Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

Bankların depozitlərdən asılılığının fəsadları


Dilənçi bank (Karikatura)
Dilənçi bank (Karikatura)

Bank öhdəliklərinin 76 faizi depozitlərdir

Azərbaycanda tez-tez dartışma və narazılıq doğuran məsələlərdən biri də yüksək kredit faizləridir. Təbii ki, buna görə, əsasən, banklar qınanır. Ancaq nəzərə almaq lazımdır ki, faiz dərəcələrinin formalaşmasına makroiqtisadi amillər də təsir göstərir. Makroiqtisadi amillərin formalaşmasına təsir edən göstəricilərsə hökumətin apardığı iqtisadi siyasətə görə dəyişir. Dolayısı ilə, kredit faizlərinin formalaşmasında banklar qədər, hökumətin iqtisadi siyasəti də rol oynayır.

Dünya Bankının statistik göstəricilərindən məlum olur ki, ötən il Azərbaycanda kreditlərin orta faiz göstəricisi 17 olub. Region ölkələrindən Gürcüstanda bu rəqəm 11.8; Ermənistanda 11.6; Belarusda 9; Rusiyada isə 6.8 faizi aşmayıb. Hazırda Azərbaycanda kredit portfelinin toplam həcmi 14.6 milyard manatdır. Həmin kreditlərin 8.7 milyard manatı, yəni 60 faizi biznes kreditlərinin payına düşür. İstehlak kreditlərinin bütövlükdə kredit portfelindəki payı isə 26 faizə, yəni 3.8 milyard manata bərabərdir. Portfelin 14 faizlik hissəsi (2.1 milyard manatı) ipoteka kreditləridir.

Kreditə cəlb edilən vəsait bahadır

Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir edən əsas amil kredit vermək üçün cəlb edilən vəsaitin bahalığıdır. Bu, dolayısıyla kredit faizlərini də artırır. Azərbaycanda bank resurslarının formalaşmasında əsas rolu depozitlər oynayır. Bu ilin dörd ayını əhatə edən nəticələrə görə, hazırda bank öhdəliklərinin 76.1 faizi məhz depozitlərdir. Beş il öncə bu göstərici 70 faizə yaxın idi.

Mərkəzi Bankın sonuncu məlumatına görə, ölkədə manatla yerləşdirilən depozitlərin orta faiz dərəcəsi 8.51-dir. Fiziki şəxslərin əmanətləri üzrə bu göstərici 9.09; hüquqi şəxslərin depozitləri üçünsə 5.15 faizdir. Başqa deyimlə, banklar kredit kimi verdikləri vəsaitlərin böyük bölümünü elə bu faiz dərəcəsi ilə cəlb edir. Bunun üzərinə digər əməliyyat xərclərini və bankın gəlirini əlavə etdikdə daha da yüksək faiz dərəcəsi əmələ gəlir.

Maraqlıdır ki, Azərbaycanda kredit faizləri yüksək olsa da, bununla bərabər, spred göstəricisi də yüksəkdir. Spred dərəcəsi ölkədə depozit faizləri ilə kredit faizləri arasındakı fərqi ifadə edir. Dünya Bankının məlumatına görə, 2020-ci ildə Azərbaycanda bu göstərici 8.5 faiz olub. Müqayisə üçün həmin göstərici Ermənistanda 3.5; Rusiyada 3; Belarusda 2.4; Gürcüstanda isə 1.6 faizdir. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda kreditə verilən vəsaitin maya dəyərinin yüksək olması ilə yanaşı, həmin maya dəyərinin üzərinə əlavə edilən məbləğlər də yetərincə yüksəkdir.

Devalvasiyanın gətirdiyi risklər

Devalvasiyadan öncə xaricdən cəlb edilən vəsaitlər də bank resurslarının formalaşmasında daha yüksək paya sahib idi. Devalvasiyadan sonra xarici valyutada vəsait cəlbi daha riskli olduğundan bankların kredit olaraq verdiyi resursları formalaşdırmaq üçün depozitlərdən asılılığı daha da artıb. Devalvasiyadan öncə bank öhdəliklərinin 27-28 faizi xarici öhdəliklərdən ibarət idisə, hazırda bu göstərici 10 faizdən də aşağıdır. Son beş ildə xarici öhdəliklərin həcmi 6 milyard manatdan çox azalıb.

Bank resurslarının formalaşmasına ən çox təsir imkanlı mənbələrdən biri də Mərkəzi Bankın kommersiya banklarına yenidənmaliyyələşmə xətti ilə ayırdığı vəsaitdir. Bu vəsaitin həcmində də devalvasiyadan sonra azalma gözə çarpır. 2015-ci ildə Mərkəzi Bankın yenidənmaliyyələşdirmə xətti ilə ayırdığı vəsaitin həcmi 6 milyard manat idisə, hazırda həmin vəsait də 1 milyard manatadək azalıb. Onu da vurğulamaq lazımdır ki, Mərkəzi Bankın yenidənmaliyyələşdirmə xətti ilə ayırdığı vəsaitin həcminin az olması Azərbaycanda uçot dərəcəsinin də maliyyə bazarlarına təsir imkanlarını məhdudlaşdırır. Uçot dərəcəsi mərkəzi bankların kommersiya banklarına verdiyi kreditlərin orta faiz dərəcəsini ifadə edir. Bu göstərici ölkədəki makroiqtisadi vəziyyətə uyğun olaraq artırıla və ya azaldıla bilər. Azərbaycanda Mərkəzi Bankın kommersiya banklarına ayırdığı vəsaitin bank resurslarının formalaşmasındakı payının aşağı olması ölkədə uçot dərəcəsinin dəyişməsinin məcmu tələbə təsir imkanlarını da azaldır.

XS
SM
MD
LG