Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Azovstal-da azı 100 dinc sakinin qaldığı bildirilir


Odessa
Odessa

Rusiya əsgərləri mayın 9-da ilhaq olunmuş Krımdan Odessa vilayətinə dörd raket atıblar

Rusiya qüvvələri Mariupoldakı Azovstal polad zavoduna hücumu intensivləşdirib. Zavodda azı 100 dinc sakinin qaldığı bildirilir.

Baş nazirin müavini İrina Vereşçuk mayın 10-da deyib ki, Azovstalda mindən çox ukraynalı döyüşçü qalıb.

“Yüzlərlə yaralı var. Ağır yaralılar təcili evakuasiya olunmalıdır. Vəziyyət gün-gündən pisləşir”, – Vereşçuk “Frans Pres”ə deyib.

***

BMT Rusiya fevralda Ukraynaya hücuma başlayandan bu ölkədə öldürülən və yaralanan dinc sakinlərin sayının 7 mini keçdiyini deyir.

Qurumun İnsan haqları üzrə Ali Komissarının ofisi (OHCHR) bəyanatında bildirir ki, mayın 9-u səhərədək 235-i uşaq olmaqla 3 min 381 nəfər öldürülüb, 3 min 680 nəfər isə yaralanıb.

Qurum dinc sakinlər arasında itkilərə daha çox geniş ərazini vura bilən partlayıcı silahlardan istifadənin səbəb olduğunu qeyd edir. Buraya ağır artilleriya atəşi, reaktiv yaylım atəş sistemləri, raket və hava zərbələri daxildir.

OHCHR real rəqəmlərin yüksək olmasına inanır. Mariupol, İzyum və Popasna şəhərlərində çoxsaylı dinc sakin itkiləri haqda iddialar var.

***

Azovstal-dan dinc sakinlər əsasən çıxarılsa da, azı 100 dinc sakinin qaldığı bildirilir. Açıqlamanı mayın 10-da şəhər merinin köməkçisi verib.

“Ancaq bu, işğalçıların hücumlarının intensivliyini azaltmır”, – köməkçi Petro Andryuşenko Telegram-da yazıb.

Xarkov vilayət administrasiyasının başçısı Oleh Sinehubov isə mayın 10-da bildirib ki, Rusiyanın martda İzyum şəhərində dağıtdığı binanın dağıntıları altından 44 dinc sakinin meyiti çıxarılıb.

Sinehubov beşmərtəbəli binanın sakinlərlə birlikdə çökdüyünü deyib.

İzyum Ukraynanın şərqində cəbhə xəttində yerləşir.

***

Ukraynanın şərqində ağır döyüşlər getdiyi bir vaxtda Odessa Qara dəniz liman şəhəri Rusiyadan raket atəşinə tutulub. Moskva Mariupoldakı Azovstal polad zavoduna da hücumu gücləndirib.

Mayın 10-da səhər Ukraynanın şərqi Luhansk, Xarkov, Dnepr vilayətlərində hava həyəcanı eşidilib.

Britaniyanın Müdafiə Nazirliyi mayın 10-da gündəlik bülletenində bildirib ki, Rusiyanın Ukraynanın qətiyyətini düzgün qiymətləndirməməsi döyüş zonasında uğursuzluğa səbəb olub, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada hərbi paradda zəfərdən dəm vura bilməyib.

Ukraynanın müqavimətinin aşağı qiymətləndirilməsi “aşkar əməliyyat uğursuzluğu” ilə nəticələnib, nazirlik qeyd edir.

Odessaya zərbələr

Odessa Şəhər Şurasının mayın 9-da axşam bildirdiyinə görə, şəhərə atılan raketlər bir neçə binanı dağıdıb.

Ticarət mərkəzi və depoya düşən yeddi raket bir nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnib.

“Onlar Qələbə Gününü belə qeyd edirlər. Görünən odur ki, işğalçıların qalib gəldiyi yeganə şey sağlam düşüncə və insanlıqdı”, – Odessa regional hərbi administrasiyasının başçısı Maksim Marçenko deyib.

Rusiya əsgərləri mayın 9-da ilhaq olunmuş Krımdan Odessa vilayətinə dörd raket atıblar. Zərbələr Avropa Şurasının Prezidenti Şarl Mişel şəhərdə olanda endirilib. O, Ukraynanın Baş naziri Denis Şmihalla birlikdə bomba sığınacağına getməli olub.

Rusiya qüvvələri indiyədək Azov dənizi sahilindəki Mariupolun işğalını başa çatdıra bilməyiblər. Azovstal polad zavodundakı yeraltı bunkerlərdə 2 minədək ukraynalı döyüşçünün qaldığı bildirilir.

Mariupolun tam zəbti Rusiyaya 2014-cü ildə ilhaq etdiyi Krıma quru dəhlizini tamamlamaq imkanı verəcək.

XS
SM
MD
LG