Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

NATO Gürcüstana da dəstəyi gücləndirəcək


ABŞ, Avropa və Ukrayna rəsmiləri CNN-ə deyiblər ki, Rusiyanın Ukrayna ilə danışıqlarda xoş niyyəyinə inanmırlar. Onların fikrincə, Putin Zelenskini devirmək planlarından əl çəkməyib

ABŞ dövlət katibi Entoni Blinken aprelin 7-də bildirib ki, Vaşinqtonu Rusiyaya qarşı döyüşən Ukraynaya daha çox silah göndərməkdən heç bir qüvvə saxlaya bilməz.

NATO-nun Brüsseldəki qərargahında keçirilən nazirlər müşavirəsində Blinken deyib ki, ABŞ hazırda Ukraynaya daha hansı yeni silahların göndəriləcəyini nəzərdən keçirir.

O bəyan edib ki, hazırda Ukraynanın yanında olmaq qətiyyəti hər zaman olduğundan daha güclüdür.

Blinken bunu da bildirib ki, Ukrayna ilə hər hansı mənalı diplomatik təmaslarda olub-olmamaq Rusiyanın öz seçimidir.

Dövlət katibi deyib ki, Buça şəhərində baş vermiş qətliam sülh danışıqlarının başlıca faktoru deyil, amma Rusiya qüvvələrinin Ukraynanın başqa yerlərində də “vəhşiliklər” törətdiyi ehtimal olunur:

"Buçadan başqa Rusiyanın işğalında olan və hələ də onun işğalında qalan çox şəhərlər var və biz ehtimal edirik ki, Rusiya əsgərləri hazırda daha çox vəhşiliklər törətməklə məşğuldurlar”.

Putini yerində oturtmağın ən yaxşı yolu

Ukraynanın xarici işlər naziri aprelin 7-də NATO-ya müraciətlə bildirmişdi ki, Rusiyanın öz qüvvələrini ölkənin cənub-şərqində yenidən qruplaşdırdığı bir vaxtda Kiyevin daha çox silaha ehtiyacı var.

Kuleba deyib ki, Putini yerində oturtmağın və Rusiya ordusunu məğlub etməyin ən yaxşı yolu onun ölkəsinin bütün lazımi silahlarla təchiz edilməsidir.

Ukrayna naziri bildirib ki, o NATO ölkələrindən daha çox silah göndəriləcəyini gözləyir, lakin əsas məsələ bunun mümkün qədər tez baş verməsidir:

“Məsələ silah siyahısında deyil, bu silahların çatdırılması üçün vaxt cədvəlindədir”.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, müttəfiqlər Buçada törədilmiş vəhşiliklərin fotolarını gördükdən sonra Ukraynaya dəstək verilməsində daha qətiyyətlidirlər.

NATO-nun rəsmi saytında dərc olunmuş məlumatda habelə deyilir ki, alyans nazirləri Rusiya təcavüzü təhlükəsində olan başqa partnyorların, o cümlədən Gürcüstan və Bosniya-Herseqovinanın müqavimətinin artırılması barədə razılığa gəliblər.

Xəbər verilir ki, NATO nazirlərinin iclasına Ukrayna, Gürcüstan, Finlandiya, İsveç və Avropa İttifaqından olan həmkarlar da qatılmışdılar.

Nazirlər razılığa gəliblər ki, NATO-nun yeni Strateji Konsepsiyası iyun ayında keçiriləcək sammitdə yekunlaşdırılsın.

Kiyevə təkrar hücum ola bilərmi

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian Rusiya səfirinin Buçadakı qırğını saxta adlandıran “ədəbsiz” tvitlə bağlı çağrıldığını bildirib. Nazir bu haqda aprelin 7-də tvitində yazıb.

Yerli rəsmilər Rusiya qüvvələrinin təkcə Buçada 300-dən çox adamı öldürdüyünü, onlardan təxminən 50-nin edam olunduğunu deyirlər. Moskva isə ittihamları rədd edir.

G7 kimi tanınan Böyük Yeddilik də Rusiyanın Buçada və Ukraynanın digər yerlərində törətdiyi “vəhşilikləri” “ən sərt şəkildə” pisləyib.

“Dinc sakinlərin öldürülməsinin, işgəncə qurbanlarının, açıq-aşkar edamların ağıldan çıxmayan görüntüləri, eləcə də seksual zorakılıq, mülki infrastrukturun dağıdılması haqda məlumatlar Rusiyanın Ukraynaya və onun xalqına qarşı qəddar təcavüzünün əsl sifətini göstərir”, – G7-nin xarici işlər nazirləri aprelin 7-də birgə bəyanatda deyiblər.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu G7 bəyanatında bildirir ki, Ukraynaya Moskvanın səbəbsiz işğalına qarşı müdafiə olunmasına əlavə yardım göstərməyə, o cümlədən hərbi avadanlıq və maliyyə ayırmağa hazırdır.

