Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Hökumətdə çalışanlar həmişəlik evdən işləyə bilərlər – Qərb mediası


Texas, arxiv fotosu
Texas, arxiv fotosu

Koronavirus böhranı zamanı federal işçilər də özəl sektor əməkdaşları kimi evdən işləməyə sürətlə adaptasiya olublar

ABŞ-da hökumət rəsmiləri pandemiya dövrünün evdən işləmək eksperimentini daimi təcrübəyə çevirmək istəyirlər, yəni, daha çox işçiyə evdən işləməyə icazə verilə bilər. “The Washington Post” qəzetində Liza Reyn bir il öncə belə bir dəyişikliyin ağlagəlməz olduğunu yazır.

2.1 milyon federal işçi

Qəzet dəyişikliyin iyunda elan ediləcəyini yazır. Administrasiya agentliklərə çoxdan gözlənən təlimatı göndərəcək, ofisə federal işçilərin nə qədərinin və nə zaman qaytarılacağı bildiriləcək.

Bəzi dövlət qurumları artıq aydın şəkildə bildiriblər ki, həm əvvəlki, həm də yeni əməkdaşlara ofisdən kənarda işləmək şansı veriləcək.

Kənd təsərrüfatı naziri Tom Vilsak martda işçilərlə iclasda deyib ki, nazirlikdə həftədə dörd günədək distant işə icazə veriləcək.

Qəzet yazır ki, Bayden administrasiyasının məsafədən iş mədəniyyətinin tətbiqini genişləndirməsinin ölkədəki 2.1 milyon federal işçiyə böyük təsiri olacaq. Bu öz növbəsində federal podratçı iş qüvvəsinə də təsir göstərəcək.

Koronavirus böhranı zamanı federal işçilər də özəl sektor əməkdaşları kimi evdən işləməyə sürətlə adaptasiya olublar.

3 faizdən 59 faizə

Pandemiyadan öncə məsafədən işləyənlərin ümumi işçi qüvvəsində payı 3 faiz idisə, ötən il 59 faizə qalxıb.

Məqalədə bu dəyişikliyin xeyli populyarlıq qazandığı qeyd olunur. İşçilər çevikliyi yüksək dəyərləndirirlər, bir çox menecerlər sonucda məhsuldarlığa ziyan dəymədiyini deyirlər.

Ancaq ekspertlərin fikrincə, ofis işindən məsafədən işləməyə daimi keçid bəzi problemləri də üzə çıxaracaq. Obama və Tramp administrasiyaları dövründə pula qənaət məqsədilə azaldılmış federal daşınmaz əmlakın həcmi daha da kiçilə bilər. Dövlət agentlikləri işçilərin perfomansının izlənməsi, bahalı şəhərlərdə yaşayanlara əlavə ödəniş verib-verilməməsi, məsafədən yerinə yetirilməsi mümkün olmayan işlərdə çalışanlara münasibətdə ədalətin qorunması məsələsində baş sındırmalı olacaqlar.

XS
SM
MD
LG