclər Təşkilatının rəhbəri elə səfirlik önündə aksiyanin qətnaməsini də oxuyub. Qətnamədə Şuşaya "İskəndər" raketlərinin atıldığı qeyd edilərək baş verənlər Rusiyanin pozuculuq fəaliyyəti kimi dəyərləndirilib.

"Moskva izahat verməlidir"

Aksiyadan sonra partiyanın başqanı Arif Hacilı da deyib ki, Qarabağda Rusiya Federasiyasının mövcud siyasətinə son qoyulmalıdır.

""İskəndər" raketinin Şuşaya atılmasına aid Moskva izahat verməlidir, azərbaycanlıların Yuxarı Qarabağda sərbəst hərəkətinə mane olmamalıdırlar", - A.Hacılı vurğulayıb

Aksiyaya, hələlik, Azərbaycanın Rusiyadakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Putinlə Paşinyan Qarabağı müzakirə ediblər
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Jurnalistlər Rusiyadan cavab gözləyir

Bir qrup jurnalist və bloqer Şuşa şəhərində "İskəndər" Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

"Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb...", - müraciətdə bildirilir.

Müraciətdə daha sonra vurğulanır: "Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan "İskəndər" Operativ-Taktiki Raket Kompleksindən atəş açıb... Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda "İskəndər" raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: "Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib"".

"Rusiyanın birmənalı rəsmi cavabı eşidilməyib"

Müraciət müəllifləri xatırladır ki, Şuşada məhz "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksinin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub: "Lakin indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib... Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək".

"Biz səfirlikdən doğru cavab istəyirik"

Müraciət müəlliflərindən bloqer Həmid Həmidov "Turan" agentliyinə deyib ki, səfirlikdən doğru cavab istəyirlər: "Yaxşı olar ki, xırdalıqlarına qədər ətraflı yazsınlar. Günahkarların cəzalanması barədə fakt tələb edirik".

Yerlə bir edilmiş Ağdam bombalanmış Berlindən nə "öyrənsin"?
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Kreml Şuşada tapılan "İskəndər" qalıqlarından xəbərsiz olduğunu deyir

Kremldə Dağlıq Qarabağda "İskəndər" raketi qırıntılarının tapılmasına dair məlumatdan xəbərsizdirlər.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "RIA Novosti" agentliyinə deyib ki, münaqişə vaxtı bu raket komplekslərindən istifadə olunmayıb: ""İskəndər" raketlərindən münaqişə vaxtı istifadə olunmadığına dair söhbət yadınızdadır da. Bu, təsdiq olunmuşdu".

'İskander'in qalıqları Bakıya gətirilib

Aprelin 2-də Bakıda İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisinə atıldığı deyilən "İskander" raketlərinin qalıqları nümayiş etdirilib. Həmin qalıqları martın 15-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Şuşada aşkarladığı vurğulanır.

Atan kimdir?

"Turan" agentliyinin xəbərinə görə, "Qalıqlar nəyə görə Bakıya gətirilib və ən əsası - "İskander"ləri Şuşaya atan Rusiya, yoxsa Ermənistan silahlı qüvvələri olub" sualı ilə Müdafiə Nazirliyinə üz tutublar. Amma oradan ANAMA-ya üz tutmaq məsləhət bilinib.

ANAMA-nın qərargah rəisi İdris İsmayılov isə "Turan"a verdiyi müsahibədə də qeyd edib ki, raket qalıqları Şuşada aşkarlanıb. Onun deməsinə görə, biri şəhərin yaşayış evlərinin kənarında, digəri isə mərkəzdə tapılıb. "Qalıqların Bakıya gətirib insanlara göstərilməsinə yuxarıdan rəhbərlik qərar verib. Qalıqların necə müddət Bakıda qalacağı barədə məlumatım yoxdur. Ehtimal edirik ki, iki raketin qalıqlarıdır. Onlar partlayaraq dağılıblar. Müharibədən xeyli vaxt keçdiyinə görə barıt hissəcikləri tapılmayıb",- İsmayılov deyib.

Ehtimallar...

"İskander"i kimin atması Azərbaycanda müzakirə mövzusudur. Hərbi ekspert Tərlan Eyvazov bunu Rusiyanin həyata keçirməsi ehtimalının üzərində dayanmayıb. O, raketin Ermənistan tərəfdən atıldığını iddia edib. Amma ukraynalı ekspert Aleksey Arestoviç "Turan"a müsahibəsində bu raketləri Şuşaya Rusiya silahlı qüvvələrinin bilərəkdən atmasını təxmin edib. O hesab edir ki, raketlər partlamayıb, "bolvanka", yəni, partlayıcı olmayan raketlərlə Şuşanı vuraraq hədəfi dəqiq müəyyən etmək istəyiblər.

Bir çox ekspertlər də ehtimal edirlər ki, "İskander"lərin qalıqlarının nümayiş etdirilməsi Bakının Kremlin hərəkətlərinə göz yummaq istəməməsinin göstəricisidir.

Halbuki, Azərbaycan prezidenti bunları demişdi...

"Ermənistanın baş nazirinin "İskander" raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu". Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Rusiyanın "Zvezda" media holdinqinin sualına cavabda demişdi. Azərbaycan prezidenti vurğulamışdı ki, o bu mövzuda istehza ilə danışmaq istəmir: "Biz "İskander" raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır".

Azərbaycan prezidentinin sözlərinə görə, belə yalanlar çox olub: "Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim".

Azərbaycan prezidenti daha sonra sual edib: "Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir…".

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Ermənistan baş naziri "İskəndər" barədə nə demişdi?

Ermənistan baş naziri Nikol Paşinyan isə fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı "İskander" raket komplekslərinin "keyfiyyətsizliyindən" söz açmışdı. O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış "İskəndər" raketləri tam gücü ilə partlamayıb.

Paşinyan "İskander" barədə fikirlərini keçmiş prezident Serj Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi. Sarkisyan isə demişdi ki, o bu raketlərin niyə müharibənin üçüncü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında, başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılmadığını başa düşmür.

"Armnews" saytına müsahibəsində keçmiş prezident bunu da iddia etmişdi ki, onda "İskander” raketinin Şuşa istiqamətində istifadə olunduğuna dair mötəbər informasiya var. Şuşa uğrunda döyüşlər müharibənin son günlərinə təsadüf edirdi.

"İskander" raketlərini 2016-cı ildə Ermənistanın Rusiyadan aldığı bildirilir. Bu zaman bu prosesin elə Rusiyadan verilən kredit hesabına gerçəkləşdirildiyi qeyd edilir.

Xatırlatma

Ötən il Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG