Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:00

Geyim bazara yaxın yerdə hazırlanarsa... – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Təchizat zəncirində qaydalar dəyişir

Covid-19 pandemiyasının dünyada təchizat zəncirində yaratdığı problemlər bir çox sahələrdə qıtlığa səbəb olub. Qərb mediası şirkət və hökumətlərin öz siyasətlərinə yenidən baxdığını yazır.

“The Financial Times” Almaniyanın Hugo Boss şirkətinin cənubşərqi Asiyadan asılılığı azaltmaqdan ötrü istehsalı Avropaya yaxınlaşdırmağa çalışdığını qeyd edir.

Geyimi bazara yazın yerdə istehsal etmək

Şirkətin rəhbəri Daniel Qriderin hədəfi 2025-ci iləcən satışı 4 milyard dollara qaldırmaqdır. Onun qəzetə dediyinə görə, təchizat zəncirindəki pozuntular Hugo Boss və rəqibləri üçün “inanılmaz çətinliklər”ə səbəb olur.

Buna cavab olaraq şirkət Türkiyənin İzmir şəhərində fabrikini genişləndirir, əlavə olaraq min işçi götürəcəyini açıqlayıb. Bu, işçilərin 30 faizdən çox artırılması deməkdir.

İzmirdəki fabrik 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin Almaniya, Polşa və İtaliyada da fabrikləri var və Türkiyə ilə birlikdə onun geyim istehsalının 20 faizini təşkil edirlər. Geyimin daha 30 faizi Avropadan, yaxud ona yaxın təchizatçılardan gəlir. Hugo Boss bu faizin bir neçə ilə yüksələcəyini bildirir.

Hazırda geyim sənayesi əmək qüvvəsinin xeyli aşağı olduğu cənubşərqi Asiyada istehsaldan asılıdır.

“Gələcək strategiyamız geyimləri onların satılacağı bazarlara yaxın yerlərdə istehsal etməkdir”, – Qrider deyib.

Körpə əşyaları

“The New York Times” isə Birləşmiş Ştatlarda uşaq gözləyən ailələrin uşaq çarpayısı, beşik tapmaqda üzləşdiyi çətinliklərdən yazır.

Birləşmiş Ştatlarda doğum səviyyəsinin azalmasına baxmayaraq, 2020-ci ildə 3.6 milyondan çox doğuş qeydə alınıb.

Pandemiya isə tibbi cihazlardan tutmuş uşaq oyuncaqlarına, yeməklərinə qədər müxtəlif məhsulların çatdırılmasına təsirini göstərib. Bəzi valideynlər körpə əşyalarını hansısa səbəblərdən öncədən almağa tərəddüd edirlər, vaxtı çatanda sifariş edəndə isə çatdırılma tarixi xeyli yubanır.

Qəzet körpə əşyaları bazarındakı gərginliyin onsuz da emosional baxımdan həssas məqamda valideynlərə əlavə stress və qeyri-müəyyənlik yaratdığını yazır. Artıq satıcılar da narahat valideynləri sakitləşdirməyə öyrəşib.

Los Ancelesdə 1979-cu ildən fəaliyyət göstərən “Juvenile Shop”un sahibi Loren Loqan deyir ki, Asiya, Avropa, Birləşmiş Ştatlarda hazırlanan mebel və digər əşyaların çatdırılma vaxtı heç vaxt belə çox çəkməyib. Əvvəllər 8-10 həftəyə çatdırılan bəzi məhsullar indi 18-20 həftəyə gəlir.

Siyasət dəyişir

Koronavirus pandemiyası qlobal ticarət siyasətində “fundamental dəyişikliyi” məcburi edib. Hökumətlər təchizat zəncirini möhkəmləndirməyə, yeni nəsil texnologiyalara çıxışın təmin olunmasına fokuslanırlar. Bunu isə Cənubi Koreyanın Ticarət naziri Yeo Han-ku “The Financial Times” qəzetinə deyib.

“Pandemiyadan öncəki ticarət siyasəti əsasən mal və xidmətlərin bazarı, mənşə qaydaları və başqa məsələlər söykənirdi. Yeni erada gördüyümüz ticarət siyasəti belə deyil”, – Yeo deyib.

“Rəqəmsallaşma, təchizat zəncirinin zəiflikləri, yeni yaranan texnologiyalar üçün qaydaları hazırlamaq: yeni məsələlər bunlardır”, – o, sözlərinə əlavə edib.

Nazir noyabrda ölkəsinin dizel mühərrikində işlənmiş qazın çıxarılması üçün maye təchizatında kəskin qıtlıqla üzləşdiyini deyib. Ölkə bu məhsulun idxalında 97 faiz Çindən asılıdır. Cənubi Koreya ordusu təyyarə ilə Avstraliya, cənubşərqi Asiya və Yaxın Şərqdən onminlərlə litr maye daşımalı olub.

“Bu hələ yüksək texnologiya məhsulu deyildi, amma bir gün səhər oyandıq ki, bircə ölkədən asılıyıq. Belə vəziyyətin daha ciddi şəkil almaması üçün erkən xəbərdarlıq sistemlərinə ehtiyacımız var”, – Yeo vurğulayıb.

XS
SM
MD
LG