Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Təhsilhaqqı çıxmazı və ya Azərbaycanda ödənişli təhsil niyə bahadır?


'Təhsil haqqını verə bilmədiyim üçün universitetdən xaric etdilər'
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

'Təhsil haqqını verə bilmədiyim üçün universitetdən xaric etdilər'

Azərbaycanda xüsusi karantin rejimi dövründə təhsil, əsasən, distant qaydada gerçəkləşdirilir. Tələbələr son üç semestr boyunca dərslərə onlayn qaydada - uzaqdan qatılıblar. Bununla belə, universitetlərə ödənən təhsilhaqqı məbləği əvvəlki qaydada saxlanılıb. Bu məqam özəlliklə iqtisadi durumun çətinləşdiyi şəraitdə istər tələbələrdə, istərsə valideynlərdə narazılıq doğurub. Axı ötən il ərzində Azərbaycanda əhalinin nominal gəlirlərində, ölkə üzrə ümumdaxili məhsulun və orta aylıq əməkhaqqı miqdarında azalma, işsizlərin sayında isə artım qeydə alınıb. Hökumətin pandemiya ilə bağlı açıqladığı sosial paketdə bəlli əhali qrupuna daxil olan tələbələrin təhsilhaqqından azad edilməsi barədə qərar olsa da, bu qərar, sadəcə, 16 min 500 tələbəni əhatə edib. Bu, ödənişli təhsil alan tələbələrin cəmi 15 faizi deməkdir.

Nəzərə almaq lazımdır ki, iqtisadi böhran olmayan şəraitdə də Azərbaycandakı təhsilhaqqı məbləğləri qonşu ölkələrlə müqayisədə yüksək olub. Təhsil nazirinin müavini ötən il mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda ali təhsil ocaqlarında illik təhsilhaqqı orta hesabla 2 min 290 manatdır (1 min 347 ABŞ dolları). Ötən ilin sonunda ölkədə orta aylıq əməkhaqqı 704 manat (414 dollar) olub. Bu o deməkdir ki, ali təhsil müəssisələrində bir illik təhsilhaqqı orta aylıq nominal əməkhaqqından 3.2 dəfə çoxdur. Ancaq qonşu ölkələrdə bu məsələ ilə bağlı vəziyyətə baxdıqda aydın olur ki, orta aylıq nominal əməkhaqqının təhsil haqlarına nisbətindəki fərq Azərbaycanla müqayisədə daha aşağıdır. Məsələn, ötən il Gürcüstanda dövlət universitetlərində birillik təhsilhaqqı 2 min 250 lariyə (720 dollar) olub. Həmin vaxt ölkədə orta aylıq əməkhaqqı 1 min 204 lariyə (382 dollara) bərabər idi. Deməli, orta aylıq əməkhaqqı və orta illik təhsilhaqqı arasındakı fərq cəmi 1.8 dəfə olub. Rusiyada orta illik təhsilhaqqı məbləği 138 min rubl (1 min 791 dollar), orta aylıq əməkhaqqı miqdarı isə 48 min rubl (620 dollar) səviyyəsində olub. Yəni, aradakı fərq 2.8 dəfəyə bərabər olub.

Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Qiymət baha, reytinq aşağı

Maraqlıdır ki, təhsilhaqqı və orta aylıq maaş nisbətinə görə Azərbaycan universitetlərindəki təhsilhaqqı daha baha olsa da, universitetlərin reytinqinə görə regionda sonuncu yerdə olan ölkə də Azərbaycandır. Universitetlərin reytinqi ilə bağlı ən nüfuzlu qaynaqlardan biri – "Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq şirkətinin "QS Dünya Universitetlərinin Reytinq" sıralamasıdır. Universitetlərin keyfiyyətinin ölçüldüyü bu sıralama müxtəlif göstəricilər əsasında hazırlanır. Bunlara universitetin akademik və işəgötürənlər arasındakı nüfuzu, tələbələrin və akademik heyətin say nisbəti, elmi istinadların, beynəlxalq tələbələrin sayı kimi göstəricilər daxildir. Qurumun sonuncu sıralamasına görə, siyahıda Azərbaycan universitetləri arasında ən yaxşı nəticə göstərən təhsil ocağı Azərbaycan Dövlət İqtisad Universitetidir. UNEC 93 ölkədən universitetlərin dəyərləndirildiyi siyahıda 1001-1200-cü yerlərdə qərarlaşıb. Ancaq region ölkələri ilə müqayisə göstərir ki, Yerevan Dövlət Universiteti siyahıda 801-1000-ci yerlərdə qərarlaşıb. Tbilisi Dövlət Universiteti isə sıralamada 571-580-ci yerləri tutub. Yəni, Azərbaycan universitetlərinin nəticəsindən iki dəfə daha yaxşı nəticə göstərib.

