Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:01

Spilberqin 'Vestsayd hekayəsi'


Stiven Spilberqin "West Side Story" filmindən kadr.
Stiven Spilberqin "West Side Story" filmindən kadr.

ABŞ-ın Milli İctimai Radiosu (NPR) öz saytında yazır ki, "West Side Story" (Vestsayd hekayəsi) müzikli Brodveydə ilk dəfə 1957-ci ildə oynanılıb. "Romeo və Culyetta" hekayəsindən ilham alan bu müzikl Nyu-Yorkda küçə dəstələrinin bir-biri ilə müharibəsi haqdadır. Müzikl elə o zaman da çoxlu tənqidlə üzləşmişdi. 1961-ci ildə onun əsasında çəkilən film, əsasən, sevilsə də, o da tənqid atəşinə tutulmuşdu. Rita Moreno bu filmin aktyor heyətinə daxil edilmiş yeganə puerto-rikolu idi. Onu da Anita rolunda tünd qonur rəngdə qrimləmişdilər. Bu da çoxlarının etirazına səbəb olmuşdu.

60 il sonra Moreno Stiven Spilberqin "West Side Story"sinin icraçı prodüseridir. İndi o, həm də bu filmdə əczaçıxana sahibi Dokun dul arvadı Valentinanı canlandırır.

Məhəllə davası

Spilberq və onun ənənəvi olaraq çalışdığı ssenarist Toni Kuşner bu filmdə 1950-ci illərin Nyu-Yorkunda Yuxarı Vestsayd məhəlləsinin çirkli və sərt üzünü göstərməyə çalışırlar. San-Xuan Hill işçi sinfin və, əsasən, qaradərili və latın amerikalıların yaşadığı məhəllədir. Bu məhəllə Linkoln Mərkəzi kimi iri binaların tikilməsi üçün sökülür. Puertorikoluların "Sharks" kimi tanınan dəstələri ilə ağdərili rəqibləri "Jets" arasında gərginlik artır. Onların toqquşmaları da zorakı olur. Onların münaqişəsi daralmaqda olan ərazi üstündədir. Əgər əvvəllər bu məhəllədə onların hər ikisinə yer var idisə, indi ərazinin get-gedə daraldığı şəraitdə burada onlardan yalnız biri qala bilər. "Sharks" dəstəsini canlandıran aktyorların Latın Amerikası əsilli olması bu səhnələrə əlavə realizm qatır.

Hekayənin özü isə olduğu kimi qalıb: Mariya "Jets"in keçmiş üzvü Toniyə aşiq olur. Filmin əvvəlində onlar Leonard Bernstayn və Stiven Sondhaymın filmdə yeni həyat verilmiş çox sayda klassik mahnılarından biri olan "Tonight" mahnısını oxuyurlar.

Tamaşaçının hisslərinə birbaşa çıxışı

"West Side Story" Spilberqin çəkdiyi ilk müzikl filmidir. Məqalədə deyilir ki, Spilberq instinktiv ritm və vizual axın hissinə malikdir. Onun həm də tamaşaçının hisslərinə birbaşa çıxışı var.

"Tony" mükafatına layiq görülmüş xoreoqraf Castin Pek Cerom Robbinsin orijinal rəqsləri üzərində maraqlı səhnələr qurub.

Toninin dostu, "Jets"in başçısı Riff rolunu ifa edən Mayk Fayst filmin ən çox nəzərə çarpan, maraqlı aktyor oyunlarından birini nümayiş etdirir. Tonini canlandıran Ensel Elqort isə məqalədə "zəif bənd" adlandırılıb: "O oxuya və rəqs edə bilir. Ancaq onun aktyor oyunundakı emosional quruluq Mariyanı canlandıran Reyçel Zeqlerin canlı performansı ilə uyuşmur".

Realist və köhnə dəbli

Rəydə deyilir ki, Spilberq "West Side Story"nin mətnində köhnə görünən hər şeyi dəyişdirə bilməzdi. Ancaq o bu filmdə əks olunan irqçilik və zorakılıq kimi məsələlərin istənilən dövrlə, o cümlədən bu günümüzlə səsləşəcəyini bilir.

Filmin uğur qazanması daha bir maraqlı səbəbi var. Müəllif hesab edir ki, "West Side Story"nin bu yeni versiyası orijinal filmdən daha çox realist tərzdə çəkilib. Ancaq bununla yanaşı, filmin köhnə dəbliliyi tamaşaçını heyrətə gətirir. Məqalədə deyilir ki, Hollivudda uzun zamandan bəri bu qədər köhnə dəbli film çəkilməmişdi.

Ancaq bu yeni film haqqında bütün rəylər NPR-ın dərc etdiyi rəy kimi müsbət deyil. "The New Yorker" jurnalı yazır ki, Spilberqin versiyası orijinal filmdən daha pis alınıb. Bu yazıda bu təşəbbüs "zəngin və məşhur sənətkarın bir cəsədi gənclərin qanı ilə diriltmək üçün yüz milyon dollar xərcləməsi" adlandırılıb.

XS
SM
MD
LG