Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

Harris Rusiyanın ‘hərbi cinayətlərinin’ təhqiqatına çağırıb


Mariupol xəstəxanasında yaralanmış hamilə qadın
Mariupol xəstəxanasında yaralanmış hamilə qadın

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Rusiyanı hazırda istifadəsiz olan Çernobıl nüvə zavodunda təmir üçün atəşkəsə çağırıb

ABŞ vitse-prezidenti Kamala Harris Rusiyanı Ukraynaya səbəbsiz hücumla “təsəvvürəgəlməz qəddarlığa” yol verməkdə ittiham edib və Moskvanın müdaxiləsi ilə bağlı beynəlxalq hərbi cinayətlər üzrə təhqiqata başlanmasına çağırıb.

Martın 10-da Varşavada jurnalistlər qarşısında çıxış edən Harris deyib ki, Rusiya qüvvələrinin mühasirədə olan Mariupol şəhərindəki doğum evinə hücumundan hiddətlənib.

Rəsmilər doğum evinə aviasiya bombası atılması nəticəsində bir uşaq da daxil üç nəfərin həlak olduğunu bildirirlər.

Xanım Harris Polşa prezidenti Andrjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında deyib:

"Mütləq təhqiqat aparılmalıdır və biz hamımız bu vəziyyəti izləməliyik. Mən şübhə etmirəm ki, bütün dünyanın nəzərələri bu müharibədə, Rusiyanın təcavüz və vəhşiliklər törətməsindədir”.

İndiyədək Ukraynadan 1 milyondan çox qaçqını qəbul etmiş ölkənin prezidenti bildirib rusların Ukraynada “müharibə cinayətləri” törətməsi aşkardır:

"Orada (doğum evində) hamilə qadınlar olub, uşaqlar olub…Əgər sən yaşayış evlərinə bomba, raket atırsansa, bu, soyqırım səciyyəsi daşıyan vəhşilikdir”.

Ukraynada 516 dinc sakin öldürülüb

Artıq üçüncü gündür dinc sakinlər humanitar dəhlizlə mühasirədə olan Sumi şəhərini tərk edirlər. Bu həftə Rusiya ilə əldə olunmuş razılaşmalar çərçivəsində Sumini minlərlə insan tərk edib. Qubernator Dmitro Jivitski onların qonşu məntəqələrə köçdüyünü deyir.

Yerli rəsmilərin martın 10-da açıqladığı məlumata görə, Mariupol xəstəxanasının atəşə tutulması nəticəsində biri gənc qız olmaqla azı 3 nəfər həlak olub. Daha öncə həkimlər daxil 17 nəfərin yaralandığı bildirilirdi.

Şəhər şurası Rusiya qüvvələrinin dinc sakinləri “qəsdən və amansızlıqla” məhv etdiyini bildirib.

Şura Rusiyanın 9 günlük mühasirəsi zamanı 1200 şəhər sakininin öldürüldüyünü açıqlayıb.

***

Dünya Səhiyyə Təşkilatı (DST) Rusiyanın iki həftə öncə Ukraynaya qarşı müharibəyə başlayandan 18 tibb ocağına hücum etdiyini bildirib.

Martın 9-da Mariupol xəstəxanasına hücum pislənilir. Prezident Volodimir Zelenski Twitter-də yazıb ki, xəstəxananın dağıntıları altında “adamlar, uşaqlar qalıb”. O, hücumu vəhşilik adlandırıb. Hakimiyyət isə ölən və yaralananların sayını müəyyənləşdirməyə çalışır.

Kiyevdən 150 km qərbdə yerləşən Jitomirdə biri uşaq xəstəxanası olmaqla iki xəstəxanaya bomba atılıb. Şəhərin meri Serhi Suxomlin Facebook-da yazıb ki, xəsarət alan olmayıb.

Ağ ev dinc sakinlərə qarşı gücdən “barbarcasına” istifadəni pisləyib.

Britaniyanın Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin “dəhşətli cinayətlərinin hesabını verəcəyini” yazıb.

Vatikanın Dövlət katibi xəstəxananın bombalanmasını “qəbuledilməz” adlandırıb.

***

ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya 13.6 milyard dollarlıq təcili yardımı təsdiqləyib. Bunun 6.5 milyardını Pentaqon Ukraynaya hərbi yardım kimi ayıracaq, qalanı humanitar və iqtisadi yardıma, o cümlədən 1.5 milyonluq qaçqının dəstəklənməsinə xərclənəcək.

Qanun layihəsinin yaxın günlərdə Senatda təsdiqlənəcəyi gözlənir.