***

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba NATO üzvlərini Kiyevi Rusiya qüvvələri ilə döyüşdə lazım olan bütün silahlarla təchiz etməyə çağırıb. Aprelin 7-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı səbəbsiz müharibəsinin yeddinci həftəsi başlanıb.

“Mənim gündəmim çox sadədir. Onda cəmi üç məsələ var. Silahlar, silahlar və silahlar”, – Kuleba NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə deyib.

O, NATO müttəfiqlərindən əlavə təyyarələr, havadan müdafiə sistemləri, raketlər, zirehli maşınlar istəyib.

Kulebanın sözlərinə görə, Ukrayna Qərbdən Rusiyaya neft və qaz embarqosu tələblərində israr edəcək.

“Təslim olmayacağıq”

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecəki çıxışında xəbərdarlıq edib ki, Rusiya ordusu şərqə yeni hücuma hazırlaşır. Kreml daha öncə Ukraynanın sənaye mərkəzi Donbası “azad etmək” məqsədini bəyan edib. Zelenski Ukraynanın da döyüşə hazırlaşdığını deyir.

“Döyüşəcək, geri çəkilməyəcəyik. Rusiya ciddi şəkildə sülh istəyənəcən biz özümüzü müdafiə etməyin bütün mümkün yollarını axtaracağıq. Bu bizim torpağımız, bizim gələcəyimizdir. Təslim olmayacağıq”, – Zelenski söyləyib.

Rusiyanın altı həftədən çox davam edən işğalı 4 milyon insanın xaricə qaçmasına səbəb olub. Minlərlə insan öldürülüb, yaxud yaralanıb, əhalinin 25 faizi evsiz qalıb, şəhərlər xarabalığa çevrilib. Qərb isə Rusiya elitası və iqtisadiyyatına sanksiyalar tətbiq edib.

Ukrayna hakimiyyəti Donbasda yaşayanları dərhal çıxmağa çağırıb.

“Adamlar bundan sonra atəşə tutulacaq. Biz onlara kömək edə bilməyəcəyik”, – Baş nazirin müavini İrina Vereşçuk vurğulayıb.

Kiyevə yenidən hücum ehtimalı

ABŞ-ın adının çəkilməsini istəməyən müdafiə rəsmisi deyib ki, Rusiya Kiyev və Çerniqov yaxınlığında təxminən 25 min əsgərinin hamısını çıxarıb, onları təchizatlanmaq, yenidən təşkil olunmaq, ola bilsin şərqə döyüşə qayıtmaq üçün Belarusa, ya da Rusiyaya göndərib.

Daha bir anonimlik şərtilə danışan Qərb rəsmisinin dediyinə görə, Rusiyanın döyüşdən çıxmış qüvvələrinin Ukraynanın şərqinə böyük hücuma hazırlaşması bir ayadək çəkə bilər.

ABŞ, Avropa və Ukrayna rəsmiləri CNN-ə deyiblər ki, Rusiyanın Ukrayna ilə danışıqlarda xoş niyyəyinə inanmırlar. Onların fikrincə, Putin Zelenskini devirmək planlarından əl çəkməyib.

Aparıcı müdafiə rəsmisi isə Putinin uzunmüddətli hədəflərinin aydın olmadığını söyləyib. ABŞ və müttəfiqləri Putinin Donbasdakı hədəflərini tamamlayandan sonra Kiyev regionuna yenidən hücum edəcəyi ehtimalına hazırlaşırlar, bunu etməyə yetərincə qüvvə və texnikasının qaldığı güman edilir. Bunu CNN-ə ABŞ və Avropa rəsmiləri deyib.

BMT-də gözlənən müzakirə, sanksiyalar

Aprelin 7-də BMT-nin Baş Assambleyası Rusiyanın qurumun İnsan Haqları Şurasından çıxarılmasını səsə qoyacaq.

Kiyev ətrafında törədildiyi bildirilən qətllərə cavab olaraq ABŞ aprelin 6-da Putinin iki qızına sanksiyalar açıqlayıb, Rusiya banklarına qarşı məhdudiyyətləri sərtləşdirdiyini bildirib.

Britaniya Rusiyaya investisiyanı yasaqlayıb, ilin sonunadək Rusiya kömürü və neftindən asılılığa son qoyacağını bildirib.

ABŞ Senatı aprelin 7-də Rusiyayla normal ticarət münasibətlərinə son qoyacaq qanunvericiliyin müzakirəsinə başlamağı planlaşdırır. Bu halda Co Bayden administrasiyası Rusiyadan bəzi idxal məhsullarına daha yüksək tarif tətbiq edə bilər.

XS
SM
MD
LG