Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

BMT-nin nüvə müfəttişləri Zaporojye AES-ə gedir


Zaporojye AES
Zaporojye AES

BMT müfəttişlərinin Zaporojye AES-ə sabah – sentyabrın 1-də çatacağı, orada bir gündən səkkiz günə qədər qala biləcəyi bildirilir. Məlumatı AES-in yerləşdiyi Enerhodar şəhərinə Rusiyanın təyin etdiyi məmurlar açıqlayıb.

Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrel AES ətrafındakı ərazinin tamamilə hərbsizləşdirilməsi üçün Rusiyaya bir daha çağırış edib.

“Oyun oynayırlar. Nüvə təhlükəsizliyi ilə risk edirlər. Belə bir obyekt yaxınlığında müharibə oyunu oynaya bilmərik”, – Borrel Praqada jurnalistlərə deyib.

Rusiya və Ukrayna qüvvələri bir-birini zavodu atəşə tutmaqda ittiham edir.

***

Avqustun 31-də BMT-nin bir qrup nüvə müfəttişi Ukraynanın müharibə gedən cənubunda yerləşən Zaporojye AES-yə yola düşüb. Bu arada obyektdə mümkün nüvə qəzası sarıdan beynəlxalq narahatlıq artmaqdadır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi ümidini bildirib ki, Avropanın ən böyük nüvə stansiyasının monitorinqini aparmaq üçün Ukraynada daimi missiya qurulacaq.

“Bunlar çox mürəkkəb əməliyyatlardır. Müharibə zonasına gedirik. İşğal olunmuş əraziyə gedirik. Bütün bunlar üçün təkcə rusiyalılardan deyil, Ukrayna Respublikasından da dəqiq zəmanətlər tələb olunur”, – Qrossi Ukrayna paytaxtından yola düşərkən deyib.

Missiyanın zəmanət alınandan sonra yola düşdüyünü deyən Qrossi BAEA-nın zavodda bir neçə gün keçirəcəyini söyləyib.

Ən prioritet məsələ

Ukrayna Prezidenti Volodimir Zelenski təftişi “bu gün Ukrayna və dünyanın təhlükəsizliyi ilə bağlı bəlkə də ən prioritet məsələlərdən biri” adlandırıb.

Zelenski bir daha vurğulayıb ki, Kiyev və beynəlxalq ictimaiyyət Rusiyanın altı aydır davam edən işğalın əvvəlində ələ keçirdiyi zavodun “dərhal hərbsizləşdirilməsi”nə çağırır.

O, sovet dövrü AES-in “Ukraynanın tam nəzarəti”nə qaytarılmalı olduğunu vurğulayıb.

Avqustun 30-da Qrossi ilə görüşən Zelenski “Rusiyanın hərəkətləri səbəbindən nüvə fəlakəti riskinin bircə saat belə azalmadığını” vurğulayıb.

Rusiyaya ittiham

Moskvanın Zaporojye vilayətinə başçı təyin etdiyi Yevgeni Balitski Interfax-a deyib ki, BAEA müfəttişləri “stansiyanın işiylə bir günə tanış olmalıdır”.

Stansiyanın reaktorlarına yaxın ərazilərdə atışmalar, silah altında işləyən, yorğun ukraynalı işçilər, stansiyanın şəbəkədən ayrılması AES-də Çernobıla bənzər fəlakətin mümkünlüyü sarıdan qorxuları gücləndirib.

Ukrayna avqustun 30-da Rusiyanı BAEA rəsmilərinin zavoda gedəcəyi dəhlizi atəşə tutmaqda ittiham edib, məqsədin onların Rusiyanın ilhaq etdiyi Krım ərazisindən getməsinə nail olmaq olduğunu deyib. Rusiya isə bu ittihama cavab verməyib.

BAEA ekspertləri stansiyaya dəyən maddi ziyanı, təhlükəsizlik sistemlərinin işləkliyini, iş şəraitini dəyərləndirəcək.

XS
SM
MD
LG