Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

Sarı plomblar, metal dişlər. Rusiya iqtisadiyyatının ‘alatoran zonası’


Arxiv fotosu
Arxiv fotosu

Artıq Rusiyada smartfonlar yaxşı işləmir. Ərzaq qutularında etiketlər görünmür. Geyim fabriklərində köynəklərin qoluna tikməyə düymə tapmırlar

Kreml ölkə iqtisadiyyatının Ukraynanın işğalından dolayı Qərbin sanksiyaları qarşısında duruş gətirəcəyini deyir. Ancaq bəzi praqmatiklər bundan əmin deyillər.

AzadlıqRadiosunun müxbri Mayk Ekel bu ayın əvvəlində AvtoVAZ-ın təqdim etdiyi “Lada Granta Classic” avtomobilində təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləc sisteminin, elektron sabitlik sisteminin olmadığını yazır. GPS-i də olmayan model 26 il öncənin emissiya standartlarına uyğundur.

Bütün bunların səbəbi Rusiyaya ixracı, təchizat zəncirini pozan sanksiyalardır.

Artıq Rusiyada smartfonlar yaxşı işləmir. Ərzaq qutularında etiketlər görünmür. Geyim fabriklərində köynəklərin qoluna tikməyə düymə tapmırlar.

“Heç bir inkişaf etmiş ölkə belə eləmir”

“Rusiyaya qarşı iqtisadi blitskriq iflas edib”, – Prezident Vladimir Putin ötən həftə Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda belə deyirdi.

Rusiya siyasətçiləri əhalinin millətçilik hisslərinə toxunmaqla onların çətinliklərə sinə gərəcəyinə, müharibə bitənəcən kəmərləri sıxacağına ümid edirlər. Di gəl, bəzi praqmatiklər açıq şəkildə bunun belə olmayacağına dair xəbərdarlıq edirlər, yəni, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra üzləşdiyi Qərb sanksiyalarından sonrakı uğurunu təkrarlamaya bilər.

“Hər şeyi əvəzləmək mənasızdır, iqtisadi baxımdan praktik deyil, sadəcə mümkünsüzdür”, – Putinə sadiq, dövlətə məxsus Rostec müdafiə konqlomeratının başçısı Sergey Çemezov belə düşünür.

“Dünyada heç bir inkişaf etmiş ölkə belə eləmir. Təcrid, o cümlədən beynəlxalq təcrid, hər şeyi təkbaşına etmək cəhdi heç yerə aparıb çıxarmır”, – o, iyunun 15-də yazıb.

Lavrov İranda sanksiyalardan qorunmağın yollarını müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Brejnev erası

Rusiya üzrə təhlilçilər isə deyirlər ki, iqtisadiyyat 1991-ci ildə Sovet İttifaqının dağılmasına səbəb olan iflas həddində deyil.

“Ancaq Brejnev erasına qayıdış haqda danışırıq, yəni modernizasiya dayanır, gündəlik həyatda durğunluq başlanır, adamların seçimi azalır”, – bunu isə “Macro-Advisory” konsultasiya qrupunun təsisçisi Kris Vifer deyir. 1970-ci illərdə sovet lideri Leonid Brejnevin hakimiyyəti illərində ölkə iqtisadiyyatında durğunluq başlamışdı.

“İqtisadiyyat indi alatoran zonaya daxil olur”, – o, sözlərinə əlavə edir.

2014-cü il ilhaqından sonra Rusiya və qərb bir-birinə qarşılıqlı sanksiyalar tətbiq elədi. Ancaq məsələn, kompüter mikrosxemlərinin idxalı davam edirdi. 2015-ci ildə Rusiya hökuməti dövlət qurumlarına “Microsoft Office”dən istifadəni dayandırmaq göstərişi versə də, dörd il sonra dövlət şirkətlərinin proqramlarının 90 faizi xarici mənşəli idi.

“Onlar əsas ərzaq malları hazırlaya bilirlər, kosmosa raket göndərə bilirlər, amma orta sənayeni yarada bilməyiblər, məsələn, avtomobil istehsalını. İqtisadiyyatın ortası boşdur”, – Vifer belə deyir.

Bu il Rusiya iqtisadiyyatının 12-15 faiz kiçiləcəyinə dair proqnozlar var. Daha yumşaq proqnoz 7-9 faizdir.

Stomatologiyaya təsiri

Rusiya dental sənayesinin isə demək olar ki, tamamilə Avropa və ABŞ-dan idxaldan asılı olduğu bildirilir.

Sibirdəki Krasnoyarsk şəhərində klinika sahibi İnna dental avadanlıqdan tutmuş materiala qədər hər şeyin idxal olunduğunu deyir. Siyahıya plomb, implant, protest, diş qapağı (koronka), yapışdırıcı maddə və digər vacib materiallar daxildir. Bəzi diş həkimləri martın əvvəlində, hələ sanksiyaların çoxu işə düşməmiş ehtiyat alıb yığa biliblər. İnnanın klinikası üçün bir illik material alınıb.

O deyir ki, fevralda 1800 rubla (33 dollar) olan Amerika istehsalı Filtek materialını indi 4300 rubldan (79 dollar) aşağı qiymətə tapmaq olmur. Ancaq tələbat yenə yuxarıdır.

Pasiyentlər həkim qəbulunun 700 rubldan (13 dollar) min rubla (18 dollar) qalxdığını deyirlər.

Xüsusilə implantologiya sahəsi tamamilə idxaldan asılıdır. İmplantoloq İlya Şumakov Almaniya, İsveç və Amerika materialları ilə işləməyə üstünlük verdiyini deyir. “İstehsalçılar dövlətimizlə işləmək istəmirlər. Sənə lazım olanın heç yarısını da ala bilmirsən”, – o söyləyib.

Sovet “qarabasması”

Bu arada Çin təchizatçıları Rusiya bazarındakı boşluğu doldurmağa çalışırlar. Ancaq İnna buna axırıncı vasitə kimi əl atacağını deyir. “Qiyməti Avropa avadanlığı ilə müqayisə olunur, amma keyfiyyətinə baxarıq”, – o vurğulayır.

“Amerikanın 3M şirkəti Rusiyanı tamamilə tərk edib. İndi çinlilər onların yerini tutmağa çalışır. Çinin təklif etdiyi implantlara baxdıq. Kağız üzərində yaxşıdır, ancaq praktikada necə olacağını bilmirəm”, – Şumakov belə deyir.

O, yerli məhsullardan istifadəni sovet “qarabasması” adlandırır. “Onlardan müvəqqəti istifadə etdiyim olub. Müvəqqəti plomb üçün yaxşıdır, daimi üçün yox”, – o, sözlərinə əlavə edir.

“Rusiya implantlarından istifadəyə qayıtmaq istəmirəm. Sovet stomatologiyasını xatırlayıram. Sarı plomblar, metal dişlər yadımdadır. Yox, istəmirəm. SSRİ-yə dönməyi istəmirəm”, – bunu isə Krasnoyarsk sakini Olqa Kerimova deyir.

XS
SM
MD
LG