Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:32

Klaviaturanın arxasındakı kimdir?


Sosial şəbəkələrdə saxta profillərin və ya trolların olması yenidən geniş müzakirələrə səbəb olub. Aprelin 13-də Britaniyanın "The Guardian" qəzetində dərc olunan məqalədə iddia olunurdu ki, Azərbaycanda trol şəbəkəsi var. Yazıda qeyd edilirdi ki, onlar müstəqil xəbər agentlikləri və müxalif siyasətçiləri hədəf alıb.

Qəzet yazır ki, Facebook-un əməkdaşı Sofi Çjan 2019-cu ilin avqustunda öz menecerləri və şirkət icraçılarını Azərbaycanda təqib kampaniyasının mövcudluğu ilə bağlı məlumatlandırsa da, sosial media şirkəti 14 ay hakim Yeni Azərbaycan Partiyasının (YAP) bir qolunun kampaniya həyata keçirməsinə imkan verib.

"Prezident İlham Əliyevin bu qədər dəstəklənməsinə..."

YAP isə, öz növbəsində, aprelin 14-də "The Guardian" qəzetindən təkzib verməsini tələb edib. Partiya bildirib ki, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub.

Trollar kimlərdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:00:58 0:00

YAP-dan qeyd olunub ki, 760 min üzvləri var və bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir: "YAP-ın və partiya sədri prezident İlham Əliyevin bu qədər partiya üzvləri tərəfindən dəstəklənməsinə trol adının verilməsi də siyasi və hüquqi məsuliyyət kəsb edir".

Hakim partiya həmçinin vurğulayıb ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də Facebook üzərindən trol şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaradıb.

"Əlaqələndirilmiş saxta davranış"

2020-ci ildə Facebook sentyabr və oktyabr aylarının ilk günlərində dünya boyunca blokladığı saxta hesab şəbəkələri barədə hesabatı dərc edib. Hesabatın Azərbaycana aid hissəsində yazılıb ki, Facebook ölkəyə bağlı 589 hesab, 7 min 906 səhifə və 447 Instagram hesabını "əlaqələndirilmiş saxta davranış"a görə bağlayıb.

Bildirilir ki, istifadəçi profilinə bənzədilən səhifələrdən, əsasən, hökumətyönlü materialların gücləndirilməsi və təbliğatı üçün istifadə olunurdu.

E.Nəsirov
E.Nəsirov

YAP Təftiş komissiyasının üzvü, deputat Elman Nəsirovun "Turan"a bildirməsinə görə, "The Guardian" qəzeti ilk dəfə deyil ki, Azərbaycana və iqtidara iftira dolu məlumatları yayır: "Onların haradan maliyyələşdirildiyi bizə bəllidir. İndi də hakim Yeni Azərbaycan Partiyasını trol şəbəkəsi saxlamaqda əsassız ittiham edir".

"Partiyanın trollar saxlamağa heç bir əsası yoxdur"

Deputatın fikrincə, qəzetin bu ittihamı o baxımından tənqidə dözmür ki, YAP təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük partiyasıdır: "Onun sıralarında 760 min insan cəmlənib və onların 40 faizi gənclərdir. Axı belə partiyanın trollar saxlamağa heç bir əsası yoxdur".

E.Nəsirov qeyd edib ki, o partiyalar trollar saxlamaqda, bunun üçün maliyyə xərcləməkdə maraqlı ola bilər ki, sosial bazası olmasın: "Yeni Azərbaycan Partiyasının buna qəti ehtiyac yoxdur".

"Bunlar klaviatura qəhrəmanıdırlar"

E.Nəsirovun fikrincə, trolluğu YAP yox, AXCP və Milli Şura edir: "Səbəb isə budur ki, AXCP-nin çox məhdud sayda üzvləri var. Belə olan vəziyyətdə təbii ki, onlar üçün strateji hədəf və onları ən çox qayğılandıran məsələ çoxlu "layk" məsələsidir və buna nail olmaq üçün trollara ehtiyac yaranır. Bunlar klaviatura arxasında qəhrəmandırlar və bunların vətəni də sosial şəbəkələrdir".

S.Həzi
S.Həzi

"YAP başa düşməlidir ki…"

AXCP sədr müavini Seymur Həzi isə mövzu ilə bağlı AzadlıqRadiosuna bunları bildirib: "YAP başa düşməlidir ki, "The Guardian" qəzeti AXCP-nin orqanı deyil".