Kasıb ailənin oğlu instituta girib: Həm sevinirlər, həm də xərcləri düşünürlər
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Azərbaycanda nə qədər tələbə ödənişli təhsil alır

Azərbaycanda universitetlərin maliyyələşməsi büdcədən dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsilhaqqı hesabına həyata keçirilir. Son illər bir neçə dövlət universitetinə "publik hüquqi şəxs" statusu verilib. Bu status həmin təhsil ocaqlarına kurs açmaq, konsaltinq xidmətləri təklif etmək, elm tutumlu layihələr həyata keçirmək kimi fəaliyyətlərlə müstəqil şəkildə məşğul olmaq yetkisi verir. Ancaq yenə də təhsilhaqqından kənar mənbələr Azərbaycan universitetlərinin gəlirlərinin cüzi bir hissəsidir. Universitetlərdə təhsilhaqqından savayı digər gəlir qaynaqlarının azlığı onları təhsilhaqqından son dərəcə asılı duruma salır. Beləcə, yüksək təhsilhaqqı məbləğləri qaçılmaz olur və dolayısıyla istəyən hər kəs ali təhsil almaq imkanından məhrum qalır.

Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, 2019-2020-ci tədris ilində Azərbaycanın dövlət universitetlərində 169 min 15 tələbə təhsil alıb. Onlardan 100 min 858 nəfəri, yəni bütün tələbələrin 59.7 faizi təhsilhaqqını müqavilə əsasında tam ödəməklə, yəni ödənişli təhsil alıb. Bu göstərici 2018-2019-cu dərs ilində 58.1 faiz olmuşdu. 2019-2020-ci tədris ilində dövlət universitetlərində təhsil alan 169 min tələbə ilə yanaşı, daha 18 min 639 tələbə qeyri-dövlət ali təhsil ocaqlarında təhsil alıb. Bu da o deməkdir ki, ölkədə ali təhsil alan 190 min nəfərə yaxın tələbənin təxminən hər 10 nəfərindən yeddisi hər il təhsilhaqqı ödəmək məcburiyyətindədir.

Təhsil haqqını verə bilməyən tələbə: 'Atam pandemiyada işsiz qalıb'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Baha təhsilin fəsadları

Təhsilhaqqı qiymətlərinin hər kəsə uyğun olmaması son nəticədə ölkədə ixtisaslı kadr çatışmazlığı doğurur. Eyni səbəbdən ali təhsil ala bilməyən tələbələrlə yanaşı, hətta universitetə qəbul olan tələbələrdən də hər il yüzlərləsi təhsilhaqqını ödəyə bilmədiyindən universitetdən xaric edilir. Azərbaycanda ali təhsilə çıxış imkanın məhdudluğu problemi artıq uzun müddətdir ki, gündəmdədir. Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 15 və yuxarı yaşlı əhalinin hər min nəfərinə 134 ali təhsilli vətəndaş düşür. Bu göstərici həm region, həm də dünya ortalamasının təxminən iki dəfə gerisindədir. Hətta hökumətin hazırladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" adlı sənəddə də qeyd edilib ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Belə ki, 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmləşib. Bu səbəbdən özəl sektorda ixtisaslı işçi qüvvəsi çatışmazlığı problemi yaranıb.

XS
SM
MD
LG