Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

İcma: ‘Biz ermənilərlə sülh şəraitində yaşayacağıq’


Xankəndi, 16 noyabr 2020
Xankəndi, 16 noyabr 2020

Qarabağ azərbaycanlıları icmasının sədri Tural Gəncəliyevin Xankəndində təşkilatın nümayəndəliyinin yaradılması üçün yer axtarması barədə Tvitter-də yerləşdirilən statusu müxtəlif mülahizələr doğurub.

Bu statusun mahiyyətinə aydınlıq gətirmək üçün “Turan” İnformasiya Agentliyi Qarabağ azərbaycanlıları icmasına üz tutub. Qurumun Media və kommunikasiyaya məsul şəxsi Əhməd Mahmudov bunları deyib:

"Tural Gəncəliyevin azərbaycanlı icma üçün ofis axtarmaq haqqında şəxsi Facebook statusu erməni-Qarabağ ictimaiyyətinin azərbaycanlıların Qarabağa qayıtmaq niyyətinə reaksiyasının yoxlanması olub. Ermənilərin sosial şəbəkələrdə yazdıqlarını nəzərdən keçirərkən biz başa düşdük ki, təəssüf ki, xeyirxah rəylərlə yanaşı, reaksiyaların əksəriyyəti kəskin mənfi olub"

Ə. Mahmudov sonra da deyib:

" Yaxın gələcəkdə azərbaycanlılar Qarabağın bütün yaşayış məntəqələrinə və Xankəndinə qayıdacaqlar, İcmamızın ofisi Xankəndində qurulacaq. Terrorla məşğul olanlar və Azərbaycan Konstitusiyasına qarşı çıxanlar istisna olmaqla, biz ermənilərlə sülh şəraitində yaşayacağıq"

“Bakıda da köhnə, yaşayış üçün yararsız sovet binaları sökülür”

Azərbaycan əsgərləri Şuşa qalası önündə, 4 dekabr 2020
Azərbaycan əsgərləri Şuşa qalası önündə, 4 dekabr 2020

Şuşa şəhərinin işğaldan azad olunmasından sonra bu şəhərdə beşmərtəbəli binaların dağıdılması ilə bağlı suala cavab verən icmanın nümayəndəsi deyib ki, sovet Azərbaycanında tikilmiş köhnə "xruşşovkalar" sökülür. Onun qeyd etməsinə görə, ötən dövr ərzində evlər təmir edilməyib, yararsız vəziyyətə düşüb və insanlar üçün təhlükəli hesab edilir:

"Prezident İ.Əliyev Şuşaya iki dəfə səfər edib. O, son səfər zamanı şəhərin simasını onun tarixi statusuna uyğun olan normal vəziyyətə gətirmək barədə göstəriş verib. "Xruşşovkalar" ermənilər tərəfindən tikilməmişdir, onlar mədəni, tarixi, memarlıq irsinin obyektləri deyillər və buna görə də ermənilərin bu məsələ ilə bağlı çıxışları əsassızdır".

O əlavə edib ki, Bakıda da köhnə, yaşayış üçün yararsız sovet binaları sökülür.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Şuşa şəhəri daxil), ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG