Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:58

Zelenski ruslara: ‘Evinizə gedin’


Ukraynada Rusiya əsgəri
Ukraynada Rusiya əsgəri

Avqustun 29-da jurnalistlərə anonim açıqlama verən rəsmi qeyd edib ki, Kremlin orduya əsgər cəlb edən mütəxəssisləri çox vaxt onları həbsxanalarda axtarırlar

Ukrayna prezident idarəsi avqustun 30-da Xerson vilayətinin “demək olar, bütün ərazisində” “ağır döyüş” getdiyini bildirib.

“Xerson vilayətində bütün gün və gecə güclü partlayışlar davam edib”, – idarə səhər bülletenində qeyd edib.

Britaniyanın Müdafiə Nazirliyi isə avqustun 30-da bildirib ki, “Ukraynanın irəliləyişinin miqyasını təsdiqlətmək hələlik mümkün olmasa da”, ordu “Ukraynanın cənubunda cəbhə xətti sektorlarında artilleriya atəşini” gücləndirib.

Ukrayna ordusunun “Rusiyanın yenidən təchizat xətlərini pozmaq üçün uzaqmənzilli dəqiq zərbələr” endirdiyi vurğulanır.

***

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı əsgərləri ölkənin cənubundakı Xerson şəhərini Rusiya qüvvələrindən təmizləmək əməliyyatından qaçmağa çağırıb.

Avqustun 29-da gecə çıxışında Zelenski deyib ki, Ukrayna ordusu öz ərazisini geri alır və Rusiya əsgərlərini “sərhədəcən” qovacaq.

“Sağ qalmaq istəyirlərsə, Rusiya ordusu üçün qaçmaq vaxtıdır. Evinizə gedin”, – prezident vurğulayıb.

“Ukrayna özünə aid olanı geri alır”, – Zelenski vurğulayıb.

Prezidentin müşaviri Oleksey Arestoviç isə daha öncə videomüraciətində deyib ki, Ukrayna Rusiya qüvvələrinin təchizat üçün istifadə etdiyi bərələri vurur.

Rusiya şərqdə qüvvələrini azaldıb

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbinin sözlərinə görə, Ukraynanın addımı artıq Rusiyanın hərbi gücünə təsir göstərir, çünki onları qüvvələrinin mövqeyini dəyişməyə, şərqdə bəzi bölmələri azaltmağa vadar edib.

“Ukraynalıların cənubda hücuma keçə biləcəyi xəbərləri rusiyalıları şərqdən qüvvələrini çıxarmağa vadar edib”, – Körbi avqustun 29-da jurnalistlərə deyib.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın hücuma keçdiyini təsdiqləyib, ancaq iflas etdiyini bildirib. Bu iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Ukraynanın nəzarətində olan Nikolayev liman şəhərini Rusiyanın atəşə tutması nəticəsində azı iki nəfər öldürülüb, 24 nəfər yaralanıb, evlər dağıdılıb. Məlumatı şəhər rəsmiləri və şahidlər verib.

Avropa İttifaqının müdafiə nazirləri avqustun 30-da Praqada bir araya gələrək Ukrayna əsgərləri üçün hərbi təlim proqramı qurmağı müzakirə edəcəklər.

Pentaqon rəsmisinin açıqlaması

Rusiya Ukraynada vuruşmağa əsgər tapmaqda çətinlik çəkir, müharibəyə cəlb olunanların çoxu yaşlıdır, pis formadadır, az təlim alır. Bunu ABŞ-ın aparıcı müdafiə rəsmisi deyib.

Avqustun 29-da jurnalistlərə anonim açıqlama verən rəsmi qeyd edib ki, Kremlin orduya əsgər cəlb edən mütəxəssisləri çox vaxt onları həbsxanalarda axtarırlar.

Rusiya Prezidenti Vladimir Putin avqustun 25-də ordunun sayının 10 faiz, yəni 1.15 milyon hərbçi artırılması haqda fərman imzalayıb. Prosesə gələn ilin yanvarından başlanacaq.

ABŞ rəsmisi Ukraynada altı aydır gedən müharibədə Rusiyanın xeyli hərbçi itirdiyini bildirib. Onun sözlərinə görə, Pentaqon inanır ki, yeni əsgər cəlb etmək cəhdləri “alınmayacaq, çünki Rusiya tarixən heyət və qüvvə hədəflərini yerinə yetirməyib”.

“Rusiya artıq orduya qüvvə toplamaq cəhdlərini genişləndirməyə başlayıb. Bunu qismən yeni gələnlər üçün yuxarı yaş həddini ləğv etməklə, qismən məhbusları cəlb etməklə edirlər. Orduya cəlb edilənlərin çoxu yaşlıdır, yararsızdır, pis təlim görüb”, – rəsmi vurğulayıb.

Bu ayın əvvəlində ABŞ Müdafiə nazirinin müavini Kolin Kahl deyirdi ki, fevralın 24-də başlanan işğalda 70 min- 80 min rusiyalı ya öldürülüb, ya da yaralanıb.

XS
SM
MD
LG