Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:25

Dünya Bankı Azərbaycanın 'ağıllı kənd' qurmaq potensialını araşdırıb


21-ci əsrdə eşşəyin ümidinə qalan kənd
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

21-ci əsrdə eşşəyin ümidinə qalan kənd

Əhalinin 57 faizi yoxsul olmaq riski daşıyır

Dünya Bankı Azərbaycanda "ağıllı kənd" modelinin həyata keçirilməsi ilə bağlı mövcud resursları və potensialı analiz etdiyi tədqiqatını yayımlayıb. Üç il müddətində gerçəkləşdirilən tədqiqat ölkənin müxtəlif bölgələrini əhatə edib. Tədqiqat həmin bölgələrdə yaşayan kənd əhalisinin düşüncə və rəyləri əsasında hazırlanıb.

Hesabatda qeyd edilir ki, Azərbaycana böyük neft gəlirləri daxil olandan sonra ölkədə yoxsulluq səviyyəsi azalsa da, iqtisadi fürsət bərabərsizliyi və xidmətlərə çıxış baxımından şəhər və kəndlər arasında böyük bərabərsizlik problem olaraq qalmaqdadır. Sənəddə kənd yerlərində yaşayan əhalinin qonşu ölkələrlə müqayisədə Azərbaycanda daha çox olmasına da diqqət çəkilib. Rəsmi rəqəmlərə görə, Azərbaycanda əhalinin 47 faizi kənd sakinləridir. Bu, dünya ortalamasına (49 faiz) yaxın göstərici sayılıb. Cənubi Qafqazın digər ölkələrində - Gürcüstanda əhalinin 42; Ermənistanda isə 37 faizi kəndlərdə yaşayır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda kəndlərdə yaşayan əhali sayı Cənubi Qafqaz ölkələrindən yüksək olsa da, Mərkəzi Asiya ölkələrindən geriyə qalır. Həmin regionda əhalinin 58 faizi kəndlərdə yaşayır.

Bu kənddə alver pulla yox, məhsulla edilir
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Yoxsul əhalinin 60 faizindən çoxu kənd sakinləridir

Hesabatda qeyd edilən daha bir vacib məqam şəhər və kənd yerləri arasındakı iqtisadi bərabərsizliklərin sosial xidmətlərə çıxışa da təsir etməsidir. Ölkədə yoxsul əhalinin 60 faizindən çoxunun kəndlərdə yaşaması ayrıca vurğulanıb. Kənd yerlərində yaşayan əhalinin 57 faizinin yoxsulluq riski daşıdığı məlum olub. Həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəkləri iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər. Tədqiqatda bu məqam da ayrıca vurğulanır.

Hesabatda qeyd edilir ki, Bakı və Abşeron ərazisində içməli su və istilik sistemi ilə təminat maksimuma yaxın olsa da, kənd yerlərində vəziyyət fərqlidir. Kəndlərdəki ev təsərrüfatlarının cəmi 76 faizinin içməli suya, 82 faizinin isə təbii qaza çıxış imkanı var. Nəzərə almaq lazımdır ki, bəzi regionlarda göstəricilər ölkə ortalamasından da xeyli aşağıdır. Ünvanlı sosial yardımın əhalinin 10 faizindən də az hissəsini əhatə etməsi və kəndlərdə kənd təsərrüfatı istisna olmaqla digər sahələrdə məşğulluq imkanlarının aşağı olması onların üzləşdiyi problemlər arasında sadalanıb.

Astara sakini: "Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Kəndlərdə internet problemi var

Hesabatda qeyd edilir ki, kənd sakinləri arasında sosial media və dövlətin elektron xidmətləri kimi rəqəmsal platformalar barədə məlumatlılıq yüksək olsa da, onlardan istifadə imkanları məhduddur. Bu məhdudluğa əsas səbəblər sırasında yavaş və ya mövcud olmayan genişzolaqlı internet, elektron cihazların qiymət baxımından hər kəsə əlçatan olmaması, mobil internet qiymətinin bahalığı və rəqəmsal vasitələrdən daha səmərəli istifadə ilə bağlı məlumat və bacarıqların məhdudluğu bildirilib. Bununla belə, kənd yerlərində əhalinin onlayn platformalardan – sosial şəbəkələrdən istifadəsi yüksək qiymətləndirilib.

Dünya Bankı analitiklərinin fikrincə, ASAN Xidmət mərkəzlərinin yaradılması yerlərdə vətəndaşların əldə etdiyi xidmətlərin sadələşdirilməsi baxımından önəmli addımdır. Amma nəzərə almaq lazımdır ki, kənd sakinləri bu xidmətlərdən istifadə etmək üçün müəyyən maneələrlə də qarşılaşırlar. Bu maneələr, əsasən, bir çox xidmətlərin rəqəmsallaşmamasından qaynaqlanır. Bir çox dövlət xidməti hələ də lisenziya və icazələrin verilməsi üçün vətəndaşlardan və sahibkarlardan yazılı ərizə tələb edir. Hesabatda bələdiyyə işçilərinin yerli idarəçilik fəaliyyətləri üçün rəqəmsal texnologiyalardan istifadənin, özəlliklə vergi yığımı və kəndlərdə xidmət təminatının yaxşılaşdırılması üzrə fəaliyyətin vacibliyi vurğulanıb.

Soru kənd sakini: "Tibb məntəqəsi deyirlər, burda heyvan da oturmaz"
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

Həllini gözləyən məsələlər

Tədqiqat nəticəsində fermerlərin əsas ehtiyacları da müəyyənləşdirilib. Su çatışmazlığı, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu, anbar və soyuducusu olan yük maşınlarının məhdudluğu, logistika çatışmazlıqları, fermerlər arasında birliyin olmaması, subsidiyaların verilməsində gecikmələr, təcrübəli aqronomlardan məsləhət almağın çətinliyi azərbaycanlı fermerlərin əsas şikayətləridir. Hesabatda subsidiyaların verilməsində şəffaflığı artırmaq üçün rəqəmsal imkanlardan daha geniş istifadə edilə biləcəyi qeyd olunub.

Kənd sakinləri maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasını, əsasən, bankların verdiyi kredit faizlərinin yüksəkliyinə bağlayırlar. Bankların kredit vermək üçün tələb etdiyi təminatların yüksək dəyəri və insanların bank sisteminə inanmaması da bu sahədəki problem kimi sadalanıb. Əksər kənd sakinləri bank sisteminə güvənmədiyini bildirir. Hesabatda qeyd edilir ki, etimadsızlığın digər bir səbəbi də kənd təsərrüfatı kreditlərinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün geniş istifadəsidir.

Araşdırma üzə çıxarıb ki, kəndlərdə səhiyyə xidmətinin səviyyəsi o qədər yüksək deyil. Burada göstərilən tibbi xidmətlər ilkin tibbi yardım və peyvəndləmə ilə məhdudlaşır. Müşahidə edilən digər bir məhdudiyyət də kiçik kəndlərdə, özəlliklə dağlıq ərazilərdə aptek çatışmazlığıdır.

XS
SM
MD
LG