Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

Yarım milyon tibb işçisi işdən gedib – Qərb mediası


ABŞ-da tibb bacısı
ABŞ-da tibb bacısı

İndi Covid xəstələrinin çoxu peyvənd olunmayanlardır, bəziləri xəstəxanada əsas tibbi proseduralardan imtina edir, özləri xəstəliklə döyüşəcəklərini deyirlər

Koronavirus pandemiyası başlanandan Birləşmiş Ştatlarda hər 5 tibb işçisindən biri işdən gedib. “The Atlantic” nəşrində Ed Yonq yazır ki, onların bəziləri pandemiyadan dolayı işini itirib. Bir qismi COVID-19-un uzunmüddətli simptomlarına yoluxduğundan işləyə bilməyib.

Çoxları isə işdən öz seçimiylə çıxıb. Onların içində “ölənəcən xəstələrə qulluq edəcəyini deyənlər” də vardı, Amerika Təcili Tibbi Yardım Bacıları Assosiasiyasının prezidenti Amanda Betenkort deyib.

Yarım milyonadək işçi

ABŞ-ın Əmək Statistikası Bürosu 2020-ci ilin fevralından tibb sektorunun yarım milyonadək işçi itirdiyini hesablayıb. “Morning Consult” sorğu tədqiqat şirkəti tibb işçilərinin 18 faizinin pandemiya başlanandan işdən çıxdığını, 12 faizinin isə işdən kənarlaşdırıldığını bildirir.

Sentyabr-oktyabr aylarında ölkədə COVID-lə hospitalizasiya azalmışdı. Ancaq 17 ştatda xəstə sayı artmaqdadır. Müəllif yazır ki, hətta bu qış ABŞ daha bir dalğadan yayınsa belə, səhiyyə sistemi son iki ilin sağalmaz yaralarından özünə gəlməyə çalışacaq.

“Təcrübəmə əsasən, həkimlərin ən möhkəm şəxslər olduğunu deyə bilərəm. Amma bu adamlar da kütləvi gedirsə, deməli, nəsə düz deyil”, – oktyabrda işdən çıxmış Şeetal Rao deyir.

Müəllif COVID xəstələri ilə işləməyin getdikcə çətinləşdiyini yazır. İndi bu xəstələrin çoxu peyvənd olunmayanlardır, bəziləri xəstəxanada əsas tibbi proseduralardan imtina edir, özləri xəstəliklə döyüşəcəklərini deyirlər. Bəziləri tibb bacılarına hücum edir, zibili otağa dağıdır, COVID-19-a qarşı faydası sübut olunmayan dərmanlar tələb edirlər. “Biz virusla savaşırıq, onun daşıyıcıları isə bizimlə döyüşür”, – reanimasiyada işləyən tibb bacısı Kassandra Verry deyib.

Covid-19 gələn il tədricən yox olacaq, amma...

“The Economist” dərgisinin redaktor müavini Edvard Karr isə Covid-19-un 2022-ci ildə tədricən yox olacağından yazır.

Covid qrip və adi soyuqdəymə kimi endemik xəstəlik formasına keçincə dünyada həyat, azı, pandemiyadan sonrakı normala qayıda bilər.

İndiyədək xeyli sayda adamın peyvənd olunması, yeni dərmanların yoluxmaların istənilən mərhələsində ölüm riskini azaltması məsələnin uğurlu tərəfidir. Bu qədər vaksinin və müalicə yollarının sürətlə yaradılması və onlara lisenziya verilməsi elmin zəfəridir.

Ancaq xüsusilə inkişaf etməkdə olan dünyada xeyli insan 2022-ci ildə də vaksinsiz, dərmansız qalacaq. Müəllif bunu səhiyyə sistemlərinin iflası kimi təqdim edir və indiyədək xəstəliyə qarşı immunitetin dəhşətli bədəl hesabına qazanıldığını vurğulayır.

“The Economist” pandemiya dövrünün əlavə ölümlərini hesablayıb. Oktyabrın 22-nə olan bir hesablamaya görə, dünyada pandemiyaya bağlı dolayı ölü sayı 16.5 milyondur. Yəni, rəsmi açıqlanandan 3.3 dəfə çox.

Təxmini hesablamalarla bu ölümlərin 1.5-3.6 milyard yoluxmanın nəticəsi olduğunu ehtimal etmək olar. Bu da təsdiqlənən yoluxma sayından 6-15 dəfə çoxdur.

XS
SM
MD
LG