Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:57

1 milyarddan çox insan vaksin vurdurmaq istəmir


Arxiv fotosu
Arxiv fotosu

Agentlik vaksin tərəddüdünün qlobal fenomen olduğunu, Fransa və Birləşmiş Ştatların onunla mübarizə apardığını yazır

COVID-19 pandemiyasının hökm sürdüyü tam bir il ərzində böyüklərin əksəriyyəti – 68 faizi “Gallup” sorğu mərkəzinə deyib ki, koronavirusa qarşı vaksin onlara havayı başa gələrsə vurdurarlar. Ancaq bu göstərici, kütləvi immunitetə nail olmaq üçün gərəkən 70-90 faizdən azdır, mərkəz bildirir.

2020-ci ildə dünyada vaksin vurdurmaq istəyənlərin sayı ölkələr üzrə dəyişib. Myanmada (Birma) bu rəqəm 96, Qazaxıstanda isə 25 faizdir.

“Gallup” 116 ölkədə və ərazidə sorğu keçirib. Mərkəz yazır ki, hətta əgər vaksin vurdurmağa hazır olanlar bunu eləsələr belə, yalnız 36 ölkədə kütləvi immunitet üçün gərəkən minimum 70 faizə çatmaq mümkün olacaq. Bircə Myanmada (Birma) 90%-lik göstərici əldə oluna bilər.

Hazırda fəlakətli ikinci dalğanı yaşayan Hindistan daxil olmaqla 15 ölkədə koronavirusa qarşı vaksini əhalinin 80-89 faizi vurdurmaq istədiyini bildirir. Britaniya, Almaniya və Braziliya daxil 22 ölkədə isə 70-79 faiz vaksinə meyllidir.

Hələ pandemiyadan əvvəl aparılmış tədqiqat Şərqi Avropa və postsovet məkanında vaksinlərin təhlükəsiz və effektli olmasına inamın çox az olduğunu üzə çıxarmışdı. Ötən il elə bu iki regionun əhalisindı vaksin vurdurmağa ən aşağı həvəs müşahidə olunub. MDB ölkələri üzrə göstərici 43%, Avropa Birliyinin üzvü olmayan Avropa ölkələri üzrə 46% olub.

Balkanların böyük hissəsi, həmçinin postsovet ölkələrində əhali hətta vaksin havayı olsa belə vurdurmağa az meyllidirlər.

Dünya üzrə respondentlərin hər 10 nəfərindən üçü (29%) vaksin vurdurmaq istəmədiyini, 3% isə cavabı bilmədiyini deyib. Bu, üst-üstə 1.3 milyard nəfər edir.

Afrika misalı

“Reuters” agentliyi isə Afrikada vaksinlə bağlı tərəddüdün peyvəndləməyə göstərdiyi təsirdən yazır.

Qitənin vaksin tədarükü onsuz da aşağıdır. Üstəlik, az sayda vaksinlərlə bağlı şübhələr pandemiyanı uzada bilər, səhiyyə ekspertləri narahatdırlar.

Keniyada bir həkim deyib ki, vaksinlərə qarşı deyil, övladlarının bütün peyvəndlərini vurdurub. “Amma bundan əmin deyiləm... Uzunmüddətli effektlə bağlı data yoxdur... Vaksindən 10 il sonra nə baş verəcək?”, – o söyləyib.

Agentlik vaksin tərəddüdünün qlobal fenomen olduğunu, Fransa və Birləşmiş Ştatların onunla mübarizə apardığını yazır. Yaponiya daxil bəzi Asiya ölkələrində də skeptisizm artır.

Afrikaya gəlincə, mümkün qan laxtalanması, bəzi liderlərin vaksinləri qaralaması, onların istifadə müddəti haqda qarışıq mesajlar qitədə vaksinasiyasının sürətinə təsirini göstərib.

Axı, COVID-19 1.3 milyard əhalisi olan Afrikada bəzi digər ölkələrdəki kimi iz buraxmayıb. Bu səbəbdən xəstəliyin ciddiliyinə dair şübhələr var.

Afrikada koronavirusdan indiyədək 121 min nəfərin vəfat etdiyi təsdiqlənib ki, bu da Britaniyadan azdır.

XS
SM
MD
LG