S.Həzi qeyd edib ki, AXCP-ni trollar saxlamaqda ittiham etmək absurddur: "Mən özüm bununla bağlı təklif irəli sürmüşdüm ki, kimin şübhəsi varsa, həmin adamlara zəng vursunlar və dəqiqləşdirsinlər, görək profilin arxasında dayanan həmin adamdır, yoxsa yox?".

Partiya nümayəndəsinin sözlərinə görə, sosial şəbəkələrdə hökumət üçün acı reallıq var: "Onlar bunu təkzib etsələr də, cəmiyyətin gözünün qarşısından heç nə qaçmır axı. Ona görə də düşünmürəm ki, mən burada polemikanın bir tərəfiyəm. Hökumət burada, sadəcə, AXCP-nin adını çəkməklə fikri yayındırmaq istəyir".

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, trollar müəyyən müxalifət partiyalarında da var, amma onun fikrincə, əsasən müxtəlif qruplar sistemli şəkildə iqtidar tərəfindən idarə olunurlar: "Facebook tərəfindən 8 min saxta profil və səhifə bağlanmışdı. Bu onu göstərir ki, böyük bir qrup bunun üzərində işləyir".

B.Hacıyev
B.Hacıyev

"Trollar üç qrupa bölünür"

Fəal deyir ki, trollar üç qrupa bölünür. Onun sözlərinə görə, onlardan biri sadə profillərdir: "Onlara istənilən mövzu ilə bağlı müxalif səhifələrdə hər hansı post paylaşılarsa, standart mətnlərlə dərhal iqtidarı müdafiə etmək tapşırılır. Bu, adətən, iqtidaryönlü saytlardan və prezidentin çıxışlarından mətnlər vasitəsilə edilir. İkinci qrup, adətən, saxta profillərlə nisbətən orta təbəqədən olan nümayəndələrdir. Hansılar ki, gündəm yarada biləcək bir mövzu ilə bağlı yazılanlara Prezident Administrasiyasından onlara təqdim olunmuş tezisləri müxtəlif cümlələrlə öz fikirləri kimi yazıb gündəmi dəyişməyə çalışırlar".

Fəalın fikrincə, xüsusi təyinatlı trollar da var ki, onlar çox əhəmiyyətli mövzularda öz adları ilə, amma Prezident Administrasiyasından verilmiş tezislər ilə çıxış etməyə çalışırlar.

"Onların ictimai rəyə heç bir təsiri olmur"

Fəal bunu böyük pul israfı kimi qiymətləndirib: "Çünki onların ictimai rəyə heç bir təsiri olmur".

B.Hacıyevin bu fikirlərinə, hələlik, Prezident Administrasiyasindan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl rəsmi şəxslər belə iddiaları dəfələrlə yalanlayıblar.

Ə.Məmmədli
Ə.Məmmədli

Hüquqi məsuliyyət

Hüquqşünas Ələsgər Məmmədli isə bildirir ki, saxta hesabdan normal bir fikir yazılırsa, burada hər hansı bir hüquqi məsuliyyət yaranmır: "Amma əgər anonim hesablar konkret kimisi hədəfə alır, onun şərəfini, ləyaqətini nalayiq formada aşağılayır və yaxud da qanunla qadağan olunmuş informasiyalar yayırsa, o zaman müvafiq maddə ilə cinayət işi qaldırıla bilər".

Ekspert deyir ki, cinayət işi qaldırıldığı halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Təhlükəsizliyi Departamenti həmin hesabın sahibini müəyyənləşdirə bilir: "Əgər şəxs ölkə xaricindədirsə, böhtan və təhqirdən əlavə hər hansı cinayətə, məsələn, ölümlə hədələməyə yol verərsə, cinayət işi çərçivəsində onun müəyyən edilməsi və məsuliyyətə cəlb olunması tələb oluna bilər".

Son

"Troll", əslində, balıqçılıqla bağlı termindir, ingilis dilində "balıq tutmaq üçün istifadə olunan tilov" (qarmaq), "tilovun ucuna taxılan yem", "suya tilov atıb balıq tutmaq" mənalarını verir.

XS
SM
MD
LG