Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:30

Ötən il qazın ixrac dəyəri 153, bu il 655 dollar olub


İlin sonunadək "Şahdəniz" yatağından hasilat ən yüksək səviyyəyə çatacaq.
İlin sonunadək "Şahdəniz" yatağından hasilat ən yüksək səviyyəyə çatacaq.

İyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, "bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik".

Cənub Qaz Dəhlizi ilə bağlı rəsmi açıqlamada bildirilir ki, məqsəd "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsində hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracıdır. Xatırladaq ki, Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Ötən il Azərbaycan bu kəmər vasitəsi ilə Avropaya 8.2 milyard kubmetr qaz ixrac edib. Bu il həmin rəqəmin 10 milyard kubmetri ötməsi proqnozlaşdırılır.

İlin sonunadək "Şahdəniz"dən hasilat ən yüksək səviyyəyə çatacaq

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin sonuncu komponentidir.

Qaz kəməri "Şahdəniz" yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir. Azərbaycan və Avropa İttifaqı arasında imzalanan anlaşmada da ötürücülük qabiliyyətini maksimuma çatdırılması qeyd olunur. Bunun reallaşması baxımından, bu günlərdə BP şirkəti də vacib açıqlama verib. Şirkətin açıqlamasında qeyd edilir ki, ilin sonunadək "Şahdəniz" yatağından hasilat ən yüksək səviyyəyə çatacaq. Belə ki, ilin sonunadək yataqdan hasilat illik 26 milyard kubmetr təşkil edəcək. Şirkət bildirib ki, bu ən yüksək səviyyə hələ bir neçə il saxlanılacaq. Şirkət həmçinin yeni kəşfiyyat işlərinin də aparıldığını bildirib.

Azərbaycanın Avropaya daha çox qaz ixrac etmək üçün hasilatı artırmaqla yanaşı, digər bir planı alternativ enerji mənbələrinin inkişafıdır. Son dövrlər Azərbaycanda alternativ enerji ilə bağlı xarici şirkətlərlə bir neçə müqavilələr imzalanıb. Prezident İlham Əliyev də öz çıxışlarında bildirib ki, alternativ enerji mənbələri hesabına əldə edilən resursların daxili tələbata yönəldilməsi hazırda daxili istehlaka gedən təbii qaz resurslarının da ixraca yönəldilməsinə imkan yaradacaq.

Avropanın qaz asılılığı

Rəsmi rəqəmlərə görə, ötən il Avropa İttifaqının (Aİ) illik qaz istehlakı 552 milyard kubmetrə bərabər olub. İttifaq bu ehtiyacın 83 faizini idxal hesabına qarşılayıb. Yəni, Aİ-nin təbii qazdan idxal asılılığı düz 83 faizə bərabər olub. Ötən il Azərbaycanın Avropaya qaz ixracatının 8.2 milyard kub metr olduğunu nəzərə alsaq, bu o deməkdir ki, Azərbaycanın Avropanın qaz idxalındakı payı 2 faizdən az olub. Əgər tərəflər yeni imzalanan anlaşmadakı ixrac (20 milyard kubmetr) hədəfinə çata bilsələr, Azərbaycanın Avropanın qaz idxalındakı payı ən yaxşı halda 5 faizə yaxınlaşa bilər.

Qeyd edək ki, ötən ilin göstəricilərinə görə, Avropa İttifaqında ən çox təbii qaz asılılığı yaşayan ölkələr Malta, İsveç, Litva, İspaniya, Portuqaliya, Estoniya olub. Bu ölkələr təbii qaz ehtiyacının, demək olar, hamısını Aİ-dən kənar idxal hesabına qarşılayıb. Kipr, Ruminiya, Danimarka və Hollandiya isə təbii qaz asılılığının ən aşağı olduğu ölkələrdir.

Qaz gəlirləri kəskin artıb

Dünya bazarlarında təbii qaz qiymətlərinin artımı hasilatın hələ maksimuma çatmadığı səviyyədə də Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlirlərin kəskin artımına səbəb olub. Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, 2022-ci ilin ilk yarısında Azərbaycan təbii qaz ixracından 7 milyard 440 milyon dollar gəlir əldə edib. Bu, ölkənin toplam ixracının 40 faizi deməkdir. Ötən ilin ilk 6 ayında Azərbaycanın təbii qazdan əldə etdiyi gəlir cəmi 1 milyard 585 milyon dollar bərabər idi. Yəni, bu il qeydə alınan göstəricidən 4.7 dəfə az.

Azərbaycanın əldə etdiyi gəlir 5 dəfəyə yaxın artsa da, ixrac edilən təbii qazın həcmində gəlirdəki qədər ciddi dəyişiklik yoxdur. 2021-ci ilin ilk 6 ayında Azərbaycan 10 milyard 379 milyon kubmetr qaz ixrac etmişdisə, bu il həmin göstərici təxminən 1 milyard kubmetr artıb və 11 milyard 365 milyon kubmetrə çatıb. Bu o deməkdir ki, Azərbaycan qazının hər 1000 kubmetrinin orta ixrac dəyəri ötən ilin ilk 6 ayında 153 dollar idisə, 2022-ci ildə bu rəqəm 655 dollara bərabər olub.

Azərbaycanın əsas neft satdığı ölkələr hansılardır

Qaz gəlirlərinin kəskin artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının əsas gəlirləri hələ də neft satışı hesabına formalaşır. Bu ilin ilk 6 ayında Azərbaycan neft satışından 9 milyard 361 milyon dollar gəlir qazanıb. Azərbaycan neftinin əsas alıcısı ənənəvi olaraq İtaliyadır. Neft satışının təxminən 40 faizə yaxını İtaliyanın payına düşüb (3 milyard 606 milyon dollar).

Azərbaycan neftinin ikinci ən böyük alıcısı isə, ötən ilə baxanda dəyişib. Əgər 2021-ci ilin ilk 6 ayında Azərbaycan neftini İtaliyadan sonra ən çox İspaniya almışdısa, 2022-ci ildə İsrail ikinci ən böyük alıcı olub (930 milyon dollar). Azərbaycan neftinin ən böyük üçüncü alıcısı isə, ötən ildəki kimi, Hindistan olub (770 milyon dollar).

XS
SM
MD
LG