Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:45

Nərmin işi: 'Fikirləşirdim ki, nə olursa olsun, buradan tez uzaqlaşım...'


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov deyir ki, uşaq itkin düşən gün (21 noyabr 2019) axşam gedib bacısıgildə qaldığını təsdiqləyə biləcək şahidlər var. Onun sözlərinə görə, ertəsi gün səhər bacısının evindən çıxıb gəldiyini görən kənd sakinləri olub. O, bacısıgilin qonşuluğunda yaşayan İmran Dəmirov, Aqil Abdullayevin adlarını çəkir. Süleymanov bu haqda mayın 25-də öz məhkəməsində dindirmə zamanı danışıb.

İlkinin bacısı İlhamə Süleymanova azyaşlının sonuncu dəfə çıxdığı əmisigilin qonşuluğunda yaşayır. Hadisədən təxminən bir ay öncə ataları İbrahim Süleymanov insult keçirdiyinə və anası da yaşlı olduğuna görə qızı onun yanında qalıb, qulluq edirmiş. Əvəzində onun həyətindəki toyuq-cücəyə, evə qardaşı gedib baxıb.

"Noyabrın 22-də İlhamə Bakıya, oğlugilə getdi, doqquz-on gün orada qaldı. O müddətdə mən gecələr İlhaməgildə qalmırdım. Öz evimizdə atama qulluq edirdim. Amma axşamüstü gedib toyuq-cücəni yerinə salıb, evə baxıb gəlirdim. Səhərlər də gedib hindən çıxarırdım. Qonşular da dəfələrlə məni yolda görüblər", – Süleymanov belə deyir.

"Şirzad Əsgərov məhkəmədə başımın üstündə dayanmışdı"

Nərmini oğurlayıb öldürməsi haqda ifadəni Tovuz rayon Polis Şöbəsində dörd gün ərzində məruz qaldığı işgəncələrdən sonra verdiyini deyən Süleymanovdan soruşulub ki, bəs niyə həbs qərarı almaq üçün məhkəməyə aparılanda baş verənləri dilə gətirməyib? O, həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılanda bildirib ki, bu cinayətə heç bir aidiyyəti yoxdur, ağlasığmaz işgəncələr nəticəsində üzərinə götürməyə məcbur olub. O, həmin vaxt 15 gün keçməsinə baxmayaraq, üzərində olan xəsarət izlərini də apellyasiya məhkəməsində hakimlərə göstərib.

Süleymanov Tovuz rayon Məhkəməsində həbs qərarı veriləndə bu haqda danışmamasını belə izah edib: "Polis rəisi Şirzad Əsgərov məhkəmədə başımın üstündə dayanmışdı. Məhkəməyə gətiriləndə tanış olan bircə adam da görmədim. Anlayırdım ki, məni məhkəmədən sonra yenidən polis şöbəsinə aparacaqlar. Əvvəlkindən daha pis işgəncələr ola biləcəyini başa düşürdüm, ona görə bu haqda heç nə demədim".

Apellyasiya şikayətinə baxılanda isə Süleymanov artıq polis şöbəsindən Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. Ailəsinin tutduğu vəkillər ilk dəfə onunla apellyasiya məhkəməsində görüşüb.

Təqsirləndirilən şəxs bildirib ki, etiraf ifadəsindən sonra onu evlərində çəkiliş etməyə gətirəndə də ətrafda yaxınlarından heç kimi görməyib. Onun sözlərinə görə, əgər görsəydi, bəlkə, başına gələnləri deyərdi: "Bəlkə, deyərdim. Çünki mən bunu deyəndən sonra da məni buraxmayacaqdılar, onların əlində idim. Mən polis şöbəsində olanda ekspertiza gəldi, qorxudan işgəncə izləri olduğunu demədim. Mənə işgəncə verilən qurumda bunu necə deyəydim? Ancaq onu fikirləşirdim ki, nə olursa olsun, buradan tez uzaqlaşım...".

Kağız üzərində dörd dindirmə, reallıqda...

Cinayət işinin materiallarında Süleymanovun həmin günlərdə dörd dindirməsi var – ikisi şahid, biri şübhəli, biri isə təqsirləndirilən şəxs statusunda. O deyir ki, cəmi iki dəfə ifadə verib. Birinci dəfə 8 yanvar 2020-ci ildə şahid kimi dindiriləndə bu cinayətə aidiyyəti olmadığını deyib. Ondan sonra yanvarın 9-da dözülməz işgəncələrə məruz qaldığına görə tələb olunan ifadəni verməyə razılaşıb: "Mən iki dəfə ifadə vermişəm. O biri ifadələrdən xəbərim olmayıb. Amma gətiriblər, oxumadan imzalamışam".

Tovuz rayon Polis Şöbəsində rəis, rəis müavini də daxil, bir çoxları tərəfindən döyüldüyünü söyləyən Süleymanov əlavə edib ki, dövlət hesabına təyin olunan vəkil dindirmələrdə iştirak etməyib. Sadəcə, gəlib sənədləri imzalayıb və gedib.

Bu məhkəmə prosesində zərərçəkmişin hüquqi varisi qismində azyaşlının atası Şərif Quliyev iştirak edir. Süleymanov dindirilərkən ondan soruşulub ki, təqsirləndirilən şəxsə sualı varmı? Ata bildirib ki, Süleymanovdan soruşmaq istədiyi heç nə yoxdur.

İyunun 1-də keçiriləcək məhkəmə iclasında Süleymanovun vəkillərinin məhkəmədə dindirilməsini istədikləri şahidlər ifadə verəcək. Vəkillər deyir ki, həmin şahidlər iş üçün əhəmiyyətli olan, Süleymanovun təqsirsizliyinə dəlalət edən məsələləri açıqlayacaqlar.

Təqsirləndirilən Süleymanovun yaxınları Nərmin Quliyevanın yaxınlarının təlimatlandırıldığını, məhkəmədə buna uyğun şəkildə danışdıqlarını deyirlər.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG