Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:37

İsti havada iş niyə dayandırılmır?


Bakıda 40 dərəcədən yuxarı istidə işləyənlər danışır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Bakıda 40 dərəcədən yuxarı istidə işləyənlər danışır (2018)

Azərbaycanda son günlər isti hava hökm sürür. Hətta bəzi günlərdə temperatur 41 dərəcəni keçir. Amma buna baxmayaraq açıq havada çalışanlar, xüsusən də tikinti sektorunda işləyənlərin çoxu günorta saatlarında işlərini dayandırmır, adi qaydada işlərinə davam edirlər.

Yazının müəllifi "Nizami" metrostansiyasının yaxınlığında günün qızmar saatlarında tikintidə qızmar işin getməsinə şahid olub.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Turan"a deyilir ki, əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə Selsidən çox olduqda işçilərin həyat və sağlamlığını qorumaq məqsədilə zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir: "Havanın temperaturu 41 dərəcə Selsidən çox olarsa, istər açıq havada, istərsə də sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır".

Əmək məsələləri üzrə ekspert Azər Quliyev isə AzadlıqRadiosuna bildirir ki, Əmək Məcəlləsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir: "İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir".

Müfəttişliyin fəaliyyətinə moratorium qoyulub

Onun sözlərinə görə, işəgötürən Əmək Məcəlləsinin tələblərinə əməl etmirsə, işi dayandırmırsa, bu, qanun pozuntusu deməkdir. "Dövlət Əmək Müfəttişliyi buna görə cərimə tətbiq edə bilər",- ekspert belə deyir.

Adıçəkilən qurumdansa qanunvericiliyə əməl etməyən işəgötürənlərin 500-1000 manat cərimə oluna biləcəklərini söyləyirlər.

Ancaq bu da var ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 ildir ki, prezidentin göstərişi ilə iş yerlərində yoxlama aparmaq imkanı yoxdur. Ekspert A.Quliyev deyir ki, qurum bu durumda sadəcə daxil olan şikayətləri araşdıra bilər. "Təəssüf ki, bu, bəzi hallarda ya baş vermir, ya işçilərin əleyhinə qərarlar verilir, ya da məhkəməyə müraciət etmək məsləhət görülür",- ekspert izah edir. Dövlət Əmək Müfəttişliyi Xidmətindənsə sözügedən məsələ ilə bağlı daxil olan bütün müraciətlərə baxıldığını və müvafiq qərarlar qəbul olunduğunu bildirirlər.

Ekspert başqa bir məqama da toxunur. O, əslində qanunda yalnız 41 dərəcə Selsidən yuxarı istilərdə işin dayandırılmasını yanlış sayır, hesab edir ki, qanunvericilikdə bununla bağlı dəyişiklik olunmalıdır: "Havanın temperaturu 40 dərəcədirsə, işçi açıq havada necə işləsin? O hədd aşağı salınmalıdır. Sovet vaxtında bu hədd 38 dərəcə idi, sonra onu 41 dərəcəyə qaldırdılar".

AzadlıqRadiosu bu deyilənlərə Milli Məclisin üzvlərindən münasibət öyrənə bilməyib.

XS
SM
MD
LG