Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

‘Şərlə savaşan’ dörd qadın


Viktoriya Petrova
Viktoriya Petrova

“Dözürük, təslim olmuruq. Şərlə vuruşuruq. Üfüqdə dəyişiklik görünür… Rusiya azad olacaq”

Aleksandra Skoçilenko rəssam və musiqiçi, Viktoriya Petrova menecer, Mariya Ponomarenko jurnalist, Olqa Smirnova vətəndaş cəmiyyəti fəalıdır. Bu dörd qadını birləşdirən cəhətlər də var.

Onların dördü də Rusiya Prezidenti Vladimir Putinin doğma şəhəri Sankt Peterburqdandır. Dördü də “Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmaq” ittihamı ilə mühakimə olunur, təqsirli bilinsələr, 10 il həbsə məhkum edilə bilərlər. Və dördü barədə də həbs qətimkan tədbiri seçilib, baxmayaraq ki, Ukraynadakı müharibə haqda sosial mediada postlar yerləşdirib, yaxud stiker yapışdırıblar.


207.3-cü maddə

Cinayət Məcəlləsinin 207.3-cü maddəsilə neçə rusiyalının mühakimə olunduğu dəqiq bəlli deyil. Bu maddə bircə günün içində – martın 4-də parlamentin hər iki palatası tərəfindən təsdiqlənib, Putin də onu imzalayıb. Silahlı qüvvələr barədə saxta informasiya yaymağı yasaqlayan maddədə 3 ildən 15 ilədək həbs nəzərdə tutulub.

“Agora” hüquq-müdafiə qrupu apreldə bu maddə üzrə 32 iş açıldığını bildirir. İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin mayın 3-də 35 işdən danışırdı. Rusiyada repressiyanın monitorinqini aparan OVD-Info azı 44 işin hesabatını aparıb.

Cinayət Məcəlləsindəki 207.3-cü maddə Kremlin Ukraynaya qarşı müharibəyə etiraz edənləri sıxışdırma kampaniyasında ciddi bir yeni mərhələdir.

Sankt Peterburqdan insan haqları vəkili Stanislav Seleznyov AzadlıqRadiosu-na deyib ki, prokurorlar təqsirləndirilənlərə qarşı 207.3-cü maddənin 2-ci bəndini daha tez-tez irəli sürürlər. 2-ci bənddə dövlətin “siyasi motivli” hesab etdiyi işlər üzrə daha sərt cəzalar nəzərdə tutulur.

Məcburi etiraflar

“Müstəntiqlər motivləri hakimiyyətlə bağlı istənilən tənqidi göstərən köhnə sosial media postlarıyla ‘sübut edirlər’. Onlar prokurorlardan təqsirləndirilənlər barədə həbs qətimkan tədbiri seçilməsini istəyirlər. Müstəntiqlər deyirlər ki, hamının həbsdə qalmasına ‘yuxarıdan’ göstəriş verilib”, – Seleznyov danışır.

Bundan başqa, şübhəlilər vəkilsiz dindirilir, onlara etirafları imzalamaq üçün təzyiq göstərilir. Sonradan məhkəmə bu ifadələrdən təqsirləndirilənlərə qarşı istifadə edir.

Vəkili Anastasiya Pilipenko deyir ki, Viktoriya Petrova sosial mediada fəal olsa da, ictimai fəal deyil. Amma fevralda və martda müharibəyə qarşı nümayişlərə çıxıb, iki dəfə saxlanıb.

Onun martın 23-də yerləşdiyi post diqqət çəkib, post sonradan silinib. Vəkili onun müstəntiqlərin tələbilə silindiyini güman edir. Müstəntiqlər postun skrinşotlarını vəkilə göstəriblər. Postda müharibə və Putin tənqid olunur. Ukrayna Prezidenti Volodimir Zelenski və onun köməkçisi Aleksey Arestoviçin videoları posta əlavə olunubmuş.

Müharibə haqda postlar, stikerlər

Olqa Smirnova isə Dinc Müqavimət hərəkatının üzvüdür. Mayın 5-də hərəkatın beş üzvünün evində reyd keçirilib. Onların beşi də saxlanaraq dindirilib, sonradan Smirnovadan başqa digərləri buraxılıb. Smirnova “siyasi ədavət və nifrət motivləri” ilə davranmaqda suçlanır.

Dinc Müqavimət hərəkatının VK sosial media saytındakı çət-qrupunda Rusiyadakı siyasi vəziyyət, Ukrayna müharibəsi haqda xeyli post var. Qrup hazırda bloklanıb.

“Saşa” kimi tanınan Aleksandra Skoçilenko yeni maddə ilə ilk mühakimə olunanlardandır. O, aprelin 11-də dostunun evində axtarış aparılması haqda sosial media postunu oxuyandan sonra ona köməyə gedərkən saxlanıb. Postu İstintaq Komitəsinin əməkdaşları Skoçilenkonu aldatmaq üçün yazıblarmış.

O, mağazada məhsulların qiyməti yerinə Ukraynadakı müharibəni pisləyən stikerlər yapışdırdığına görə 10 ilədək həbsə məhkum edilə bilər. Ozü stikerləri dəyişdirdiyini danmır, amma yerləşdirdiyi informasiyanın saxta olmadığını deyir.

Ukraynaya görə ağlayan jurnalist

Barnauldan jurnalist Mariya Ponomarenko isə Sankt Peterburqda uzadılmış ezamiyyətdə olarkən, aprelin 24-də saxlanıb. Barnauldakı medianın yazdığına görə, Altay İstintaq Komitəsi Ponomarenkonun həbsindən ötrü bütöv bir komanda göndərib.

Jurnalist sosial mediada Rusiyanın Ukraynanın Mariupol şəhərində teatrı bombalaması haqda post yazıbmış. Ukrayna həmin insidentdə 300-dək adamın öldürüldüyünü bildirilir.

Tanışları deyir ki, Ukraynanın işğalı Ponomarenkoya çox pis təsir edibmiş, tez-tez ağlayırmış Amma məhkəmədə hakimə deyib ki, daha ağlamır. Çünki göz yaşları həbsilə əlaqələndirilə bilər.

O, AzadlıqRadiosu-na deyib ki, özünə qarşı işin Barnauldakı rəsmilər tərəfindən quraşdırıldığına inanır, çünki doğma şəhərində korrupsiya və insan haqlarını işıqlandırırdı.

“Dözürük, təslim olmuruq. Şərlə vuruşuruq. Üfüqdə dəyişiklik görünür… Rusiya azad olacaq”, – o deyib.

“Siyasi məhbusların hamısının ümidi sizə, azadlıqda olanlaradır”, – jurnalist qeyd edir.

XS
SM
MD
LG