Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:41

'Oskar'ın bəyənmədiyi incilər


"Oskar"
"Oskar"

"Oskar" mükafatı almayan keyfiyyətli aktyor, rejissor və filmlərin siyahısı xeyli uzundur. Bu siyahıda Cudi Qarlend (iki dəfə namizəd olub), Merilin Monro (heç vaxt namizəd olmayıb) və Riçard Börton (yeddi dəfə namizədliyi irəli sürülüb) kimi əfsanələrin adları var. Mükafatın verilmədiyi filmlər siyahısında isə istər Amerika, istərsə də dünya kino tarixində iz buraxmış, bu günə qədər sitat gətirilən, kino sənəti fakültələrində öyrənilən filmlər var. Məsələn, 1947-ci ildə "Həyat gözəldir" (It's a Wonderful Life) filmi "Həyatımızın ən yaxşı illəri" (The Best Years of Our Lives) adlı filmə uduzub. Bu günə qədər insanların yadında olanın ikinci film olmadığı dəqiqdir.

"USA Today" qəzeti bu qəbildən olan "səhv"lərin siyahısını dərc edib.

"Vətəndaş Keyn". Xatirə mükafatı almış Hiçkok

"Vətəndaş Keyn" (Citizen Kane) filmi Amerika kino tarixində dərin iz qoymuş filmlərdən biridir. Bu gün də kino sənəti mövzusunda hər hansı onlayn dərs götürmək qərarına gəlsəniz, mütləq bu filmin adını eşidəcəksiniz. 1942-ci ildə, Amerika Kino Akademiyasının 14-cü mükafatlandırma mərasimində bu film "Mənim vadim necə də yaşıl idi" (How Green Was My Valley) adlı filmə uduzub. Qalib filmin adını kino həvəskarları arasında belə çox az adam eşidib. Orson Uellsin çəkdiyi "Vətəndaş Keyn" isə Amerika Kino İnstitutunun "Tarixin 100 ən böyük filmi" siyahısına daxildir.

Bilirdiniz ki, kinoya tamamilə yeni tərz və janr gətirmiş Alfred Hiçkok heç vaxt "Oskar" mükafatına layiq görülməyib? Əvəzində Kino Akademiyası 1968-ci ildə ona İrvinq Talberq Xatirə Mükafatını təqdim edib. Qeyd edək ki, Alfred Hiçkok 1980-ci ildə 80 yaşında vəfat edib.

Qlenn Klouz qazanmadığı "Oskar" nominasiyalarının sayına görə rekord sahibidir. O, düz səkkiz dəfə mükafata namizəd göstərilib və qalib olmayıb. Onun 2019-cu ildə "Arvad" (The Wife) filmindəki işinə görə "Oskar" qazanacağı ehtimal olunurdu. Lakin onun əvəzinə mükafat "Favorit" (The Favourite) filmində Kraliça Anna roluna görə Oliviya Kolmana təqdim edilib.

"Aşiq Şekspir". Spayk Li

"Aşiq Şekspir" (Shakespeare in Love) filminin Stiven Spilberqin sevilən müharibə dramı "Sıravi Rayanın xilası" (Saving Private Ryan) filminə qalib gəlməsi də inanılmazdır. Bu hadisə 1999-cu ildə Hollivudu lərzəyə gətirmiş, Harvi Vaynsteynin səhnəarxası intriqaları ilə dolu yeni eranın başlanğıcı olmuşdu. Vaynsteynin ifşasından sonra onun qalib filmdə baş rolu ifa edən Qvinet Peltrounu da hədəflədiyi üzə çıxıb. Filmin özünə gəldikdə isə, kino həvəskarlarının çoxu ona çox da böyük maraq göstərmir.

"Oskar" "möcüzə"lərindən biri də Spayk Linin heç vaxt qalib olmamasıdır. Tamaşaçılara "Doğru olanı et" (Do the Right Thing), "Malkolm İks" (Malcom X) və "İçəridəki adam" (Inside Man) kimi filmləri bəxş etmiş Li yalnız bir dəfə, "Qara klançı" (BlacKkKlansman) filminə görə namizəd göstərilib. "Doğru olanı et" filminin 1990-cı ildə namizəd belə olmaması kino həvəskarlarını hələ də qəzəbləndirir. Həmin il "Miss Deyzinin sürücüsü" (Driving Miss Daisy) filmi qalib olub. Ancaq Spayk Li 2019-cu ildə "ən yaxşı adaptasiya olunmuş ssenari"yə görə "Oskar" mükafatına layiq görülüb. 2016-cı ildə isə ona uğurlu karyeraya görə şərəf "Oskar"ı verilib. "Oskar"a builki namizədlər arasında isə onun "Eyni qandan olan beş nəfər" (Da 5 Bloods) filminin adı yoxdur.

Stenli Kubrikin filmləri də kino tarixində iz qoymuş işlərdəndir. "Spartak" (Spartacus), "Qurulan portağal" (A Clockwork Orange), "2001: Kosmik Odisseya" (2001: A Space Odyssey) və "Doktor Streynclav" (Dr. Strangelove) kimi filmlərin yaradıcısının heç vaxt "Oskar" mükafatına layiq görülməməsinə inanmaq çətindir. Kubrik yalnız bir dəfə, "2001: Kosmik Odisseya" filmindəki xüsusi effektlərə görə "Oskar" mükafatına layiq görülüb.

XS
SM
MD
LG