Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:44

Aİ Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlayır


Ursula von der Layen (solda) və Dimitar Kovaçevski, arxiv fotosu
Ursula von der Layen (solda) və Dimitar Kovaçevski, arxiv fotosu

Kompromis variant Şimali Makedoniya konstitusiyasında bolqar azlığın tanınmasını nəzərdə tutur

Avropa İttifaqı Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlayıb. Avropa Komissiyasının başçısı Ursula von der Leyen bu addımı “tarixi an” adlandırıb.

“Vətəndaşlarınız bunu uzun müddət gözləyiblər, buna görə çox çalışıblar, onlar buna layiqdirlər”, – von der Leyen iyulun 19-da Brüsseldə deyib. O, Albaniya və Şimali Makedoniyanın baş nazirləri Edi Rama və Dimitar Kovaçevskini təbrik edib.

“Bu tarixi an sizin uğurunuzdur. Bu, ağır işinizin nəticəsidir”, – von der Leyen ayrıca tvitində yazıb.

“@Aİ Komissiyası sizi daim dəstəkləyib. Bunu davam etdirəcəyik”, – o deyib.

Bolqarıstanın vetosu

İyulun 18-də blokun 27 üzvü iki Qərbi Balkan ölkəsi ilə üzvlük danışıqlarına başlamağa razılaşıb. Bundan öncə Şimali Makedoniya Aİ qonşusu Bolqarıstan ilə çoxdankı mübahisəsini həll edib.

Bir sıra linqvistik və tarixi məsələlərdən dolayı Bolqarıstan üzvlük danışıqlarında hər hansı proqresi bloklamışdı.

İyulun 17-də iki ölkə Sofiyada razılaşma imzalayıb. Bolqarıstanın vetosunu qaldırmaq üçün Fransanın təklif etdiyi kompromisi Şimali Makedoniya parlamenti təsdiqləyib.

2007-ci ildən Aİ üzvü olan Bolqarıstan israr edirdi ki, Şimali Makedoniya dilinin Bolqarıstan köklərini rəsmən tanısın, bolqar azlığı konstitusiyaya salsın, Bolqarıstana qarşı “nifrət çıxışı”nı aradan qaldırsın.

Kompromis

Kompromis variant Şimali Makedoniya konstitusiyasında bolqar azlığın tanınmasını nəzərdə tutur. Ancaq digər məsələləri Skopye və Sofiya öz aralarında həll etməlidirlər. Bolqarıstanın Makedoniya dilini tanıması məsələsinin də açıq qaldığı bildirilir.

Hər iki ölkədə millətçilər kompromisə qarşı çıxırlar. Onlar öz hökumətlərinin digər tərəfə həddən artıq güzəştə getdiyini deyirlər.

İki ölkənin mübahisəsi regiondakı incikləri üzə çıxarır, Aİ-də Balkanlara inamın dəyişməsi riski yaradır.

Şimali Makedoniya təxminən 20 ildir Aİ üzvlüyünə namizəddir. 2020-ci ilin martında NATO-ya üzvlükdən ötrü bu ölkə Yunanıstanla böyük ziddiyyətləri yoluna qoyub.

Albaniyaya isə Aİ-yə namizəd statusu 2014-cü ildə verilib.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan Qərbi Balkanların Aİ-yə üzvlüyünün strateji əhəmiyyəti artıb. Moskvanın regiona təsiri sarıdan qorxu yaranıb.

XS
SM
MD
LG