Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

'Azərxalça'nın rəhbəri büdcə pulu ilə evini 800 min manata təmir etdirib?


Vidadi Muradov
Vidadi Muradov

"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri, mərhum Vidadi Muradovla əməkdaşlıq etmiş şirkət rəhbəri deyir ki, o, büdcə vəsaitləri hesabına öz evini təmir etdirmişdi. Bu barədə dekabrın 9-da məhkəmədə danışan Yaşar Ələkbərovun sözlərinə görə, Muradovun paytaxtın Həsən Əliyev küçəsində yerləşən evinin təmirinə təxminən 800 min manat vəsait xərclənib.

Ələkbərov "Azərxalça"nın müxtəlif bölgələrdə yerləşən 13 müəssisəsinin inşası və təmiriylə məşğul olmuş şirkətin icraçı direktorudur. Deyir ki, "Azərxalça" tender keçirmədən onlarla müqavilə bağlayıb. Onların regionlarda bu qurumun tabeliyindəki müəssisələrdə təmir-tikinti işlərini həyata keçirməsi üçün şirkətin hesabına milyonlarla vəsait köçürülüb. Onun sözlərinə görə, Muradovun evini də elə həmin vəsait hesabına 800 min manatlıq təmir ediblər.

Nasos quraşdırılmayıb

Cinayət işinin materiallarında göstərilib ki, köçürülən vəsaitlərin bir hissəsinin yeyintisinin nəticəsi olaraq, müəssisələrdə təmir-tikinti zamanı ciddi çatışmazlıqlar olub. Şirkət rəhbəri bu iddia ilə razılaşmasa da, prokuror çatışmazlıqları onun yadına salıb. Məsələn, "Azərxalça"nın Şabrandakı yerli müəssisəsində nasosların quraşdırılması sənəd üzərində əksini tapıb. Amma gerçəkdə ora nasoslar qoyulmayıb.

Şahid istintaqa ifadəsində deyib ki, Muradov onlara qanunsuz göstərişlər verirdi. O, məhkəmədə bu göstərişlərin nədən ibarət olduğunu deməsə də, istintaqdakı ifadəsini təsdiqlədiyini söyləyib.

Muradov həm də "Azər-İlmə" MMC-nin rəhbəri olub. O, həm də bu şirkətdən istifadə edərək "Azərxalça"ya ayrılmış vəsaitlərin yeyintisində suçlanır. Cinayət işində iddia olunur ki, o, "Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürməklə öz şirkətinə pul köçürüb.

"Qohumdan da yaxın idik"

"Azər-İlmə"də direktor olmuş Xaqani Talıbov da məhkəmədə dindirilib. Məlum olub ki, o, şirkətdə aşpaz, çayçı işləyirmiş. Prokuror ondan soruşub ki, bəs necə oldu, Muradov şirkətinə çayçını direktor təyin etmək qərarına gəldi? "Vidadi Muradovla qohum deyiləm, amma qohumdan da yaxın idik. Belə deyək, can-ciyər idik. Buna görə də kömək elədi, direktor oldum....", – Talıbov belə izah verib.

Dindirmə zamanı üzə çıxıb ki, Vidadi Muradovun oğlu Aydın Muradov da şirkətdə direktor müavini olub. "Necə oldu ki, Vidadi Muradov oğlunu yox, Sizi heç ali təhsiliniz də olmadan direktor təyin etdi, oğlu isə Sizin müavininiz oldu?", – prokurorun bu sualına Talıbovun cavabı belə olub: "Dediyim kimi, mərhumla can-ciyər idik, ona görə də məni direktor təyin etdi. Hazırda da direktor işləyirəm...".

Xatırlatma

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti - "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça"nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

XS
SM
MD
LG