Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:01

Əfqan qadın rejissorların qaçışı


"Taliban" 1996-cı ildə hakimiyyəti ələ keçirən kimi kinoteatrları bombalayaraq dağıtmışdı
"Taliban" 1996-cı ildə hakimiyyəti ələ keçirən kimi kinoteatrları bombalayaraq dağıtmışdı

"Roqaya" adlı qısa filmi 2019-cu ildə Venesiya kinofestivalının "Üfüq" bölməsində nümayiş etdirilən əfqan rejissor Diana Sakeb Camal artıq aylardır ki, Kanadada yaşayır. O, Kanadaya qohumlarını ziyarətə gedib və pandemiyaya görə orada ilişib qalıb. Vətəni Kabilə bilet bron edən Camal İranla sərhəddə yerləşən bir kənddə qadınların hüquqları haqda sənədli film çəkməyə hazırlaşırdı.

"Ay Xanum" kinoteatrı

Camal ölkəsində baş verən son hadisələrdən o qədər narahat idi ki, həftələrlə normal yemək yeyə və yata bilmirdi. Ancaq "Taliban"ın avqustun 15-də Kabili tutması ona lap pis təsir edib. Onun dostları və yaxınları şəhərdə qalıb. Bundan başqa, kamerası, avadanlığı, hard- diskləri və paltarları da Kabildəki mənzilindədir. Onun yardımı ilə tikilmiş 80-yerlik "Ay Xanum" kinoteatrı cəmi iki il öncə açılmışdı. Açılış festivalında 100-dək film nümayiş olunmuşdu. Yaşlı qadınlar ağlamışdılar – bu onların on illər ərzində kinoya ilk gəlişi idi.

Camal o qədər kədərlidir ki, sanki bütün Hindiquş dağları öz ağırlığını onun üstünə yükləyib. "Bizim hamımız o qədər ümid edirdik ki, 10 il sonra Kabil region üçün demokratiya nümunəsi olacaq. İndi isə yenə yüzüncü dəfə sıfırdan başlayırıq", – o deyir.

Qadın rejissorlar

"Variety" portalı yazır ki, hər şeyə rəğmən, əfqan kinosu son 10 ildə, əsasən, bir ovuc zəhmətkeş qadının əməyi ilə yavaş-yavaş çiçəklənirdi. 2001-ci ildə ABŞ-ın "Taliban"ı qovmasından sonra sənət adamları ölkələrinə qayıtmağa başladılar. Əfqan filmləri beynəlxalq kinofestivallarda uğur qazandılar. Onların çoxu xüsusi təhsili olmayan, daim zorakılıq hədələri ilə üzləşən rejissorların az resursla çəkdiyi filmlər idi.

"Taliban" 1996-cı ildə hakimiyyəti ələ keçirən kimi dərhal kinoteatrları bombalayaraq dağıtmış, televizorları sındırmış, musiqini qadağan etmişdi. Onların azad fikir xofu sənət adamlarını xüsusilə təhlükəli vəziyyətə salırdı. Premyerası Venesiya kinofestivalında baş tutmuş "Hava, Məryəm, Ayeşə" filminin rejissoru Səhra Kərimi sayta müsahibəsində belə deyib.

Kərimi Kabilin çöküşündən dərhal sonra, avqustun 16-sı iki köməkçisi və bəzi ailə üzvləri ilə birlikdə Ukraynaya qaçıb. Bundan əvvəl o, dünya kinematoqrafçılarına açıq məktubla müraciət edib kömək istəmişdi. O, məktubla birlikdə özünün xaosun içində qaçmasını əks etdirən qorxunc görüntüləri paylaşmışdı.

Cəmi dörd həftə öncə...

2020-ci ilin noyabrında ölkənin ilk rəsmi milli film festivalı keçirilmiş, Kərimi qırmızı xalının üzərində görünmüş, qaliblərə qızıl heykəlciklər təqdim etmişdi. Cəmi dörd həftə bundan əvvəlsə "Afghan Film" onlarla eksperimental, avanqard qısa filmin nümayiş olunduğu festivala ev sahibliyi etmişdi. Hətta Heratın qədim xarabalıqları üzərində altı Beynəlxalq Qadın Film Festivalı keçirilmişdi.

Saytın yerli mənbələrdən aldığı məlumata görə, sənət adamları və vətəndaş cəmiyyəti nümayəndələri öz evlərində yatmaqdan çəkinirlər. "Taliban" yaraqlıları onların evlərini nişanlayıb tapa bilirlər. Əfqanıstan Sənədli Film Evinin təsisçisi, yerinin gizli saxlanmasını istəyən Səhra Mani deyir: "Fərqli düşünən insanların, yaxud ziyalıların iki seçimi var – ya sən ölkəni tərk edirsən, ya da "Taliban" gəlib səni öldürür. …Əfqanıstanın cəmi bir neçə qadın kinorejissoru var. Onlar bizi asanlıqla tapa, öldürə, bizdən qurtula bilərlər".

İndi ölkədə rejissor olmaq istəyən qadınların sayı daha çoxdur. 2014-cü ildə Mani Kabil Universitetində film dərsləri verməyə başlayanda cəmi bir qız tələbəsi var idi. Ancaq onların sayı ildən-ilə artdı. Onlar oğlanlardan da "cəsur və qətiyyətli" idilər.

XS
SM
MD
LG