Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

Hər kəsə nəsib olmayan pensiya


Qadınların da pensiya yaşı mərhələli şəkildə 60-dan 65-ə çatdırılacaq
Qadınların da pensiya yaşı mərhələli şəkildə 60-dan 65-ə çatdırılacaq

Azərbaycanda pensiya üçün bir çox tələb var.

"Əmək pensiyaları haqqında" Qanuna görə, vətəndaşlar pensiya hüququ qazanmaqdan ötrü bir çox tələbə cavab verməlidir. Bu tələblərdən biri yaşla bağlıdır. İndi Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. Dörd il öncə qəbul edilən qərara görə, qadınların da pensiya yaşı mərhələli şəkildə 60-dan 65-ə çatdırılacaq. Belə ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda ölkədə qadınların pensiya yaşı 62-dir. İyulun 1-dən bu tələb 62 yaş 6 aya yüksələcək.

Di gəl, ölkə əhalisinin ciddi bir bölümü pensiya yaşınadək sağ qalmır. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə qeydə alınan ölümlərin 41 faizi yaşı 65-ə çatmayan şəxslərin payına düşür. Avropa Birliyi ölkələrində bu rəqəm cəmi 18 faizdir.

Rəqəmlər cins baxımından gözdən keçirilsə, kişilərin pensiya yaşına çatmadan ölüm faizinin daha yüksək olduğu üzə çıxır. 2019-cu ildə ölkədə vəfat edən kişilərin yarısının yaşı 65-dən az olub. Başqa deyimlə, həyatını itirən hər iki kişidən biri pensiya yaşına çata bilməyib. Vəfat edən qadınlar arasında yaşı 65-dən az olanların sayı 31 faizdir. Diqqət çəkən daha bir məqam son illərdə pensiya yaşına çatmadan həyatını itirənlərin sayının artmasıdır. Müstəqilliyin ilk ilində - 1991-ci ildə vəfat edənlərin 58 faizi 65 yaşı tamamlamayanlardan ibarət idi. 2006-cı ildə bu göstərici 37 faizədək geriləsə də, son illər yenidən artmağa başlayıb.

Olur ki, 65 il yaşamaq da yetməz

Bəzi hallarda 65 yaşınadək sağ qalmaq da pensiya hüququ qazanmağa yetmir. Mövcud qanunvericiliyə görə, vətəndaş yalnız topladığı pensiya kapitalı pensiya təminatına imkan verərsə, staja baxmadan əmək pensiyası almaq hüququ qazanır. İndi Azərbaycanda minimum pensiya kapitalı 28 min 800 manatdır. Minimum pensiya kapitalı ölkədəki minimum pensiya məbləğinin 144 aya (12 ilə) vurulmasıyla hesablanır. İlk baxışda minimum pensiya məbləğinin artması müsbət hal kimi görünsə də, nəzərə almaq lazımdır ki, minimum pensiya kapitalının artması gələcəkdə daha az insanın pensiya ala bilməsinə də səbəb ola bilər. Bu o deməkdir ki, gələcəkdə minimum pensiya məbləği artırılacağı halda, minimum pensiya kapitalının həcmi artacaq. Məsələn, hazırda minimum pensiya məbləği 200 manat, minimum pensiya kapitalı isə 28 min 800 manatdır. Minimum pensiya məbləği 300 manata yüksəldilərsə, minimum pensiya kapitalı 43 min 200 manat olacaq. Başqa deyimlə, iş stajı tələbinə cavab verməyənlər yalnız 43 min 200 manat və daha çox pensiya kapitalı toplayanda pensiyaya çıxa biləcəklər. Azərbaycanda pensiya kapitalı nəzərə alınmadan pensiyaya çıxmaq üçün tələb olunan minimum iş stajı indi 25 ildir.

Kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluq problem yaradır

Azərbaycanda minimum pensiya kapitalı və iş stajı ilə bağlı əsas problem kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun əhatə dairəsinin genişliyindən qaynaqlanır. Ölkədə ümumi məşğul əhali arasında muzdla (əməkhaqqı ilə) çalışanların xüsusi çəkisi həm region ölkələrindən, həm də dünya ortalamasından bir neçə dəfə geri qalır. Hazırda ölkədə əməkhaqqı ilə rəsmi şəkildə işləyən işçilər bütün məşğul əhalinin sadəcə 32 faizidir. Rusiya və Belarus kimi keçmiş sovet respublikalarında bu göstərici 93-96 faizdir. Avropa Birliyi ölkələrində həmin göstərici - 85, Mərkəzi Avropa və Baltik ölkələrində - 82, Türkiyədə - 69, Gürcüstanda isə - 50 faiz həddindədir .

Gəlirlər baxımından da eyni meyl gözə çarpır. Azərbaycanda əməkhaqqı gəlirlərinin əhalinin ümumi gəlirləri içərisində payı yüksək deyil. Dövlət Statistika Komitəsinin göstəricilərindən aydın olur ki, ölkədə ümumi ailə gəlirlərinin cəmi 30 faizə yaxını əməkhaqqı gəlirlərindən ibarətdir. Ölkədə əməkhaqqı gəlirlərinin ÜDM-dəki payı isə təxminən 19 faizdir. Fransa, Almaniya, Yaponiya, Rusiya və Belarus kimi ölkələrdə həmin göstərici 50 faiz civarındadır.

Bəs stajsızlar və sığorta kapitalı toplamayanlar necə olsun?

Azərbaycan qanunlarına görə, istər 25 il iş stajına, istərsə 28 min 800 manat pensiya kapitalına malik olmayan şəxslərə pensiya yaşına çatdıqda 130 manat qocalıq müavinəti təyin edilir. İndi ölkədə pensiyaçılar üçün yaşayış minimumu 162 manat, ölkə üzrə yaşayış minimumu isə 196 manatdır. Ötən ilin göstəricilərinə görə, ölkədə yaşı baxımından sosial müavinət alan vətəndaşların sayı 82 min 363 nəfərdir.

Ümumi pensiyaçı sayına gəlincə, ötən ilin rəqəmlərinə görə, hazırda ölkədə 742 min nəfər yaşa görə pensiya alır. Bunu da gözardı etmək olmaz ki, 2010-cu ildən bəri yaşa görə pensiya alanların sayı ilbəil azalır. 10 il öncə əmək pensiyaçılarının sayı 859 min nəfər - indikindən 16 faiz çox idi. Hazırda yaşa görə pensiya alanların orta aylıq pensiya məbləği 291 manat 50 qəpikdir.

XS
SM
MD
LG