Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

'O işdə Polad Bülbüloğludan qorxub cəzalandırdılar, mənimsə evimi ələ keçirirlər'


Polad Bülbüloğlu
Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün Bakıda çoxmərtəbəli binadakı evi özündən xəbərsiz, saxta müqavilə ilə başqasına satılıb. Söhbət Nərimanov rayonu, F.Bayramov küçəsi-1156 ünvanındakı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildən gedir.

Murtuza Bülbül sözügedən mənzili 2014-cü ildə alıb. Həmin mənzil 2017-ci ildə Şahin Həsənov adlı şəxs tərəfindən başqa birinə satılıb. Alqı-satqı müqaviləsi də tikinti şirkətinin – "Sahil-D Kompani" MMC-nin ofisində bağlanıb. Müqaviləyə də şirkətin icraçı direktoru Adilağa Hüseynov imza atıb. Mənzili alan şəxs bir neçə dəfə təmirə başlamaq istəsə də, icraçı direktor icazə verməyib.

3 il azadlığın məhdudlaşdırılması cəzası

Sonradan ortaya çıxıb ki, həmin mənzil Murtuza Bülbülün imiş. Araşdırmalardan sonra şirkətin icraçı direktoru cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işinin materiallarına əsasən, icraçı direktor Adilağa Hüseynov şirkət adından 2008-ci ilə aid saxta müqavilə tərtib edib, onu möhürləyib. Guya Şahin Həsənov sözügedən mənzili 2008-ci ildə alıb. Sənəddə Həsənova mənzili satan şəxs kimi şirkətin keçmiş icraçı direktoru, 2015-ci ildə vəfat etmiş Məzahir Cəfərovun adı yazılıb. Vəfat etmiş şəxsin adının qarşısından başqa bir adama imza atdırılıb. Sonra da həmin mənzili Hümbət Abbasov adlı şəxsə satıblar.

İcraçı direktor Adilağa Hüseynov bu işə görə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlu bilinərək məhkum edilib. Nərimanov rayon Məhkəməsinin hökmü ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Həmin icraçı direktor indi başqa bir mənzili də sahibindən gizli saxta sənədlərlə satmaqda suçlanır. Bu dəfə söhbət Xan Şuşinski küçəsi-955 ünvanındakı yaşayış binasının 10-cu mərtəbəsindəki 4-otaqlı mənzildən gedir.

"Bu mənzil onların idisə, bu illər ərzində harada idilər?"

Aygül Bayramova deyir ki, 2016-cı ilin noyabrında müqavilə bağlayaraq həmin mənzili alıb. Mənzili daşınmaz əmlak alqı-satqısıyla məşğul olan makler vasitəsilə tapdığını deyən Bayramovanın sözlərinə görə, razılaşdırılan məbləğin bir hissəsini nağd verib, qalanını da aylıq ödəyib. Mənzili təmir etdirməyə maddi baxımdan hazır olmadığına görə qərar verib ki, ödənişi tam bitirəndən sonra təmirə başlasın.

"Amma əlimə pul düşdükcə tikinti materialları alıb aparıb mənzilə yığırdım. Gedib-gəlirdim. Hətta eyni mərtəbədə yaşayan qonşular da məni görürdü. Üstündən illər keçəndən sonra Elşad Rəhimov adlı şəxs ortaya çıxıb ki, guya bu mənzil 2007-ci ildə onun mərhum atası Əziz Rəhimova satılıb. Bu mənzil onların idisə, bu illər ərzində harada idilər? Yenə də ölmüş adamın adından istifadə edirlər", – Bayramova belə deyir.

"Mənim isə adamım yoxdur deyə..."

O hesab edir ki, Adilağa Hüseynov bir sıra başqa işlərdə olduğu kimi, bu işdə də əvvəlki tarixlə müqavilə tərtib edib onun mənzilini ələ keçirməyə çalışır. Onun sözlərinə görə, qarşı tərəfin məhkəməyə təqdim etdiyi və 2007-ci ildə bağlandığı iddia olunan müqavilədə imza yoxdur. Hissə-hissə pul ödənilməsi haqda qəbzlərin hamısında eyni adamın xətti olsa da, imzalar fərqlidir. Qəbzlərdəki toplam məbləğlı müqavilədəki məbləğ arasında böyük fərq var. Ancaq, dediyinə görə, bütün bunları Binəqədi rayon Məhkəməsində hakim Fuad Abdiyevin nəzərinə çatdırsalar da, xeyri olmayıb, hansısa səbəbdən saxtakarlığa göz yumulub: "Görünür, Polad Bülbüloğlunun oğlu olduğuna görə o işdə qorxub, ədalətli qərar çıxarıblar. Hökmdə də yazılıb ki, Murtuza Bülbülün evinə ziyan dəyməyib, evi satdıqları adam mənzildə nəyisə dəyişməyib. Buna baxmayaraq, o işdə Adilağa Hüseynovu cinayət məsuliyyətinə cəlb elədilər. Mənim isə adamım yoxdur deyə, illərlə pul toplayıb aldığım mənzili ələ keçirirlər. O mənzil mənim, təkbaşına böyütdüyüm uşaqlarımın ümid yeridir...".

Bu ittihama Binəqədi rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Özünü təqsirli bilmir

69-yaşlı Adilağa Hüseynov səfirin oğlunun mənzili məsələsində məhkum olunsa da, özünü təqsirli bilməyib. Deyib ki, Şahin Həsənovun adına əvvəlki tarixlə müqavilə tərtib olunmasından xəbəri yoxdur. Amma həmin işdə mənzili alan adama dəymiş ziyanı şirkət və Hüseynov ödəyib.

O, Bayramovanın ittihamlarıyla da razılaşmayıb. Deyib ki, bir neçə il əvvəl Elşad Rəhimov atasının adına olan müqavilə ilə şirkətə yaxınlaşıb. Ona mənzilin dəyərinin atası tərəfindən tam ödənilməsi haqda arayış verilib, kooperativin üzvlüyünə qəbul edilib.

Hüseynov əlavə edib ki, həmin mənzilin satışı barədə saytda elan verilməsindən xəbəri olmayıb.

Bayramovanın şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

XS
SM
MD
LG