Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:03

Beynəlxalq Enerji Agentliyi Azərbaycanı araşdırıb


"Şahdəniz" yatağının "Bravo" platforması
"Şahdəniz" yatağının "Bravo" platforması

Beynəlxalq Enerji Agentliyi (IEA) "Azerbaijan 2021: Energy Policy Review" adlı hesabatını yayımlayıb. Hesabatda enerji istehsalı və istehlakı, neft, təbii qaz, elektrik, mərkəzi istilik sistemləri, ətraf mühitə təsir, enerji effektivliyi, alternativ enerji mənbələrindən istifadə, enerji tədqiqatları və digər məsələlər əksini tapıb. Görülən işlərlə yanaşı, enerji sektorunun risklərinə və enerji siyasəti ilə bağlı tövsiyələrə də yer verilib.

Qurumun hesabatında bildirilir ki, neft-qaz gəlirləri Azərbaycanda ixracın və dövlət gəlirlərinin əsas hissəsi olsa və 90-cı illərlə müqayisədə ölkənin iqtisadi baxımdan gəlişdirsə də, bu iqtisadi modelin gələcəkdə də işləkliyi qeyri-müəyyəndir. Neft hasilatının azalması, neft və qazın əsas idxalçılarının "sıfır karbon tullantısı" öhdəliklərinə qoşulması bu qeyri-müəyyənliyi şərtləndirən əsas amillərdir. Bununla belə, IEA ortamüddətli zaman perspektivində neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatında dominantlığını davam etdirəcəyini düşünür.

Bazara özəl oyunçular girməlidir

Ölkədə enerji təchizatının yaxşılaşdırılması və bu resurslardan istifadənin səmərəliliyinin artırılması baxımından agentliyin əsas tövsiyəsi bazara özəl oyunçuların buraxılması ilə bağlıdır. Qeyd edilir ki, dövlətə məxsus şirkətlərin nəzarətində olan, subsidiyaların mövcud olduğu və şaquli şəkildə bütünləşmiş bazarın mövcudluğu özəl sektorun iştirakını və enerji qiymətlərini əhatə edən rəqabətli bazarlara keçidi əngəlləyir. Bununla belə, agentliyin fikrincə, subsidiyaların aradan qaldırılmasını maddi cəhətdən həssas vətəndaşlar üçün dəstək tədbirləri izləməlidir. Bildirilir ki, ölkəyə investisiya cəlbi və daha müasir texnologiyaya keçid baxımından enerji sektorunda azad rəqabət ortamının yaradılması tullantıların azaldılması kimi məsələlərdə də ölkəyə fayda gətirə bilər.

Hesabatda Azərbaycanda enerji sahəsində yeni infrastrukturun qurulmasının, mövcud sistemin modernləşdirilməsinin, islahatların sosial baxımdan əhalinin bütün kəsimlərinə məqbul olmasının, gərəkli bilik və bacarıqlara yiyələnmiş kadr yetişdirilməsinin yüksək önəmi vurğulanıb. Enerji siyasətindəki dəyişikliklərin səbəbləri və gələcək islahatların faydaları barədə ictimaiyyətin məlumatlılığının aşağı olması da ayrıca qeyd edilib. Qurumun fikrincə, bilgiləndirmə kampaniyalarının gerçəkləşdirilməsi insanların məlumatlılıq dərəcəsini xeyli artıra bilər.

Bərpa olunan enerji

Hesabatda Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin vacibliyi dəfələrlə vurğulanıb. Enerji sektorunda sahibkarlığa həvəsləndirmək və alternativ enerji istehsalı sahəsində fəaliyyət göstərən kiçik biznes subyektlərinə güzəştlər bu işi irəlilədə bilər. Bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətin gəlişməsi üçün iqtisadi potensialın qiymətləndirilməsi də vacib addımlardan biri sayılıb.

Agentliyin təklif etdiyi tövsiyələr arasında lisenziyalaşdırma proseslərinin optimallaşdırılması və beləliklə bərpa olunan enerji mənbələrinin güclərinin artırılması da var. Başqa bir tövsiyə ucqar bölgələrdə günəş kollektorlarının, batareyaların və digər texnologiyaların quraşdırılmasından ötrü iş proqramlarının hazırlanmasıdır.

Hesabatda bir məqam da diqqət çəkir. Bildirilir ki, Azərbaycanda mövcud alternativ enerji mənbələrinin potensialı böyükdür və günəş enerjisinin texniki potensialı 23 giqavatt, külək enerjisi 3 giqavatt, kiçik su elektrik stansiyaları, geotermal enerji və bioenerjinin potensialı 1 giqavattdır. Belə potensial olsa da, ölkədə elektrik enerjisi istehsalında günəş və külək enerjilərinin payı cəmi 0.5 faizdir.

Cədvəl: 2019-cu ildə Azərbaycanda elektrik enerjisinin istehsalı:

Mənbə

Həcm (milyon kVt/saat)

Xüsusi çəkisi

Yanacaqla işləyən elektrik və istilik-elektrik stansiyaları

22.290

85.5%

Müəssisədə daxili ehtiyaclarının ödənilməsinə xidmət edən stansiyalar (yanacaqla işləyən)

1.873

7.2%

Su elektrik stansiyaları (SES)

1.565

6%

Tullantıların yandırılmasından alınan elektrik enerjisi

196

0.75%

Külək elektrik stansiyaları

105.4

0.4%

Günəş elektrik stansiyaları

44.2

0.16%

Cəmi

26.073

100%

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dünyada elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 2020-ci ildə 29 faizdən 2030-cu ildə 60 faizə, 2050-ci ildə isə təxminən 90 faizədək yüksələcək.

Neftin rolu azalır, təbii qazın rolu artır

Hesabatda neft hasilatının azalması fonunda Azərbaycanda təbii qaz istehsalının artmasına da diqqət yetirilib. Ölkədə neft hasilatının pik həddi 2009-2010-cu illərdə yaşanıb. O vaxt sutkalıq neft hasilatı 1 milyon barel səviyyəsində olub. Növbəti illərdə bu rəqəm tədricən azalmağa başlayıb və 2019-cu ildə sutkada 779 min barelə geriləyib. Ötən il Azərbaycan OPEC+ sazişi çərçivəsində gündəlik neft hasilatını 580 min barelədək azaltmağa razılaşmışdı. Bu il OPEC+ hasilatın azaldılması ilə bağlı kvotaların məhdudlaşdırıldığını elan edib və bu, Azərbaycana 2021-ci ilin iyulunda hasilatı 620 min barelə yüksəltməyə imkan verəcək.

Təbii qaza gəlincə, Azərbaycanda çıxarılan təbii qazın böyük hissəsi "Şahdəniz" yatağından əldə edilir. 2000-ci illərin ortasından bəri istifadə edilən yataq ölkənin təbii qaz idxalçısından ixracatçısına çevrilməsinə yol açmışdı. Avropanın qaz mənbələrini şaxələndirmək və enerji təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan "Cənub Qaz Dəhlizi" layihəsini təbii qazla təmin edən "Şahdəniz-2" yatağının istismarına isə 2018-ci ildə başlanılıb. Yataqda hasilatının tam həcmə 2022-ci ildə çatacağı proqnozlaşdırılır. Bu zaman yataqdan hasil edilən təbii qazın həcmi 16 milyard kubmetr səviyyəsinə çatacaq. 2022-2023-cü illərdə Azərbaycanın təbii qaz ixracının 2019-cu ildəki 24 milyard kubmetrlik ixracla müqayisədə 15 faizdən çox artaraq 28 milyard kubmetrə çatacağı gözlənilir.

XS
SM
MD
LG