Dinc sakinlər atəş altında

BBC Sumi vilayətinin Axtırka şəhərinin ötən gecə atəşə tutulması nəticəsində üç dinc sakinin həlak olduğunu bildirir. Onlardan ikisi qadın, biri 13 yaşlı yeniyetmədir.

Sumi vilayətinin başçısı Dmitri Jivitski martın 10-na keçən gecə Sumi ətrafında yaşayış məhəllələrinin atəşə tutulduğunu deyib. Onun sözlərinə görə, bir mərmi qaz xəttinə düşüb.

Mariupoldakı doğum evinə aviazərbələrdən sonra BMT-nin Baş katibi Antonio Quterres qan axıdılmasını təcili dayandırmağa çağırıb.

Donetsk vilayətində böyük şəhər olan Mariupol bir həftədən çoxdur mühasirədədir, şəhərdə işıq, istilik, yemək yoxdur. Martın 9-da şəhər xəstəxanasına güclü aviazərbə endirilib, xəstəxananın doğum şöbəsinə ziyan dəyib. 17 yaralının olduğu bildirilir.

“Mariupolda doğum və uşaq şöbələrinin yerləşdiyi xəstəxanalara hücum dəhşətlidir. Dinc sakinlər onlara heç dəxli olmayan müharibəyə görə ən ağır bədəli ödəyirlər. Bu mənasız zorakılıq dayandırılmalıdır. Qan axıdılmasını indi dayandırın”, – Quterres bildirib.

Leninqradın blokadası

ABŞ-ın Dövlət katibi Entoni Quterres isə Mariupolun mühasirəsini Leninqradın blokadası ilə müqayisə edib.

“Hər bir rus Böyük Vətən Müharibəsi vaxtı Leninqradın blokadasından xəbərdardır. Təəssüf ki, tarix təkrarlanır. İndi Rusiya hökuməti Ukrayna şəhərini aclıqla məhv edir”, – o, tvitində yazıb.

Artıq Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından bəri 516 dinc sakin öldürülüb, 908 nəfər yaralanıb. Məlumatı BMT-nin İsan Haqları üzrə Ali Komissarlığı açıqlayıb.

Ən çox ölən Donetsk və Luqansk vilayətlərindədir: 111 ölü, 462 yaralı.

Faktiki itki sayının daha böyük olduğu bildirilir. Çünki intensiv döyüş gedən ərazilərdən informasiya gec əldə edilir.

Ukrayna Çernobıl nüvə zavodunda atəşkəs tələb edir

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Rusiyanı hazırda istifadəsiz olan Çernobıl nüvə zavodunda təmir üçün atəşkəsə çağırıb. Vaxtilə ən ağır nüvə qəzasının baş verdiyi Çernobıl elektrik şəbəkəsindən tam ayrıldığından radiasiya riski yüksəlib.

Ukrenergo dövlət enerji şirkəti martın 9-da bildirib ki, Çernobıl zavodunu Kiyevdə elektrik təchizatçısı ilə birləşdirən xətt kəsilib. Zavodda 20 tonluq tullantı daim soyudulmalıdır, əks halda sızma riski var, “Ukrayna, Belarus, Rusiya və Avropaya” təhlükə yarana bilər.

“Çernobıl nüvə enerjisi zavodunun və onun Rusiya ordusunun nəzarətində olan bütün nüvə obyektlərinin elektrik xətti zədələnib”, – Kuleba Twitter-də yazıb.

Nazir dizel generatorlarının zavodu 48 saat ərzində elektriklə təmin edəcəyini vurğulayıb. Bundan sonra soyutma sistemləri dayanacaq, “radiasiya sızması qaçılmaz” olacaq.

BAEA-ya data axını kəsilib

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Kiyevin 100 kilometrliyində yerləşən Çernobıl zavodunu Rusiya qüvvələri tutub. O vaxtdan 210 ukraynalı zavodda işini davam etdirir, onlar yeni işçilərlə növbələşmir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) martın 8-də bildirib ki, Ukrayna nüvə zavodu əməkdaşlarının təcili rotasiyasının gərəkməsi haqda məlumat verib.

1986-cı ilin aprelində Çernobılda dördüncü reaktor partlayıb, Avropanın böyük hissəsinə radiasiya buludları yayılıb.

Martın 4-də Rusiya qüvvələri Ukraynanın cənub-şərqindəki Zaporojye nüvə enerjisi zavodunu da tutublar.

BAEA martın 9-da bəyan edib ki, Zaporojye AES-dəki monitorinq avadanlığı ilə əlaqəsi itib. Agentliyin başçısı Rafael Qrossi iki obyektdən əldə olunan data axınının qəfil kəsilməsindən narahatlığını bildirib.

XS
SM
MD
LG