Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

Kreml danışıqların nəticəsinə dair nikbinliyi bölüşmür


Dmitri Peskov Putinin mətbuat konfransında (Arxiv fotosu)
Dmitri Peskov Putinin mətbuat konfransında (Arxiv fotosu)

Baş Qərargah Rusiya əsgərlərinin Kiyev ətrafına cəmləşməyə cəhd göstərdiyini bildirir

Kreml Ukraynadakı müharibəyə son qoyulması üçün İstanbulda keçirilmiş danışıqlarda irəliləyiş əldə olunmasına dair nikbinliyi bölüşmədiyini bildirib.

Putinin sözçüsü Dmitri Peskov martın 30-da deyib ki, indi Kiyevin öz mövqeyini daha konkret izah etməsi ümidlər yaratsa da, “biz hər hansı vəd edən irəliləyişin əldə olunduğunu deyə bilmərik”.

Peskov əlavə edib ki, bu istiqamətdə “hələ görüləcək çox iş var”.

Rusiyanın danışıqlarındakı əsas təmsilçisi Vladimir Medinski İstanbul görüşünü “mənalı” kimi dəyərləndirib.

Rusiya və Ukrayna arasında danışıqların nəticəsinə ümidləri həm də Moskvanın Kiyev ətrafında və şimali Ukraynada hücumlarını azaldacağına dair vəd verməsi artırmışdı.

Peskov Krım söhbətindən “qeyzlənib”

Kiyev bildirir ki, Ukrayna bu danışıqlarda ölkənin neytral status qəbul etməyə və öz ərazisində xarici qoşunların yerləşdirilməsindən imtina öhdəliyi götürməyə hazır olduğunu bildirib.

Ukrayna bunun müqabilində beynəlxalq qarantiyalar istəyir.

Kiyev habelə Rusiya tərəfindən 2014-cü ildə qanunsuz ilhaq edilmiş Krım yarımadasının statusuna dair 15 illik məsləhətləşmələr müddəti təklif edib.

Peskov Krım təklifindən qeyzləndiyini və yarımadanın Rusiya ərazisi olduğunu, onun taleyinin yalnız Moskva tərəfindən həll oluna biləcəyini deyib.

Rusiya-Azərbaycan gərginliyi: Qarabağda nələr baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Qərb Rusiyanın İstanbulda verdiyi sözə inanmağa tələsmir

Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və İtaliya xəbərdarlıq ediblər ki, Qərb Rusiyanın Ukraynada iki şəhərin ətrafında döyüşlərin şiddətini azaldacağına dair vədinə görə sayıqlığını itirməməlidir.

Britaniya baş naziri Boris Consonun ofisinin martın 29-da bildirdiyinə görə müttəfiqlər qərara gəliblər ki, “Ukraynanın başına açılmış bu dəhşət qurtarmadan” Qərbin qətiyyətində yumşalma olmamalıdır.

Rusiya martın 29-da İstanbulda Ukrayna nümayəndələri ilə keçirilən danışıqlardan sonra bildirib ki, Moskva Ukraynanın Kiyev və Çerniqov şəhərləri ətrafında hərbi fəaliyyətini azaldacaq.

Rusiya ilə Ukrayna ilkin razılığa gəldilər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Kreml Ukraynanın kapitulyasiyasını istəyir

ABŞ prezidenti Co Bayden və Britaniya baş naziri Boris Conson Rusiyanın sözü gedən bəyanatına şübhə ifadə ediblər.

Britaniyanın hökumət məlumatında deyilir:

"Baş nazir bildirib ki, biz Putin rejimi barədə mülahizəni onun sözlərinə yox, hərəkətlərinə görə yürütməliyik. Putin Ukraynanın açıq yarasına bıçaq sürtməklə bu ölkəni və onun müttəfiqlərini kapitulyasiyaya məcbur etmək istəyir”.

Bayden bildirib ki, Rusiyanın hərəkətlərini görmədən verilən vədlər onun üçün heç bir çəkiyə malik deyil.

Bayden və Conson bildiriblər ki, bu məsələdə Qərbin qətiyyəti yekdil və güclü qalmaqda davam etməlidir.

Ərdoğan: Putin və Zelenskinin görüşünə yol açıla bilər
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Putin dediyindən dönməyib

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra Baydenə və Qərb liderlərinə zəng edib.

Putin Makrona deyib ki, Mariupolda müqavimət göstərən “millətçilər” silahlarını yerə qoymalıdırlar.

