Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

Azərbaycanda virus yaymaqda suçlanan ata və oğul həkimlər bəraət aldı


Diş həkimi. Foto arxiv
Diş həkimi. Foto arxiv

Ata-oğul olan Məmməd və Elvin Ağayevlər həkim olduqları halda, başqalarını xəstəliyə yoluxdurmaqda suçlanırdı. Elə bu ittihamla da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları cinayət məsuliyyətinə cəlb edib. Oğul Ağayev hətta uzun müddət həbsdə saxlanıb. Amma indi hər ikisi azadlıqdadır. Məhkəmə onlar haqqında bəraət hökmü çıxarıb.

Bakıya gələndə hələ virusa yoluxduqlarını "bilmirdilər"

Ağayevlər Salyanda diş həkimidir. Cinayət işinin materiallarında göstərilib ki, onlar COVID-19-a yoluxmalarından şübhələnərək test veriblər. Elə həmin gün də testin cavabını alıb virusa yoluxduqlarını bildikləri halda, Bakıya yola düşüblər. Beləliklə, Bakıya gələrkən mindikləri taksilərin sürücüləri və ünsiyyətdə olduqları başqa insanlar arasında xəstəliyin yayılması üçün real təhlükə yaradıblar.

Amma Ağayevlərin vəkili məhkəməyə xəstəxanaya verdiyi sorğunun cavabını təqdim edib. Sənəddən məlum olur ki, onlar koronavirusla bağlı testin cavabı beş gün sonra alıblar. Həmin vaxt isə ata və oğul artıq Bakıda xəstəxanada müalicə olunurdular. Yəni, Bakıya gələndə hələ virusa yoluxduqlarını bilmirdilər.

Elvin Ağayev 6 ay 12 gün həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. Onların işinə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmədə ata və oğul Ağayevlər özlərini təqsirli bilməyib, CM-in 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə verilən ittihamı qəbul etməyiblər.

"Haqq-ədalət yerini tapdı"

Bu ilin aprelində Xətai rayon Məhkəməsi ata və oğul həkimlər haqqında bəraət hökmü çıxarsa da, prokurorluq bundan narazı qalıb. Dövlət ittihamçısı Süleyman Atakişiyev hökmdən apellyasiya protesti verib. Bu günlərdə protestə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov onu təmin etməyib – hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

"İlk dəqiqədən hər iki şəxsin təqsirsiz olduğunu anlasam da, bunu sübut etmək üçün uzun və çətin yol getməli olduq. Haqq-ədalət sonunda öz yerini tapdı...", – Ağayevlərin vəkili Ayazbəy Əhmədov belə deyib.

İndiyədək Azərbaycanda ümumilikdə 336 minə yaxın şəxsin koronavirus infeksiyasına yoluxması aşkarlanıb, onlardan 5 minə yaxını vəfat edib.

XS
SM
MD
LG