Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:47

Türkmənistanda çox çörək alanları həbs edəcəklər


Aşqabadda çörək gözləyənlər
Aşqabadda çörək gözləyənlər

Dünyanın ən zəngin neft yataqlarının dördüncüsünə sahib olan ölkədə korrupsiya və hökumət səriştəsizliyinə görə yoxsulluq baş alıb gedir

Türkmənistanda onlara verilmiş kartlardakı normadan artıq çörək alanları həbs edəcəklər.

AzadlıqRadiosunun bu ölkədəki müxbirləri deyirlər ki, polis artıq Aşqabadda və başqa şəhərlərdə ərzaq mağazalarındakı növbələri nəzarətə götürüb.

Polis bu növbələrin şəkillərini çəkir və normadan artıq çörək alanları müəyyənləşdirir.

Türkmənistan hökuməti bildirib ki, kartlarındakı normadan artıq çörək alanlar 15 sutkalıq həbs oluna bilərlər.

Müşahidəçilər bildirirlər ki, Türkmənsitan hökuməti ölkənin zəngin təbii sərvətlərinə baxmayaraq tüğyan edən yoxsulluqla mübarizədə ərzaq rasionunu azaltmaq siyasəti yürüdür.

Korrupsiyadan doğan yoxsulluq

Türkmənistanda adamlar subsidiyalı qiymətlərlə çörək almaq üçün səhər saat 5-dən dövlət mağazalarında uzun növbələrdə dururlar.

Bazar və çörəkbişirmə sexlərində çörək dövlət mağazalarında olduğundan 10 dəfə bahadır.

Fevral ayında Türkmənistan polisi uşaqlar da daxil, normadan artıq çörək alanları saxlayır, amma sonra sərbəst buraxırdı.

Çörək norması regiondan regiona fərqlənir, amma orta hesabla hər ailəyə günə üç çörək düşür.

Dünyanın ən zəngin neft yataqlarının dördüncüsünə sahib olan Türkmənistanda korrupsiya və hökumət səriştəsizliyinə görə yoxsulluq baş alıb gedir.

Hazırda əhalinin böyük bir hissəsi dövlət tərəfindən ayrılmış ərzaq normalarına möhtac olub.

XS
SM
MD
LG