Kremlin bu barədə bəyanatında deyilir:

"Makronla söhbət zamanı vurğulanıb ki, Mariupoldakı çətin humanitar vəziyyətin aradan qalxması üçün oradakı Ukrayna millətçiləri müqaviməti dayandırmalı və silahları yerə qoymalıdırlar”.

Makron bildirib ki, hazırkı mərhələdə Maruiupola humanitar yardım göstərilməsi üçün lazımi şərait yoxdur.

Makron Putinə bildirib ki, Fransa, Türkiyə və Yunanıstan Mariupola humanitar yardım karvanlarına müşahidə missiyası qurmaq istəyirlər.

Putin bu barədə düşünəcəyini vəd edib.

Rusiya Kiyev və Çerniqov ətrafında hərbi əməliyyatları kəskin azaltdığını deyir

Rusiya Ukrayna paytaxtı Kiyev və şimaldakı Çerniqov şəhəri ətrafında hərbi əməliyyatları “kəskin” azaltmaq qərarı verdiyini açıqlayıb. Bu isə atəşkəslə bağlı ümid oyadır.

İstanbulda danışıqlar bitəndən sonra Müdafiə nazirinin müavini Aleksandr Fomin Moskvada jurnalistlərə deyib ki, Kiyevdən Rusiyanın əməliyyatları azaltmaq qərarına reaksiya gözləyirlər.

O, Rusiya nümayəndə heyəti Moskvaya qayıdandan sonra İstanbul danışıqlarının nəticələri haqda detalı informasiya veriləcəyini deyib.

***

İstanbulda Rusiya-Ukrayna danışıqları dörd saatadək çəkib. Müzakirələrin ikinci gün – martın 30-da davam edib-etməyəcəyi bəlli deyil.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri görüşdə atəşkəs məsələsinin və Ukraynaya təhlükəsizlik qarantiyalarının müzakirə olunduğunu deyib.

“İnsanlığa qarşı cinayət”

Zelenski Rusiyanın mühasirədə olan Mariupol şəhərinə hücumunu “insanlığa qarşı cinayət” adlandırıb.

“Rusiya əsgərlərinin Mariupolda törətdiyi insanlığa qarşı cinayətdir, gerçək zamanda bütün planetin gözləri qarşısında baş verir”, – o, martın 29-da Danimarka parlamentində deyib.

Mariupol bir aydan çoxdur, Rusiya Ukraynanı işğal etməyə başlayandan aramsız atəşə tutulur. Şəhərdəki durum “apokaliptik” kimi təsvir edilir.

Zelenski martın 29-da deyib ki, cənubdakı Nikolayev şəhərində regional administrasiya binasının vurulması nəticəsində azı 7 nəfər öldürülüb, 22 nəfər yaralanıb.

***

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Rusiyayla üç humanitar dəhlizin razılaşdırıldığını deyir. Onlardan biri Mariupoldan dinc sakinlərin çıxması üçün nəzərdə tutulub.

Vereşçuk martın 29-da Telegram kanalında yazıb ki, həftələrdə mühasirədə olan, onminlərlə insanın ağır şəraitdə yaşadığı Mariupoldan adamların şəxsi maşınlarda çıxmasına icazə veriləcək.

O, Rusiyanın işğal etdiyi Melitopoldan sakinlərin Zaporojyeyə getməsinə imkan yaradacaq təhlükəsiz dəhliz açılacağını deyib.

Üçüncü dəhliz Enerqodar şəhərindən Zaporojyeyə açılacaq.

Bir gün öncə tərəflər heç bir dəhlizlə bağlı razılığa gələ bilməmişdilər. Kiyev Rusiya tərəfdən mümkün “provokasiyalar”la bağlı xəbərdarlıq etmişdi.

***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzbəüz danışıqları başlanıb.

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan nümayəndə heyətləri qarşısında çıxışında deyib ki, danışıqlarda irəliləyiş Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin görüşünə yol açar.

Ərdoğanın sözlərinə görə, danışıqlarda konkret nəticə əldə olunmasının vaxtı çatıb. O, dərhal atəşkəsə çağırıb, “bu faciəni dayandırmağın” hər iki tərəfdən asılı olduğunu deyib.

***

Britaniya hərbi kəşfiyyatının martın 29-da bildirdiyinə görə, Rusiya qüvvələri zərbə endirmək qabiliyyəti ilə Kiyevə əhəmiyyətli təhdid yaratmaqdadır. Baxmayaraq ki, ukraynalılar paytaxtın şimal-qərbində əks-hücumlara keçirlər.

