Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:26

Çin yoluxmaları cilovlamağa çalışır


Pekində katolik kilsəsi, 24 dekabr, 2021-ci il
Pekində katolik kilsəsi, 24 dekabr, 2021-ci il

Omikron bəzi ölkələrin lokdaunları bərpa etməsinə, Britaniya və ABŞ-da idman oyunlarının təxirə salınmasına səbəb olub

Koronavirusun omikron ştammının sürətlə yayıldığı bir vaxtda Çin ölkəiçi yoluxmalar, digər ölkələr isə hospitalizasiyalar ilə mübarizə aparır, səyahətlərdə yubanmaları yoluna qoymağa çalışır.

Dekabrın 27-də Çinin mərkəzindəki Sian şəhərində dezinfeksiya kampaniyası başlanıb. Hökumət fevralına 4-də başlanacaq Olimpiya oyunları öncəsi koronavirusun yayılmasını önləməyə çalışır.

Pekinin 930 km-də yerləşən, 13 milyon əhalisi olan Sianda yollara, binalara virusöldürücü məhlul səpilir. Bu gündən şəhərdə kütləvi test götürməyə də start verilir. İndiyədək omikrona heç bir yoluxmanın baş vermədiyi bildirilir.

“Sıfır-COVID”in faydası varmı

Pandemiyanın 2019-cu ildə başladığı Çin “sıfır-COVID” strategiyası yürüdür, sərhədlərə sərt nəzarət edir, uzunmüddətli karantin, hədəfli lokdaunlar tətbiq edir.

Bütün tədbirlərə baxmayaraq, dekabrın 26-da Çində 162 ölkəiçi yoluxma qeydı alınıb. Bir gün öncə bu göstərici 158 olmuşdu.

İran dekabrın 26-da Britaniya, Fransa, Danimarka və Norveçdən gələnlər üçün sərhədi 15 günlüyə bağlayıb. Səbəb ölkədə omikron ştammının aşkarlanmasdır.

Dövlət televiziyasının məlumatına görə, noyabrın sonunda Cənubi Afrika və yeddi qonşu ölkədən səyahətçilər üçün oxşar qadağa 15 günlüyə uzadılıb.

Səhiyyə orqanları populyar turizm məkanı Türkiyəyə quru yoluyla səyahəti qeyri-müəyyən müddətə dayandırıb.

Yoluxmaların yüksələcəyi gözlənir

Birləşmiş Ştatların yoluxucu xəstəliklər üzrə aparıcı rəsmisi Entoni Fauçi bir neçə günə ölkədə yoluxmaların artacağı ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, peyvənd olunmayanların nisbətinin böyük olduğu regionlarda xəstəxanalar dola bilər.

Artıq ABŞ-da gündəlik yoluxmalar 190 minə yaxınlaşır ki, bu da vaksinasiyanın miqyasının məhdud olduğu yanvar ayının göstəricilərinə oxşardır.

“Daha da yüksələcəyi gözlənir”, – Fauçi deyib. Rəsmilər yoluxmalarda kəskin artımı omikron ştammı ilə izah edirlər.

Bəzi ştatlarda xəstəxanalarda personal çatışmazlığını aradan qaldırmaq üçün Milli Qvardiyanın üzvləri işə cəlb olunub.

Dekabrın 26-da ölkədə səyahətlərlə bağlı problem yaşanıb. Bəzi hava şirkətləri işçi çatışmazlığına görə reysləri təxirə salıblar.

Milad bayramına düşən həftəsonunda 8 min 300-ə yaxın reys təxirə salınıb, onminlərlə reys yubanıb. Çoxsaylı hava şirkətləri omikrona yoluxmaların işçi çatışmazlıdğı yaratdığını bildiriblər.

“Şou davam etməlidir”

Omikron bəzi ölkələrin lokdaunları bərpa etməsinə, Britaniya və ABŞ-da idman oyunlarının təxirə salınmasına səbəb olub.

Belçikada minlərlə incəsənət adamı, kino işçisi, tədbir təşkilatçıları hökumətin qadağalarına qarşı çıxıblar. Onlar hökuməti yeni məhdudiyyətlərlə mədəniyyət sənayesini ədalətsiz olaraq hədəfə almaqda suçlayıblar.

Dekabrın 26-dan qüvvəyə minən qaydalara görə, Milad bazarları davam edir, restoran və barların işləməsinə icazə verilir. Teatrlar, əyləncə məkanları, idman stadionlarına giriş isə kəskin məhdudlaşdırılır.

Brüsseldə dinc nümayişə çıxanlar “Şou davam etməlidir”, “Mədəniyyət yoxdursa, gələcək də yoxdur” plakatları qaldırıblar.

XS
SM
MD
LG