Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

Silah alana pulsuz pitsa qonaqlığı


Kiyev yaxınlığında təlim
Kiyev yaxınlığında təlim

Yanvarda odlu silah aldığını, yaxud silah üçün icazə əldə etdiyini göstərən şəxs orta, yaxud iri pitsa yeyə bilərdi



Bu ayın əvvəlində Ukraynanın paytaxtında bir pitsa məkanında qeyri-adi aksiya keçirilib: silah alana pulsuz pitza təklif edilib.

Yanvarda odlu silah aldığını, yaxud silah üçün icazə əldə etdiyini göstərən şəxs orta, yaxud iri pitsa yeyə bilərdi.

Bu üçgünlük aksiya Kiyevin mərkəzindəki Pizza Veterano adlı şəbəkədə keçirilirdi. Şəbəkənin sahibi Leonid Ostaltsev ölkənin şərqi Donbas regionunda Rusiyanın dəstəklədiyi separatçılarla səkkiz illik müharibənin veteranıdır.

Silah alanlara minnətdarlıq

Ostaltsev deyib ki, aksiya Rusiyanın sərhədə 100 mindən çox əsgər yığdığı bir vaxtda silah alan, yaxud silahını qeydiyyatdan keçirənlərə minnətdarlıq jesti idi. Moskvanın yeni hücuma hazırlaşması ehtimalları var, amma Rusiya rəsmiləri bunu təkzib edir.

Ukraynada silah saxlama məsələsi getdikcə daha çox müzakirə olunur. Mülki təlim proqramları gerçəkləşir, ölkəni irimiqyaslı hücuma qarşı qoruyacaq regional müdafiə bölmələri yaradılır, digər hazırlıqlar görülür.

“Rusiyadan gözlənilməz hərəkətlər təhlükəsini hiss edərək düzgün qərar verib odlu silah alan vətəndaşlara təşəkkür etmək istəyirəm”, – Ostaltsev Facebook-da yazıb.

“Ancaq vacib olanı unutmayın! Düzgün təlim keçilməsə, silahlar metal və plastikdən başqa bir şey deyil – gedin, təlim keçin”, – o, mesajını belə bitirib.

Ərazi Müdafiə Birlikləri yaradılır

2014-cü ildə Maydan etirazları nəticəsində Rusiyanın dostu Viktor Yanukoviç devrildi. Bundan sonra Moskva Ukraynanın Krım yarımadasını ilhaq etdi, separatçıları dəstəkləməyə başladı. Münaqişədə 13 min 200-dən çox adam öldürülüb, 1 milyondan çox köçkün var.

Yanvarın 29-da hökumət yeni formalaşdırılmış 25 Ərazi Müdafiə Birliyinin üzvlərinə özlərinin ov silahlarından istifadə etməsinə icazə verib.

Çernobıl Səyahət Operatorları Birliyinin başçısı Yaroslav Yemelyanenko silah həvəskarıdır: beş odlu silahlı var və bu fikirdədir ki, “bizi qorumaq üçün dövlətə bel bağlaya bilmərik”.

Rəy sorğuları isə çoxlarının Rusiyanın mümkün hücumuna inandığını göstərir.

Kiyevdə yerləşən Razumkov Mərkəzinin yanvarda keçirdiyi sorğuya görə, ukraynalıların 56 faizi inanır ki, nə Prezident Volodimir Zelenski, nə də geniş mənada hakimiyyət “irimiqyaslı işğalın önlənməsi üçün gərəkən cəhdləri göstərir”, yaxud “ölkənin müdafiəsini təşkil edir”.

Silah saxlamaqla silahlı olmağın fərqi

Özünümüdafiə üzrə təlimçi Oleksiy Martinenko də silah sahibi olmağın tərəfdarıdır. Çünki “hüquq-mühafizə orqanları hamını qorumaya bilməz”, – o deyir.

Martinenko “ölkəsini qorumaqdan ötrü silah almağı nəzərdən keçirən dinc sakinlərin” sayının getdikcə artdığını deyir.

O, ABŞ-ın keçmiş dəniz piyadası və kiçik silahlar üzrə ekspert Ceff Kuperdən misal çəkir. Kuper deyirmiş ki, “silaha sahiblənmək səni silahlı etmir, necə ki pianoya yiyələnməklə musiqiçi olmursan”.

Rusiya Ukrayna yaxınlığında təlimlər keçirir, ABŞ Avropaya əlavə qüvvələr atır
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Ukraynada bəziləri isə silah saxlamağın təhlükəli tərəflərindən danışırlar. Taktiki tibbi və təcili yardım təlimçisi Tetyana ötən il ov silahını satıb, çünki onun döyüşdə effektiv olmayacağı qənaətinə gəlib.

Ov silahlarının çoxu “yaxın məsafələr üçündür… fərdin yaxın məsafədə atəş açmaq təcrübəsi yoxdursa, heç vaxt adam vurmayıbsa, onda silah çox güman ki atəş açanı məzara göndərəcək”, – o deyir.

Tetyana AzadlıqRadiosu-nun Donbas.Realities portalına deyib ki, mülki şəxslərin silah saxlamasına qarşı deyil, amma silahlar təhlükəsiz əllərdə olmalıdır.

1.5 milyon silah

Daxili İşlər Nazirliyinin məlumatına görə, 44 milyon əhalisi olan Ukraynada dövriyyədə 1.5 milyona yaxın odlu silah var. Hər il 70 minədək silah satılır. Silah üçün icazənin alınmasına isə təxminən bir ay vaxt gedir.

Donbas müharibə zonasında könüllü Oleksey Bık qanunsuz silahların yayılmasını da ciddi problem sayır. Amma o inanır ki, 2014-cü illər müqayisədə Ukrayna Rusiyanın potensial təcavüzünə daha hazırlıqlıdır.

“Dərsimizi çıxarmışıq. Veteranların qanuni silahları var, təlim keçirlər. Qaçmayacağıq, qaçmağa yerimiz yoxdur. Burası bizim torpağımızdır, onu qoruyacağıq”, – o deyib.

XS
SM
MD
LG