Rusiya qüvvələrinin Mariupolu davamlı atəşə tutduğu bildirilir. “Amma şəhər mərkəzi Ukraynanın nəzarətində qalır”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.


Rusiya qüvvələrinin digər yerlərdə mövqeləri blokladığı, qüvvələrini yenidən qruplaşdırmağa çalışdığı vurğulanır.

***

Bu gün – martın 29-da Rusiya və Ukraynanın nümayəndə heyətləri son iki həftədə ilk dəfə İstanbulda üzbəüz danışıqlar aparacaqlar. Prezident Volodimir Zelenski deyib ki, Ukrayna neytrallığını bəyan etməyə və ölkənin şərq hissələrində sülhün təminatı üçün kompromisi nəzərdən keçirməyə hazırdır.

İndiyədək tərəflər arasında həm üzbəüz, həm də videoəlaqə vasitəsilə danışıqlarda proqres əldə olunmayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın danışıqlarda prioriteti “suverenlik və ərazi bütövlüyüdür”.

Neytrallıq referendumu

Ukrayna “real, yubanmadan sülh istəyir”, – o, martın 27-də videmüraciətində deyib. Zelenski təhlükəsizlik qarantiyalarına Ukraynanın nüvə silahlarından imtinasının da daxil olduğunu söyləyib.

Onun jurnalistlərə dediyinə görə, neytrallıq məsələsi, NATO-ya üzv olmamağa razılaşmaq Rusiya əsgərləri çıxandan sonra Ukraynada referenduma çıxarılmalıdır. O, referendumun əsgərlər çıxandan bir neçə ay sonra keçirilə biləcəyini söyləyib.

Ukraynanın Xarici işlər naziri Dmıtro Kuleba danışıqlardan ən böyük gözləntinin atəşkəs olduğunu deyib.

“Biz əhali, torpaq, yaxud suverenliklə alver etmirik”, – Kuleba vurğulayıb.

Ərdoğanın vasitəçiliyi

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan martın 28-də hökumətin iclasında qeyd edib ki, Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə ayrıca telefon danışıqları “müsbət istiqamətdə” irəliləyib. O, detalları açıqlamayıb.

Ərdoğan martın 29-da danışıqlardan öncə Ukrayna və Rusiyanın nümayəndə heyətləri ilə “qısa” görüşü olacağını söyləyib.

Rusiyanın Ukraynaya qarşı səbəbsiz hücumu artıq ikinci aya keçib. Ukrayna ordusunun Baş Qərargahının martın 29-da yaydığı məlumata görə, Rusiya qüvvələri ölkə boyunca yaşayış məskənlərinə raket zərbələri endirir, yanacaq ehtiyatlarını hədəfə alır, məqsədi “logistikanı çətinləşdirmək”, “humanitar böhran şəraiti yaratmaqdır”.

Son günlər Kiyev, Lvov, Rivne, Jıtomir və Lutskda yanacaq depolarının vurulduğu deyilir.

Martın 28-də Xarkov regionundakı Lyubotın şəhərinə raket zərbəsi endirildiyi, bir neçə evin dağıldığı, yaralıların olduğu bildirilir.

Martın 29-da isə Ukraynanın cənubundakı Nikolayev liman şəhərində regional administrasiya binasına raket zərbəsi azı 3 nəfərin həyatına son qoyub, 22 nəfər yaralanıb. Məlumatı Ukraynanın fövqəladə xidmətləri yayıb.

Kiyev ətrafına cəmlənirlər

Baş Qərargah Rusiya əsgərlərinin Kiyev ətrafına cəmləşməyə cəhd göstərdiyini qeyd edir.

Jurnalistlərə anonimlik şərtilə açıqlama verən ABŞ müdafiə rəsmisinin dediyinə görə, Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyindədirlər, ölkənin digər yerlərində də az irəliləyiş ediblər.

ABŞ Prezident Co Bayden isə Vaşinqtonda deyib ki, Putin “hakimiyyətdə qala bilməz” sözlərinə görə “üzr istəmir”. Bayden bu sözləri martın 26-da Varşavada çıxışının sonunda deyib. Bu sözlər rejim dəyişikliyinə çağırış kimi yozulub.

Baydenin sözlərinə görə, dedikləri yeni siyasətin deyil, “mənəvi qəzəbi”n ifadəsi idi. O, “dünyanı ‘Aman tanrım, bu adam neynir?’ deməyə məcbur edən” davranışa reaksiya verdiyini sözlərinə əlavə edib.

XS
SM
MD
LG